Postpandemiya dövründə ölkə turizminin əsas hədəfləri müəyyən edilib
Digər xəbərlər

Postpandemiya dövründə ölkə turizminin əsas hədəfləri müəyyən edilib

"Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası pandemiyadan sonra  turizm sektorunun bərpasına yeni nəfəs verəcək".

Bu fikirləri  Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev avqustun 4-də "Postpandemiya dövründə Azərbaycan turizmi" mövzusunda baş tutan konfransda çıxışı zamanı deyib. Agentliyin mətbuat xidmətinin məlumatında bildirilir ki, sədr strategiyanın icrasının ölkədə yeni turizm və rekreasiya zonaları yaradılmasına, daxili və gəlmə turizmdə mövsümiliyin aradan qaldırılmasına və bu sahənin davamlı inkişafına dəstək olacağını qeyd edib.

Turizm sənayesi nümayəndələrinin ötən dövr ərzində səmərəli fəaliyyət göstərdiklərini və turizmin inkişafı istiqamətində görülən işlərdə yaxından iştirak etdiklərini qeyd edən Fuad Nağıyev turagentlikləri Azərbaycanı yenidən əcnəbi qonaqlar üçün seçilən turizm destinasiyasına çevirmək üçün aktiv fəaliyyət göstərməyə çağırıb.

Tədbir çərçivəsində ölkəyə səfər edən əcnəbilərin gəlmə statistikasını izləmək üçün  Agentliyin rəsmi internet səhifəsində yerləşdirilən interaktiv panel bölməsinin təqdimatı keçirilib. DTA-nın Turizm siyasəti və strategiyası şöbəsinin Statistika və araşdırmalar sektorunun müdiri Nicat Abbaslı toplantı iştirakçılarına ölkəyə səfər edən əcnəbi vətəndaşların sayı, cari ildəki vəziyyəti, ötən il və pandemiyadan əvvəlki dövr ilə müqayisəsini interaktiv paneldə nümayiş etdirib, informasiyaların tezliyi və əlçatanlığı haqqında ətraflı məlumat verib.

Toplantının ikinci hissəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının II Baş Assambleyası keçirilib. Assambleya çərçivəsində Göydəniz Qəhrəmanov Assosiasiyanın yeni İdarə Heyətinin sədri seçilib.

Bəybala BƏYBALAYEV,

"Respublika".