Poyluda sərhədçi-gizirin xatirə abidəsi
Region

Poyluda sərhədçi-gizirin xatirə abidəsi

Respublikamızın hər yerində olduğu kimi, Ağstafa rayonunda da Vətən müharibəsi şəhidlərinin Anım Günü ərəfəsində silsilə tədbirlər keçirilib. Rayonun Poylu kəndindən olan Vətən müharibəsi şəhidimiz, sərhədçi-gizir Məhəmmədəli Bayram oğlu Ələkbərovun xatirəsinə abidə-bulaq kompleksinin açılışı olub, şəhidimizin əziz xatirəsi ehtiramla anılıb.

Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, şəhidin doğmaları, rayonun hüquq-mühafizə orqanlarının rəhbələri, DSX-nin bir qrup hərbi qulluqçusu, eləcə də ictimaiyyətin və KİV-in nümayəndələri iştirak ediblər.

Qeyd olunub ki, Məhəmmədəli Ələkbərov 1990-cı ilin oktyabrın 15-də Poylu kəndində anadan olub. 2014-cü ildə Dövlət Sərhəd Xidmətində hərbi xidmətə qəbul olunan Məhəmmədəli xidməti fəaliyyəti müddətində çalışqanlığı, intizamı ilə seçilib, qazandığı bilik və bacarıqlarını Vətən müharibəsinin ilk günündən döyüş meydanında məharətlə nümayiş etdirib. Zəngilan şəhərinin azad olunması uğrunda əməliyyatlarda düşmən postlarının ələ keçirilməsində xüsusilə fərqlənib və düşmənin əks-hücumunun qarşısını alarkən 2020-ci ilin oktyabrın 21-də şəhidlik zirvəsinə ucalıb. M.Ələkbərovun valideynləri ölkəmizdə şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısına və şəhidlərimizin xatirələrinin əbədiləşdirilməsinə görə Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Məhəmmədəli Ələkbərov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Ailəli olan şəhidimizin özündən sonra iki qız övladı bizlərə yadigar qalıb.

Vəli VƏLİYEV,

“Respublika”.