Pozulmuş hüquqların bərpasında mühüm addım
Digər xəbərlər

Pozulmuş hüquqların bərpasında mühüm addım

ATƏT-in Parlament Assambleyasının ötən həftə Vyanada keçirilən qış sessiyasında Qərbi Azərbaycan İcması üzvlərinin pozulmuş hüquqlarının bərpası məsələsi qaldırılıb.

İclasda Ermənistanın təcavüzü nəticəsində yüz minlərlə sakinin doğma yurd-yuvalarından qovulduğu, onların təməl hüquq və azadlıqlarının kobud şəkildə pozulduğu, sözügedən insanların öz torpaqlarına geri dönə bilmədikləri xüsusilə qeyd olunub. 4000 nəfər itkin düşmüş azərbaycanlı haqqında hələ də heç bir xəbərin olmaması, Azərbaycana məxsus tarixi və mədəni irsin dağıdılması və Ermənistanın törətdiyi digər cinayətlər haqqında məlumatlar Azərbaycan nümayəndələri tərəfindən parlamentarilərin diqqətinə çatdırılıb. 

Ümumiyyətlə, son dövrdə Qərbi Azərbaycan İcmasının hüquqlarının bərpa edilməsi məsələsi tez-tez beynəlxalq tədbirlərdə gündəmə gətirilir. Bu isə birbaşa olaraq Qərbi Azərbaycan İcmasının təsis edilməsi ilə bağlıdır. Bu platforma Azərbaycan xalqının öz tarixi dədə-baba torpaqlarına qayıdışı üçün yol xəritəsi rolunu oynayır.

Ötən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışında iştirak edən Prezident İlham Əliyev icmanın qarşısına müəyyən öhdəliklər qoymuşdur. Öhdəliklərdən biri də Qayıdış Konsepsiyasının tezliklə qəbul olunması idi ki, məlum sənəd yanvarın 26-da Müşahidə Şurası tərəfindən qəbul olunub. İndi qarşıdakı əsas prioritet tədbirlər planının hazırlanmasıdır. Bu məqsədlə rayonlarda, xarici ölkələrdə icmanın strukturlarının formalaşması istiqamətində işlər gedir.

Qayıdış Konsepsiyasında ermənilərin viran edib, dağıtdıqları azərbaycanlılara məxsus evləri bərpa etməli olduqlarına dair müddəalar öz əksini tapıb. Yaxın dövrdə bununla bağlı beynəlxalq məhkəmələrə müraciət olunması da istisna edilmir. Çünki qayıdışımızla bağlı ölkə başçısı çox açıq şəkildə bildirdi ki, hədəfimiz indiki Ermənistanda doğulan, yaxud İrəvan kökənli insanların o yerlərə qayıtması ilə bağlıdır. Bu baxımdan, beynəlxalq ictimaiyyətə edilən müraciətlər hədəfə çatmaq üçün yeganə yol kimi dəyərləndirilir.

Ermənilər bu gün necə Azərbaycan torpaqlarında, müstəqil Azərbaycan vətəndaşlarının yaşadığı parametrlərlə yaşamaq istəyirlərsə, Qərbi Azərbaycandan olan vətəndaşlarımız da Ermənistanda bu şərtlər altında yaşaya bilərlər.

Qərbi Azərbaycana qayıdışla bağlı məsələyə inam ölkə başçısının nitqində də aydın şəkildə sezilirdi. Cənab Prezident dedi ki, həlli mümkün olmayan məsələni dilimə gətirmirəm və mən düşünürəm ki, bu qayıdışın həlli mümkündür. Və yaxın müddətdə buna nail olacağıq. Yetər ki, Azərbaycan xalqının milli birliyi təmin olunsun.

Jalə QASIMZADƏ,

"Respublika".