Praqa: Azərbaycan diplomatiyasının növbəti zəfəri
Siyasət

Praqa: Azərbaycan diplomatiyasının növbəti zəfəri

Bu gün müstəqil Azərbaycanı güclü edən, onu sabitlik məkanına çevirən əsas amil Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən Heydər Əliyev ideyalarına olan sonsuz sədaqətidir. Və bu gün cənab İlham Əliyev ulu öndərimizin "xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır" fikirlərini reallığa çevirərək xalqımızın 30 illik torpaq həsrətinə 44 gündə son qoydu. Dövlət başçımızın söylədiyi kimi: "30 ilin əziyyəti, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq və sonunda Zəfər bizim oldu".

Bütün bu uğurlarda, məhz ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli addımı, mövqeyi və yürütdüyü "Dəmir yumruq" siyasəti dayanır. Məhz Azərbaycan Prezidenti İlham Əliyevin hər səfəri, o cümlədən Praqaya növbəti səfəri də kifayət qədər uğurlu oldu. Həm Azərbaycan-Avropa İttifaqı münasibətləri, həm də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi kontekstində dövlətimizin başçısının keçirdiyi görüşlər, aparılan müzakirələr bir daha təsdiqlədi ki, ölkəmizin beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə güclənməkdədir. Praqada keçirilən görüşdə diqqət mərkəzində olan əsas məsələ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı aparılan danışıqlar oldu. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında iki dəfə keçirilən görüşlərin nəticəsi olaraq bəyanat qəbul olundu.

Bəyanatda deyilir ki, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir. Ermənistan Azərbaycanla sərhədə Avropa İttifaqının mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan isə bu komissiya ilə əməkdaşlıq edərək missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq. Bir sözlə, bu görüş regionda sülhün və əməkdaşlığın təmin olunması istiqamətində növbəti addımdır.

Prezident İlham Əliyev regionda yeni reallıqların müəllifidir və postmünaqişə mərhələsinin ümumi geosiyasi ab-havasının yenilənməsində əsas söz sahibidir. Həmçinin, Azərbaycan hər bir görüşdə müsbət məzmunlu sənədlərin qəbul edilməsində fəallıq göstərərək regional əməkdaşlıq, sabitlik və inkişaf üçün təşəbbüslər irəli sürür. Eyni zamanda, Azərbaycan regionda kommunikasiya xətlərinin, Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Dövlətimizin başçısı İlham Əliyev hərbi əməliyyatlar bitdikdən sonra hər bir çıxışında qeyd edir ki, artıq münaqişə öz həllini tapıb, Azərbaycan sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa hazırdır.

Praqa görüşü ümumilikdə kifayət qədər məhsuldar keçsə də, Ermənistanın baş naziri bu görüşdə də bəzi məqamlarla bağlı konkret mövqe ortaya qoya bilməyib. Belə ki, o, Praqada Azərbaycanın irəli sürdüyü bir sıra şərtləri qəbul etdiyini, dövlətimizin ərazi bütövlüyünü tanıdığını bildirsə də, bəzi məsələlərlə bağlı yenə də susqunluq sərgiləyib. Belə ki, cənab Prezident mediaya açıqlamasında qeyd etdi ki, Ermənistanın baş nazirinə Naxçıvana avtomobil yolu üçün marşrutun verilməsi ilə bağlı müraciət etsə də, Paşinyan bu məsələni cavablandırmayıb. Halbuki, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, regionda bütün kommunukasiyaların açılmasında maraqlıdır və xüsusilə də, Naxçıvana dəmir yolu və avtomobil yolunun açılmasını vacib sayır. Ancaq göründüyü kimi, Ermənistan tərəfi Praqa görüşündə də bu məsələyə aydınlıq gətirmədi. Eyni zamanda, Azərbaycanın şərtlərini qəbul edən, rəsmi Bakı ilə sülh sazişi imzalamaqdan başqa yolunun olmadığını bilən Paşinyanın Naxçıvana dəhliz məsələsində susqunluq sərgiləməsi onun müstəqil iradəyə malik olmadığını göstərir. Bu fakt bir daha onu göstərir ki, Ermənistanın müstəqilliyi formaldır və bu dövlət müəyyən qüvvələr, kənar güclər tərəfindən idarə olunur. Məhz buna görə də Paşinyan dəhliz məsələsində müstəqil qərar verə bilmir. Qorxur ki, onun deyəcəyi söz, bildirəcəyi fikir himayədarlarının xoşuna gəlməyə və onları qane etməyə bilər.

Ermənilər anlamalıdırlar ki, sülh onların yeganə çıxış yoludur. Və bu gün havadarlarına arxalanaraq ölkəmizi təxribatlara çəkib növbəti müharibə ilə "hədələyən" revanşistlər anlamırlar ki, artıq Azərbaycan bölgədə baş verən bütün hadisələrə nəzarət edir. İndi diktəni edən ölkə Azərbaycandır və bölgədə yenidən erməni faşizminin baş qaldırmasına heç vaxt imkan verməz. İstənilən qüvvənin Qarabağda Azərbaycan əsgərinə qarşı edəcəyi təxribat xarakterli əməl cavabsız qalmayacaq. Ali Baş Komandanın bəyanatlarına, sərt xəbərdarlıqlarına əhəmiyyət verməyən ermənilər yaxşı anlayırlar ki, Prezident İlham Əliyevin dediyi söz imzası qədər keçərlidir. Müharibənin gedişatında hər kəs, nəinki Ermənistan, bütün dünya buna şahidlik etdi. Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq.

Bir sözlə, bütün bunlar Azərbaycanın nə qədər sülhsevər bir ölkə olduğunu göstərir. Belə ki, Azərbaycan bölgədə davamlı sülh və sabitliyin yaranması üçün təkcə təşəbbüslə çıxış etmir, eyni zamanda, bu məsələyə öz əməli töhfəsini verir. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplomatik siyasətinin reallığıdır.

Zirvə Toplantısında diqqətçəkən önəmli məqamlardan biri də iki qardaş ölkənin - Azərbaycan və Türkiyə prezidentlərinin birliyini, qarşılıqlı etimad və etibarını ehtiva edən səmimi davranış tərzi idi. Heç şübhəsiz ki, bu, bədxah ermənilərin və onların havadarlarının diqqətindən də yayınmadı. Zirvə Toplantısı bir daha göstərdi ki, ikili standartlara və uydurulmuş fobiyalara rəğmən, Azərbaycan və Türkiyə dövlət başçıları, bütövlükdə dünyada sülhün və əmin-amanlığın, qarşılıqlı şəkildə faydalı və bərabərhüquqlu əməkdaşlığın, dinc birgəyaşayışın və mehriban qonşuluğun tərəfdarıdır.

Beləliklə, Praqa görüşündə Azərbaycan öz mövqeyini qətiyyətlə müdafiə etməyi bacaran dövlət olaraq, Ermənistanın və tərəfdaşlarının formalaşdırdığı koalisiyaya qarşı açıq mübarizə apardı, öz mövqeyini müdafiə etdi. Bu, Prezident İlham Əliyevin yürütdüyü siyasətin növbəti qələbəsi idi. Praqa görüşü göstərdi ki, dövlət başçısının beynəlxalq hüquqa və ədalətə əsaslanan balanslaşdırılmış xarici siyasəti Azərbaycanın dünya miqyasında nüfuzunu artıraraq onu regional gündəmdə həlledici söz sahibi olan ölkəyə çevirib və rəsmi Bakı milli maraqlarına dair məsələlərdə prinsipial mövqeyini heç zaman dəyişməyəcək. Bundan sonra hər şey Ermənistan hakimiyyətindən, onun bu həssas məqamda üzərinə düşən məsuliyyəti nə dərəcədə dərk etməsindən asılı olacaq.

Esmira Yazkan ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.