PRAQA GÖRÜŞÜNDƏ QƏBUL EDİLMİŞ BƏYANAT AZƏRBAYCANIN NÖVBƏTİ DİPLOMATİK QƏLƏBƏSİDİR
Siyasət

PRAQA GÖRÜŞÜNDƏ QƏBUL EDİLMİŞ BƏYANAT AZƏRBAYCANIN NÖVBƏTİ DİPLOMATİK QƏLƏBƏSİDİR

Bədnam qonşumuz gerçək reallıqlarla barışmağa məcbur olub

Oktyabrın 6-da Çexiyanın paytaxtı Praqa şəhərində "Avropa siyasi birliyi" Zirvə Toplantısının açılış plenar iclası keçirildi. Bu Zirvə Toplantısında Azərbaycan Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.

Burada dövlətimizin başçısı, Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilmiş görüş xüsusi əhəmiyyət daşıyırdı. Göründüyü kimi, budəfəki görüşdə format Makronun danışıqlara qatılması ilə fərqlənirdi. Fransanın ənənəvi ermənipərəst siyasətini nəzərə alsaq, Praqada keçirilən dördtərəfli görüşdə Azərbaycan üçün müxtəlif tələ və hiylələrin hazırlandığını güman etmək olardı. Paşinyan Fransanın da iştirak etdiyi görüşdə özünü az da olsa daha əminliklə aparmağa çalışırdı, çünki Paris Ermənistanı dəstəklədiyini heç vaxt gizlətmirdi. Biz 44 günlük Vətən müharibəsində Fransanın Ermənistana dəstəyini açıq şəkildə gördük. Eyni zamanda, 30 ilə yaxın Minsk qrupunda həmsədr dövlət olmuş Fransa heç vaxt neytral mövqe nümayiş etdirə bilməyib, işğalçının yanında olub. Lakin bütün bunlara baxmayaraq, görüşün yekununda qəbul olunan bəyanat dövlətimizin növbəti diplomatik qələbəsi kimi dəyərləndirilir. Praqa görüşündə üstün tərəf kimi iştirak edən Azərbaycan istəyinə tam nail olub.

Bundan əvvəlki görüşlərdə gündəlikdə olan bütün məsələlərin müzakirəsi Praqada davam etdirildi. Ölkəmizin irəli sürdüyü 5 əsas şərti bütün tərəflər qəbul etdi. Ermənistan ərazi bütövlüyümüzü, suverenliyimizi tanıdı və rəsmi İrəvanın Qarabağla bağlı bütün iddiaları aradan qaldırıldı. Qarşı tərəf faktiki olaraq Qarabağın Azərbaycan ərazisi olduğunu və orada yaşayan erməni əsilli vətəndaşlarla bağlı məsələnin Azərbaycanın daxili işi olduğunu qəbul etdi. Dövlət başçısı cənab İlham Əliyev də bu məsələyə toxunaraq bildirdi ki, həmin insanlara münasibət bizim daxili işimizdir.

Beləliklə, bir müddət əvvəl Azərbaycanın uğurla həyata keçirdiyi sülhə məcburetmə əməliyyatı özünü doğrultdu. Məhz bunun məntiqi davamıdır ki, Praqa görüşündə dövlətimiz növbəti uğura imza atdı. Xüsusi komissiyaların ən qısa zamanda sülh müqaviləsinin mətnini hazırlayacağı ilə bağlı razılıq əldə olundu.  Oktyabr ayının sonuna yaxın komissiyaların növbəti görüşü keçiriləcək. Bu isə o deməkdir ki, ilin sonuna qədər Ermənistanla Azərbaycan arasında ilkin sülh əldə oluna bilər. Sərhədlərin delimitasiya və demarkasiyasına gəldikdə isə xüsusi komissiya iki ay ərzində fəaliyyətini davam etdirəcək, konkret tövsiyələr əsasında sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı işlər görüləcək.

Xeyli müddətdir ki, dövətimiz ərazi bütövlüyümüzün tanınmasına çalışırdı. Artıq Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam tanıdı. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan illər ərzində gərgin əmək sərf etdiyi sənədin təsdiqinə nail oldu. Sənəddə BMT Nizamnaməsi əsas götürülüb. Burada ən önəmli məsələlərdən biri Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi təsdiqlənməsidir.

Sözügedən görüş zamanı Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycana müəyyən təzyiq cəhdləri istisna olunmurdu. Ancaq artıq qeyd etdiyimiz kimi, bu görüş zamanı onlar məqsədlərinə nail ola bilmədilər. Çünki Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev növbəti dəfə öz siyasi iradəsini, prinsipiallığını və qətiyyətini nümayiş etdirdi. Dövlət başçımızın məhz bu mühüm keyfiyyətləri sayəsində iki hissədən ibarət olan görüşdə Azərbaycana qarşı təzyiq cəhdinin qarşısı tam alındı. Sonda isə bəyanat qəbul olundu.

Praqa görüşündə həm də sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı komissiyanın işinin tezliklə keçirilməsi razılaşdırılıb. Bu da Azərbaycanın maraqlarına cavab verir. Çünki uzun müddətdir ki, Azərbaycan tərəfi sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı müzakirə aparırdı. Nəhayət ki, bu məqsədə də nail olundu.

Aİ və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək istəyirdilər. Amma öz suverenliyinə dəyər verən Azərbaycan buna etiraz etdi. Azərbaycanın qəti mövqeyindən sonra belə razılaşdırıldı ki, missiya yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək. Sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək.

Beləliklə, Azərbaycanın maraqları Prezident İlham Əliyev tərəfindən layiqincə qorundu. Ermənistan isə bu sərhəd missiyasına razılıq verməklə suveren dövlət olmadığını bir daha göstərdi. Bu, həm də Rusiyaya qarşı daha bir xəyanətkar addımdır. Bununla ermənilər müttəfiq olduqları Rusiyaya da öz xislətlərindən irəli gələn satqınlığını və vəfasızlığını nümayiş etdirdilər.

Bəyanatda Zəngəzur dəhlizi ilə bağlı məsələnin olmaması onunla bağlıdır ki, bu məsələ 2020-ci il 10 noyabr Bəyanatı ilə tənzimlənir. Bu məsələnin aktuallığı daim gündəmdədir və onun reallaşdırılması istiqamətində lazımi işlər davam etdirilir. Azərbaycan bütün imkanlardan istifadə etməklə Ermənistanı öz öhdəliklərinin icrasına məcbur edir və bu proses məntiqi sonluğa kimi davam etdiriləcək.

Prezident cənab İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində deyib: "Artıq bütün dünya ictimaiyyəti açıq dərk edir ki, Qarabağ Azərbaycandır! Bunu biz hər dəfə deyirdik, işğal dövründə, müharibə dövründə, müharibədən sonra. Bu gün dünya birliyi bu həqiqəti artıq nəinki dərk edir, həm də bunu tələffüz edir. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını hər hansı bir ölkə ilə, o cümlədən Ermənistanla müzakirə etmək fikrində deyilik. Bu, bizim daxili işimizdir".

Dövlət başçısı həmçinin qeyd edib ki, Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar: "Hər halda, əmin ola bilərlər ki, onların Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaq".

Göründüyü kimi, Ermənistan öz yerini bildi, reallıqları qəbul etməyə məcbur oldu. Bu ölkənin baş naziri Nikol Paşinyan sülhə hazır olduğunu etiraf etdi. Dövlət və hökumət başçılarının davranışı və hərəkət tərzləri də göstərdi ki, Azərbaycan dövləti özünün üstün mövqeyini daha da gücləndirib. Avropa liderləri Azərbaycana ehtiyacları olduğunu, bizim enerji təhlükəsizliyi sahəsində oynadığımız rolu da etiraf edirlər. Odur ki, haqlı mövqeyimizlə razılaşırlar.

Emin QASIMOV,

"Respublika".