Praqa görüşünün yekun Bəyanatı
Siyasət

Praqa görüşünün yekun Bəyanatı

Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanıması bu tarixi sənədin ən vacib müddəalarıdır

Ağdam və Kəlbəcərdən sonra Laçın rayonunun da  dinc yolla Azərbaycana təhvil verilməsi qalibiyyətli İkinci Qarabağ müharibəsini sona çatdırdı, ölkəmizin ərazi bütövlüyü  bərpa edilmiş oldu. Təcavüzkar Ermənistanın sonuncu rayonumuzu da tərk etməsilə 30 il ərzində məhz Laçın dəhlizi vasitəsilə  bu ölkədən və xaricdən hərtərəfli dəstək alan Qarabağ bölgəsindəki erməni separatçı və terrorçu qruplaşmalarının son nəfəsliyi bağlandı. Bununla da işğal altında olan  ərazilərin boşaldılması üzrə BMT Təhlükəsizlik Şurasının  məlum 4 qətnaməsi yerinə yetirildi.

Tarix göstərir ki, dünyanın müxtəlif  bölgələrində alovlanan istənilən münaqişə, əslində, ilk baxışdan  göründüyü kimi, ikitərəfli yox, çoxtərəflidir. Bu baxımdan, Dağlıq Qarabağ münaqişəsi də istisna deyil. Əvvəla, münaqişənin başlandığı illər SSRİ kimi  bir imperiyanın dağılması prosesi ilə üst-üstə düşürdü. Həmin tarixi zamanda aparıcı güc mərkəzləri heç də yeni yaranan müstəqil  dövlətlərin qısa müddətdə  dünya siyasətinə qoşulmasını  dəstəkləmək istəmirdilər.  Əsas məqsədləri müstəqil  siyasi-iqtisadi inkişaf yoluna yenicə qədəm  qoymuş dövlətləri  öz təsir dairələrinə salmaq və daha sonra həmin  bölgənin bütün ölkələrini maraqlarına uyğun şəkildə yönləndirməkdən ibarət idi.

Yaranmış bu vəziyyətdə qonşu torpaqlarına da çoxdan göz dikmiş Ermənistan vasitəsilə Cənubi Qafqazda uzunmüddətli bir münaqişə alovlandırmaq həmin güclərə sərf edirdi. Taktiki olaraq, ilk növbədə, bölgənin ən çox potensiala malik olan ölkəsi - Azərbaycan daha  cəlbedici  görünürdü. Cənubi Qafqazda möhkəmlənmək isə bütün Avrasiya  ərazisində nəzarəti  təmin edirdi. Müstəqilliyin ilk illərində Cənubi Qafqazdakı bu qlobal siyasi oyunun əsl mahiyyəti məhz bundan ibarət idi.

Beləcə, ilk dövrlərdə  münaqişə tərəflərinə müvafiq sənədlər imzalatmaqla onun  hərbi yolla həlli istisna edildi, sülh yolu ilə həlli  perspektivləri isə ATƏT-in Minsk qrupunun timsalında beynəlxalq  güc mərkəzlərindən asılı vəziyyətə salındı. Münaqişə məqsədli şəkildə "dondurulmuş"  hala gətirildi  və uzun müddət belə saxlanıldı. Ermənistan çox tezliklə "hərbi uğurlarını"  rəsmiləşdirərək   münaqişəni qalib rolunda  başa vuracağına inanır, Azərbaycan isə bu müşkül vəziyyətdən çıxış yolu axtarırdı. Bu siyasi oyunun müəllifləri isə 1994-cü ildə  yaranmış "status-kvo"nun ATƏT-in Minsk  qrupunun nəzarəti altında hələ uzun müddət  davam edəcəyinə əmin idilər. Ancaq belə olmadı, Azərbaycan qlobal güclərin "oyun qaydaları"nı pozdu. 44 günlük  Vətən müharibəsində Azərbaycan dünyanın  ən böyük güc və söz  sahiblərinin qurduğu məkrli bir siyasi oyunu 30 il sonra qalib kimi   tərk etdi.

2020-ci il 10 noyabr tarixli  üçtərəfli Bəyanatla  tərəflər arasında sülh əldə olundu. İlk növbədə bu sülh həmin tərəfləri razı salsa da,  vaxtilə münaqişənin başlamasına  bilavasitə dəstək olan  qüvvələri heç də  qane etmədi.  Xüsusən də tənzimləmə  prosesindən kənarda qalan ATƏT-in Minsk qrupunun  həmsədrləri kimi Fransa və ABŞ-ın  mövqeyində işğalçıya dəstək olmaq  cəhdləri çoxaldı. Elə Ermənistanın Minsk qrupunun  fəaliyyətini canlandırmaq niyyəti də  burdan qaynaqlanır.

Müharibə bitdikdən sonra Azərbaycanla Ermənistan arasında  münasibətlərin normallaşdırılması  istiqamətində Avropa İttifaqı Şurasının vasitəçiliyi ilə keçirilən  üçtərəfli görüşlər tərəfləri addım-addım sülhə yaxınlaşdırsa da, məsələ həllini tapmırdı. Daha doğrusu, Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməməklə, sülh müqaviləsinin imzalanması prosesini ləngidirdi.

Oktyabrın 6-da Praqada keçirilən "Avropa siyasi birliyi" Zirvə Toplantısı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsinin müzakirəsi üçün  daha bir imkan yaratdı. Azərbaycan Prezidenti İlham Əliyev qətiyyəti, prinsipiallığı sayəsində bu dəfə də dünya güclərinin  arzusunu gözündə qoydu. 30 illik işğal dövründə  Ermənistanın  başına sığal çəkib yeni ərazilər uğrunda  müharibə planları hazırlanmasına şərait yaradan Fransa kimi dünyanın  söz sahibi olan bəzi güclər bu dəfə öz  mövqelərində  dəyişiklik etmək məcburiyyətində qaldılar.

Hakimiyyətə gəldiyi ilk gündən Prezident İlham Əliyevin əsas amalı ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi və Azərbaycan xalqının dünya siyasi tarixinə məğlub yox, qalib xalq kimi yazılması olub.  Dünyada həllini tapmayan münaqişə  ocaqlarının mövcudluğu və bu ocaqların  artması, daha da  alovlanması fonunda İlham Əliyevin 30 illik  işğala son qoyaraq  Azərbaycanın ərazi bütövlüyünün  təmin edilməsi istiqamətində   yürütdüyü prinsipial siyasət, böyük vətənpərvərlik,  siyasi peşəkarlıq və gerçək liderlik keyfiyyətlərinin bir  bütündə təcəssümüdür.

"Avropa siyasi birliyi" Zirvə Toplantısı çərçivəsində "Avropa qitəsində sülh və təhlükəsizlik" mövzusunda keçirilən dəyirmi masada dövlət başçısı İlham Əliyevin çıxışı Azərbaycanın hazırkı dövrdə beynəlxalq münasibətlər sistemində artan mövqeyini bir daha nümayiş etdirdi.  Bütün tribunalarda bölgədə sülhün bərqərar olması istiqamətində Azərbaycanın  mövqeyini açıq şəkildə bəyan edən Prezident İlham Əliyev oktyabrın 13-də Astanada, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə  Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasındakı çıxışında da Azərbaycanın dünyada artan nüfuzunu, ölkəmizin Asiya ilə Avropa, Şərqlə Qərb arasında oynadığı körpü rolunun gücləndiyini, dünyada dialoqun inkişafı, sülh və sabitliyin, təhlükəsizliyin möhkəmlənməsinə töhfə verdiyini vurğuladı. Mərkəzi Asiya ölkələri ilə əlaqələrin möhkəmlənməsi, türk dünyasının daha sıx birliyinin təmin edilməsi istiqamətində Azərbaycanın atdığı addımlardan söz açdı.

Praqa görüşlərinin sonunda  qəbul edilən Bəyanatda  əksini tapan müddəalardan  birinin  dövlətlərin ərazi bütövlüyü və suverenliyinin tanınması ilə bağlı olması da  Azərbaycan liderinin dönməz fəaliyyətinin nəticəsi idi.  Belə ki, Bəyanatda  Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanıdı, BMT Nizamnaməsi əsas götürüldü. Bu isə o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu  bir daha təsdiq edildi. Elə sərhəd monitorinq  missiyasının Azərbaycanın deyil, yalnız Ermənistanın ərazisində  yerləşdiriləcəyinin  sənəddə təsdiqini tapması da  ölkəmizin suverenliyinə, müstəqil siyasətinə nə qədər böyük dəyər verildiyinin göstəricisi idi. Bu, həm də ölkəmizin  müstəqil siyasət yürütməsinin əyani sübutu kimi də əhəmiyyətlidir. Çünki Fransa Prezidenti Emmanuel Makronun da Praqa  görüşlərində iştirak etməkdə məqsədi təkcə N.Paşinyanı  müxalifətdən qorumaq yox, həm də danışıqlar prosesində  beynəlxalq monitorinq missiyasının bölgəyə, daha konkret desək, Azərbaycan və Ermənistan ərazisinə  gətirilməsi üçün Azərbaycanın razılığını almaq idi ki,  bu da baş tutmadı. Beləliklə, Azərbaycan və Ermənistan arasında münaqişələrin normallaşdırılması istiqamətində aparılan  növbəti danışıqlar Azərbaycanın qələbəsi ilə başa çatdı.

Zümrüd QURBANQIZI,

"Respublika".