Prezident Ərdoğan: Türkiyəyə sığınan bir milyon suriyalının könüllü olaraq geri dönməsi üçün yeni layihəyə başlanılır
Siyasət

Prezident Ərdoğan: Türkiyəyə sığınan bir milyon suriyalının könüllü olaraq geri dönməsi üçün yeni layihəyə başlanılır

Türkiyəyə sığınan bir milyon suriyalının könüllü olaraq vətənlərinə geri dönməsi üçün yeni layihəyə başlanılır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) koordinasiyasında Suriyanın İdlib şəhərində tikilən briket evlərinin açar təslimetmə mərasimində bildirib.

Mərasimə videoformatda qoşulan Prezident Ərdoğan Türkiyənin Suriyada dərinləşən humanitar faciə qarşısında sərhədyanı əməliyyatlara başladığı 2016-cı ildən indiyədək təxminən 500 min suriyalının təhlükəsiz bölgələrə qayıtdığını xatırladıb. O, heç kimin vətənini, evini səbəbsiz yerə tərk edib, naməlum gələcəyə doğru getmədiyini vurğulayıb.

Türkiyənin dünyanın müxtəlif ölkələrində məzlumların qorunması üçün həyata keçirdiyi layihələr haqqında danışan Prezident Ərdoğan ölkəsinin heç kimin dərisinin, saçının, gözünün rənginə, inancına, dilinə baxmayaraq hərəkət etdiyini deyib: “Bu anlayışla təkcə Suriyada deyil, dünyanın bir çox yerində yardım və dəstək proqramları həyata keçiririk. İllərdir, Afrika və Balkanların bir çox yerində geniş fəaliyyət dairəsi ilə dostlarımızla birlikdəyik. Əfqanıstandan Pakistana, Banqladeşdən Fələstinə, Yəməndən Ukraynaya qədər geniş bir coğrafiyada humanitar yardım əməliyyatlarımızı davam etdiririk. Ötən həftələrdə Əfqanıstana 5000 ton humanitar yardım vasitəsindən ibarət 10 ayrı xeyriyyə qatarı göndərdik. Ukraynada böhran başlayandan bəri bu ölkəyə 100 yük maşını humanitar yardım göndərmişik. Qeyri-hökumət təşkilatlarımızın dəstəyi ilə ciddi çətinliklər yaşayan Livana üç xeyriyyə gəmisi çatdırmışıq. Suriyanın müxtəlif bölgələrində ümumilikdə təxminən 6 milyon insana yardım tədbirləri həyata keçirmişik”.

Hazırda Türkiyənin ölkəyə sığınan bir milyon suriyalının könüllü olaraq vətənlərinə geri dönməsi üçün yeni layihə başlatdığını deyən Prezident Ərdoğan bu layihənin yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının dəstəyi ilə həyata keçirəcəyini bildirib.

“Başda Azzez, Cerablus, Əl Bab, Tel Abyad və Rəsuleyn olmaqla 13 fərqli bölgədə yerli şuralarla birlikdə həyata keçirəcəyimiz bu layihə kifayət qədər genişdir. Bu layihədə yaşayış binalarından məktəbə, xəstəxanaya qədər gündəlik həyatın bütün ehtiyacları, eləcə də kənd təsərrüfatından sənayeyə qədər insanların özlərini təmin etmələri üçün bütün iqtisadi infrastruktur da yer alacaq. İnşallah, Suriyanın digər bölgələri də zamanla təhlükəsiz vəziyyətə gəldikdə, biz orada da oxşar araşdırmalar aparacaq və suriyalıların vətənlərinə könüllü qayıtması üçün lazımi zəmin hazırlamaq istiqamətində səy göstərəcəyik”, - deyə Türkiyə Prezidenti bildirib.

AZƏRTAC