Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Quba rayonuna səfəri
Siyasət

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Quba rayonuna səfəri

Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Quba rayonuna səfər ediblər.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ulu öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

* * *

Quba Olimpiya İdman Kompleksində yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra yaradılan şəraitlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Quba Olimpiya İdman Kompleksində yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra yaradılan şəraitlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı, birinci xanım və qızları kompleksin ərazisini gəzdilər.

Məlumat verildi ki, yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra obyektin bazasında Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksi yaradılıb. Layihənin özünəməxsusluğu ondan ibarətdir ki, burada istirahət, idman, təlim və tədris bir məkanda cəmləşib. Həmçinin bu cür komplekslərin yaradılması regionlarda əmək bazarına yeni iştirakçıların daxil olmasına ciddi təkan verir.

Quba universal kompleksində 200-250 işçinin çalışacağı nəzərdə tutulur. Onların mütləq əksəriyyətini yerli sakinlər təşkil edəcək.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva kompleksdəki 340 tamaşaçı yerlik üzgüçülük hovuzu, 6600 tamaşaçı yerlik futbol stadionu, Şahmat Mərkəzi və otellə tanış oldular.

Bildirildi ki, kompleksin təlim və tədris hissəsində maliyyə sektoru prioritet olmaqla, bank, sığorta və kapital bazarları iştirakçıları üçün məşğələlər keçiriləcək. İlkin mərhələdə isə personalın xidmət səviyyəsinin yüksəldilməsi üçün proqramların təşkili nəzərdə tutulur.

Şahmat Mərkəzində idmanın bu növü ilə məşğul olmaq istəyənlər üçün hər cür şərait yaradılıb. Çünki şahmat dövlətimizin xüsusi diqqətində olan idman sahələrindəndir.

* * *

"Quba ABAD Factory" qablaşdırma vasitələrinin istehsalı müəssisəsinin açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da "Quba ABAD Factory" qablaşdırma vasitələrinin istehsalı müəssisəsinin açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, "ABAD" publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev müəssisədə görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, "ABAD Factory" bir neçə ildir, qubalı mikro və kiçik sahibkarlara qida istehsalı müəssisəsi kimi tanış idisə, artıq həm də qablaşdırma vasitələrinin istehsalı müəssisəsi kimi onlara yardımçı olacaq.

Yerli sakinlər müəssisənin yerləşdiyi yeri uzun illər əsaslı təmirə ehtiyacı olan və istifadəsiz qalan binanın mövcudluğu ilə xatırlayırlar. Memarlıq elementləri qorunmaqla tamamilə yenilənən binada artıq kartondan müxtəlif qablaşdırma vasitələri, kağız və etiketlərin istehsalı, promo məhsulların hazırlanması, eyni zamanda, tullantı kağızların preslənməsi nəzərdə tutulur.

Xatırladaq ki, "ABAD" Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Fərmanla yaradılıb. Statistik göstəricilər onu deməyə əsas verir ki, "ABAD" fəlsəfəsi əsaslı reallaşmaqdadır. İlin 10 ayının yekununda "ABAD" 500 ailəyə dəstək göstərib. Nəticədə "ABAD"çıların minlərlə çeşiddə sənətkarlıq, kənd təsərrüfatı və digər növ məhsulları satışa çıxarılıb. Ümumilikdə 5,5 milyon manat dəyərində məhsulun "ABAD" vasitəsilə satışı həyata keçirilib.

Müəssisənin açılışı ilə ilkin mərhələdə 20, sonrakı mərhələdə isə 50 nəfərin işlə təminatı reallaşacaq.

Qeyd olundu ki, bu müəssisə vasitəsilə həm "ABAD"çıların qablaşdırma vasitələrinə olan tələbatı ödəniləcək, həm də digər kiçik və mikro sahibkarların ehtiyacları qarşılanacaq.

* * *

Heydər Əliyev Fondu tərəfindən Qubanın Birinci Nügədi kəndində yeni məktəb inşa edilib

Dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən Qubanın Birinci Nügədi kəndində inşa olunmuş 1 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, təhsil müəssisəsində görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, Birinci Nügədi kənd 1 nömrəli tam orta məktəbin əvvəlki binası 1971-ci ildə inşa olunmuşdu və son illər tam yararsız vəziyyətdə idi. İndi isə şagirdlər Heydər Əliyev Fondu tərəfindən inşa olunmuş tam yeni məktəbdə təhsillərini davam etdirəcəklər.

Müasir standartlara cavab verən yeni məktəbin inşası keyfiyyətli və bərabərhüquqlu təhsil imkanının yaradılması deməkdir.

Birinci Nügədi kənd orta məktəbin şagirdləri indiyədək müxtəlif fənn olimpiadalarında müvəffəqiyyət qazanıb, məzunlar yüksək balla ali məktəblərə qəbul olublar. Təkcə son 4 ildə məktəbin 5 şagirdi 600-dən çox balla tələbə adını qazanıb.

Dövlətimizin başçısı, birinci xanım və qızları yeni məktəbin sinif otaqlarını, fənn kabinetlərini gəzdilər.

Qeyd edək ki, müasir infrastruktur tədrisin keyfiyyətinə birbaşa müsbət təsir göstərən amillərdəndir. Əminliklə demək olar ki, bundan sonra Birinci Nügədi kənd 1 nömrəli tam orta məktəbin şagirdləri daha böyük uğurlar qazanacaqlar.

* * *

Prezident İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib.

AZƏRTAC xəbər verir ki, 46 kilometrlik Quba-Qonaqkənd avtomobil yolunun istismara verilməsi ilə 68 min nəfərin rahat gediş-gəlişi təmin olunur.

Bu yol uzun illər əsaslı təmir olunmadığı üçün hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Bu isə yolda nəqliyyatın hərəkətini çətinləşdirirdi.

Qeyd edək ki, ərazinin özünəməxsus relyefi tikinti işlərinin gedişinə də birbaşa təsir göstərib. Bəzi yerlərdə dağ yamaclarının qaya süxurları kəsilib, qrunt sularının axıdılması təmin edilib. Bir sözlə, dövlətimizin başçısının sərəncamı ilə vətəndaşların rahatlığının təmin olunması üçün çox əhəmiyyətli işlər görülüb.

Onu da deyək ki, Quba-Qonaqkənd yolunun yenidən qurulması həm də əhalinin tədarük etdiyi kənd təsərrüfatı məhsullarını, meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvana çatdırmağa imkan yaradır, həmçinin turizm imkanlarını daha da genişləndirir.

* * *

Qubanın Qonaqkənd qəsəbəsində aparılan yenidənqurma işləri ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Qubanın Qonaqkənd qəsəbəsində yeni inşa olunan Mədəniyyət Evində yaradılan şəraitlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, 2020-ci ildən etibarən Qonaqkənd qəsəbəsində kompleks abadlıq və quruculuq işləri həyata keçirilib. Qəsəbədə ümummilli lider Heydər Əliyevin abidəsinin ətrafında yeni park salınıb. Həmçinin qəsəbə Mədəniyyət Evinin istifadəyə yararsız, qəzalı vəziyyətdə olan binası sökülərək əvəzində yenisi tikilib.

Dövlətimizin başçısı, birinci xanım və qızları Mədəniyyət Evi ilə tanışlıqdan sonra qəsəbə sakinləri ilə görüşüblər.

Sakinləri salamlayan Prezident İlham Əliyev dedi: Xoş gördük.

Milli Məclisin deputatı Vahid Əhmədov: Xoş gəlmisiniz, cənab Prezident. Sizi təbrik edirik.

Prezident İlham Əliyev: Çox sağ olun.

Vahid Əhmədov: Xoş gəlmisiniz, cənab Prezident.

Prezident İlham Əliyev: Bəli, birinci dəfədir ki, Qonaqkənddəyəm.

Sakinlər dövlətimizin başçısına Quba-Qonaqkənd avtomobil yolunun çəkilməsi ilə bağlı minnətdarlıqlarını bildirdilər.

Vahid Əhmədov: Allah Sizdən çox razı olsun ki, bu qərarı verdiniz. Əhali çox razıdır. Bu bölgədə, ümumiyyətlə, həm qaz var, həm işıq var, həm yollar çəkilir. Əhali çox rahatdır. Bir də Sizi Qələbə münasibətilə təbrik etmək istəyirəm.

Prezident İlham Əliyev: Sağ olun.

Vahid Əhmədov: Düzdür mən tviterdə təbrik etmişəm, amma belə üzbəüz görməmişəm. Siz çox böyük Qələbə əldə etdiniz. Siz adınızı Azərbaycanın tarixinə qızıl hərflərlə yazdınız. Bunu heç vaxt unutmaq olmaz.

Prezident İlham Əliyev: Sağ olun.

Vahid Əhmədov: Ulu Öndərin vəsiyyətini yerinə yetirdiniz. Ona görə də Quba camaatı, Sizdən çox razıdır. Son vaxtlar Qubada kifayət qədər böyük işlər görülür. Bunlar hamısı rəhbərliyinizlə olur. O cümlədən Mehriban xanıma mən öz dərin minnətdarlığımı bildirirəm. Onun humanitar sahədə gördüyü işlər kifayət qədər çoxdur. Biz onun hamısı ilə maraqlanırıq. Ümumiyyətlə, Prezident, Birinci vitse-prezident Azərbaycanda çox işlər görürlər, hələ bundan sonra da çox işlər görəcəklər. Azərbaycan 200 ildə ilk dəfə olaraq torpağını azad etdi. Buna Siz nail oldunuz, Sizin siyasətiniz nail oldu. Sizə uğurlar arzu edirəm. Bir də ayın 24-də Sizin 60 yaşınız olacaq. Bu münasibətlə Sizi təbrik edirəm. Sizə cansağlığı, Mehriban xanımla daim bir yerdə olmağınızı, nəvələrinizin toyunu görməyinizi arzu edirəm. İnşallah.

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm.

Qəsəbə ağsaqqalı: Hörmətli Prezidentimiz, Qonaqkənd torpağına xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Sağ olun.

Ağsaqqal: Bu gözəl günləri, bu gözəl həyatı bizə ulu öndərimiz Heydər Əliyev bəxş edib. Minillik tarixi vərəqləsələr görərlər ki, belə gözəl dövran, belə gözəl zaman, belə gözəl həyat olmayıb.

Heydər bir günəşdir gəlib cahana,

Onun işığıdır, düşüb hər yana.

Eşq olsun, qəhrəmanlar ölkəsi Azərbaycana.

1970-ci ildə Ulu Öndərimiz Quba rayonuna gələndə mən qarşılamışam. Onun alqışını qazanmışam. İndi Allah nəsib edib Sizi də qarşılamaq qismət olub mənə.

Prezident İlham Əliyev: Sağ olun.

Ağsaqqal: Müharibə başlayandan 14 nəfər əsgər göndərmişəm - 3 övlad, 11 nəvə. Qazisi də var, veteranı da var, bu saat cəbhədə olanı da var. Bu körpülər ki, salınır, bunları heç bir xəzinə əvəz edə bilməz. Bu 2 çay sürü ilə qoyun aparıb, saysız-hesabsız texnikalar batırıb. Bu Qonaqkənd belə olmayıb. Bu həyat, bu rahatlıq, bu işlər Sizin yorulmaz fəaliyyətinizin, uğurlu siyasətinizin nəticəsidir. Var olun!

Prezident İlham Əliyev: Çox sağ olun.

Ağsaqqal: Allah qorusun Sizi. Allah qorusun xalqını, Vətənini, torpağını qoruyan insanları. İndi bir balaca şeir var, əgər icazə versəniz, onu deyim.

Ali Baş Komandan İlhamın,

Göstərdiyi hünəri xalqın ürəyindədir,

Qazandığı hər zəfər xalqın ürəyindədir.

Dəmir yumruq sındırdı düşmənlərin belini,

Sevindirdi ölkəsini, sevindirdi xalqını,

Qazandığı hər zəfər xalqın ürəyindədir.

Aşıq Vahidin səsi, heyran edir hər kəsi,

44 günün təntənəsi xalqın ürəyindədir.

Ordumuzun şöhrəti,

Ordumuzun qüdrəti,

Ordumuzun hörməti

Həm yerdə, həm göydədir.

Sağ olsun Ordumuz, durur ər kimi,

Vətən keşiyində şiri-nər kimi,

Mən də öz xalqımla bir əsgər kimi,

Vətən yolunda hazıram bu gün.

Eşq olsun qəhrəman Azərbaycana!

Prezident İlham Əliyev: Sağ olun.

Ağsaqqal: Var olun. Allah qorusun Sizi. Allah xalqımızı, millətimizi qorusun. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm. Bildiyiniz kimi, mən ilk dəfədir Qonaqkənddəyəm. Amma bu kənd haqqında çox eşitmişəm və bilirəm ki, bu kəndin Azərbaycan tarixində çox böyük yeri var, tarixi yerdir, tarixi yaşayış məskənidir. Bilirəm ki, Qonaqkənd camaatı həmişə zəhmətkeş olub, həmişə mərd olub, həmişə Azərbaycan dövlətçiliyinin keşiyində durub. Onu da bilirəm ki, bu kəndin əsas problemi yol problemi idi. Doğrudan da bu yolun çəkilməsi hesab edirəm ki, tarixi hadisə sayıla bilər. Quba rayonunda əhəmiyyət baxımından bir Xınalıq yoludur, bir də Qonaqkənd yolu idi. Xınalıq yolu da keçilməz bir yol idi, oraya da gedib çatmaq üçün saatlarla vaxt lazım idi və qış aylarında, ümumiyyətlə, təcrid vəziyyətində idi. Qonaqkənd də, həmçinin. Vahid müəllim də, Quba ictimaiyyəti də dəfələrlə bu məsələni qaldırmışdı. Nəhayət biz buna nail olduq. İndi Qubadan buraya təxminən yarım saata gəlmişəm. Düzdür, mən gələndə yollar açıq olur, amma hər halda 40-45 dəqiqəyə gəlmək olar.

Vahid Əhmədov: Biz əvvəllər iki saata gəlirdik.

Prezident İlham Əliyev: Əvvəllər iki saata. Əlbəttə, kəndin xəstəsi, yaşlısı var, kəndə gəlmək, getmək, burada istehsal olunan məhsulları bazarlara çatdırmaq çətin idi. Ona görə bu yolun çox böyük əhəmiyyəti var. Bir də ki, kəndə qaz da çəkilib, artıq iki ildir ki, qaz verilir. İşıq da var, su da var.

Ağsaqqal: Artıq camaat qayıdır, cənab Prezident. Artıq evlər tikirlər burada, Bakıda yaşayanlar qayıdırlar.

Prezident İlham Əliyev: Bəli, buraya gələrkən yol boyunca gördüm, kəndlərdə yeni evlər tikilir. Bura çox gözəl turizm zonasıdır. Bu yol olmadığı üçün buraya turist də gəlmirdi. Əminəm ki, indi bu gözəl mənzərəli yerlərdə çox gözəl istirahət zonaları, otellər, ictimai yerlər yaradılacaq. Yəni, Qubanın bu hissəsi canlanacaq. Buna şübhəm yoxdur.

Vahid Əhmədov: İndi iş yerləri də açılır. İndi dirçəliş var. Sağ olun, var olun.

Prezident İlham Əliyev: Yol olandan sonra işlər də düzələcək. Çünki burada indi camaatın əsas dolanışığı maldarlıqdır. Havası da təmizdir və sərindir.

Vahid Əhmədov: Siz gələndə yəqin ki, gördünüz. Yol boyunca turizm obyektləri tikilir.

Prezident İlham Əliyev: Bəli, fikir vermişəm.

Vahid Əhmədov: Bunlar bir ildə əmələ gəlib.

Prezident İlham Əliyev: Çox adam gələcək, turistlər gələcək. O ki qaldı, Qarabağ müharibəsinə, bu, bizim hamımızın Qələbəsidir. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə, öz işi ilə o müqəddəs günü yaxınlaşdırırdı. Biz bütün işğal dövründə Qarabağı ürəyimizdə saxlamışdıq və Qarabağı görməyən gənc nəsil yetişdi. Onlar Qarabağı canı-qanı bahasına azad etdilər. Tarixi ədaləti bərpa etdik, xalqımızın ləyaqətini bərpa etdik. İndi isə artıq yeni dövr başlayır.

Vahid Əhmədov: Quruculuq işləri.

Prezident İlham Əliyev: Bəli, quruculuq işləri, həm Qarabağda, həm də Zəngəzurda aparılır. Eyni zamanda, bizim son vaxtlar apardığımız işlər onu göstərir ki, hər hansı bir revanşist meyil olarsa, onun məsələsi dərhal yerindəcə həll olunacaq. Çünki müharibədən sonra Ermənistan tərəfindən bir neçə dəfə belə cəhdlər oldu və onun acı nəticələrini onlar özləri gördülər. Ona görə hələ ki, gec deyil, mən onlara artıq dəfələrlə müraciət edərək demişdim, bizim şərtlərimizi qəbul etməlidirlər, yollarla, kommunikasiyalarla bağlı hər hansı bir qeyri-səmimi yanaşmaya son qoyulmalıdır. Əgər belə olarsa, onda Cənubi Qafqazda bütün xalqlar sülh, əmin-amanlıq şəraitində yaşayacaq. Çünki biz istədiyimizə nail ola bilmişik, bunu hər kəs gördü.

Ağsaqqal: İnşallah, Allahın köməyi ilə.

Prezident İlham Əliyev: Ermənistan da gördü, dünya da gördü, heç kim bizi saxlaya bilmədi. Müharibə dövründə bizi saxlamaq istəyənlər olub, kifayət qədər güclü dairələr olub, amma bizi dayandıra bilmədilər. Mən demişdim ki, bizə tarix versinlər torpaqlarımızdan nə vaxt çıxır, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü deyirəm. Amma deyirəm ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq. Ona görə hesab edirəm ki, həm Ermənistan rəhbərliyi, həm Ermənistan ictimaiyyəti, əhalisi bunu başa düşməlidir. Biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq. Yaxşı olar ki, bu məsələ konstruktiv şəkildə danışıqlar yolu ilə, qarşılıqlı anlaşma yolu ilə həll olunsun. Çünki İkinci Qarabağ müharibəsi bütün dünyaya xalqımızın iradəsini, gücünü və birliyini göstərdi. Yol boyunca gələndə gördüm, şəhidlərin şəkilləri vurulub. Hər bir yerdə belədir, - mən son vaxtlar Qarabağ bölgəsinə tez-tez gedirəm, - kəndlərdə şəhidlərin şəkilləri vurulub. Yəni, bu Zəfəri bütün Azərbaycan xalqı əldə edib.

Ağsaqqal: Hamı bir nəfər kimi.

Prezident İlham Əliyev: Hər bir vətəndaş, hər bir rayon sakini, hər bir nümayəndə. Ona görə bu, tarixi hadisədir və cəmi bir il keçib üstündən, görün nə qədər böyük işlər görmüşük. Mən Qarabağ, Zəngəzur bölgəsinə bəlkə də 10 dəfədən çox getmişəm. Amma, eyni zamanda, Azərbaycanın qalan yerlərini də yaddan çıxarmıram.

Sakinlər: Çox sağ olun.

Prezident İlham Əliyev: Gəlmişəm buraya. Bu gözəl hadisəni sizinlə qeyd edirəm.

Ağsaqqal: Hörmətli Prezident, Azərbaycanın çörəyinə xainlik edənləri Allah-Təala zəlil edəcək İnşallah. Allah qorusun Sizi, Allah qorusun xalqımızı, Vətənimizi, ölkəmizi. Çox sağ olun.

Prezident İlham Əliyev: Çox sağ olun. İnşallah.

Sakinlər: Minnətdarıq.

Prezident İlham Əliyev: Mən sizə minnətdaram.

Ağsaqqal: Sizin bir kəlmə sözünüzü, bir dəqiqə vaxtınızı, atdığınız addımı, heç bir xəzinə əvəz edə bilməz. Uğurlar olsun Sizə. Allah qorusun Sizi.

Prezident İlham Əliyev: Çox sağ ol, ağsaqqal, çox sağ ol. Gedək Ulu Öndərin abidəsi önündə xatirə şəkli çəkdirək. Sizin neçə yaşınız var?

Ağsaqqal: Səksən beş.

Prezident İlham Əliyev: Maşallah.

Vahid Əhmədov: Cavan oğlana oxşayır.

Prezident İlham Əliyev: Maşallah, yaxşısınız. Bura səfalı yerlərdir, burada yəqin ki, uzunömürlülər çoxdur.

Sakinlər: Çoxdur. Bəli, var.

***

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qonaqkənd sakinləri ilə birlikdə ulu öndər Heydər Əliyevin qəsəbənin mərkəzində ucaldılan abidəsinin önünə gül dəstəsi qoydular.

Sonra xatirə şəkli çəkdirildi.

***

Ağsaqqal: Çox sağ olun.

Prezident İlham Əliyev: Çox sağ olun. Mən sizə minnətdaram.

Vahid Əhmədov: Camaatın adından, təşəkkür edirəm.

Ağsaqqal: Hörmətli Prezident, icazə versəniz bir xeyir-dua da verim.

Prezident İlham Əliyev: Bəli, buyurun.

Ağsaqqal: Xeyirlər, dualar izləyər Sizi.

Xətadan, bəladan gizləyər Sizi.

Yollara göz dikib gözləyər Sizi,

Hər ana, hər bacı, hər qız, hər gəlin,

Gedin sağ-salamat, qayıdın gəlin.

 

Gedin çovğun kimi, gəlin yaz kimi,

Çaxın şimşək kimi, çalın saz kimi.

Koroğlu balası xan Eyvaz kimi,

Yağı düşmənlərin bağrını dəlin,

Gedin, sağ-salamat qayıdın gəlin.

 

Kor olsun Əzrail, görməsin Sizi,

Saxlasın babanız İsmayıl Sizi,

Qorusun cənabi Cəbrayıl Sizi,

Əli üstünüzdən çəkməsin əlin.

Gedin sağ-salamat, qayıdın gəlin, inşallah.

 

Prezident İlham Əliyev: Çox sağ olun.

Sakinlər: Var olun.

Prezident İlham Əliyev: Siz də salamat qalın.

Sakinlər: Çox sağ olun. Minnətdarıq. Sağ olun. Var olun. Allah köməyiniz olsun.

Mehriban Əliyeva: Leyla sən də gəl.

Ağsaqqal: Sizə də gözəl günlər arzulayıram.

Mehriban Əliyeva: Sağ olun. Çox gözəl şeirlər idi. Çox sağ olun.

Ağsaqqal:

Deyir daş var, qızıldan qiymətli,

Qız var oğuldan qeyrətli,

İl gəlməsə səxavətli, çöl neyləsin.

Xeyirli, bərəkətli, uğurlu illər gəlsin xalqımıza, buralara.

Mehriban Əliyeva: Çox sağ olun.

Ağsaqqal: Var olun.

Mehriban Əliyeva: Sizə cansağlığı arzulayıram. Sağ olun.

Sakinlər: Siz sağ olun. Bizə diqqət yetirirsiniz, ömürboyu minnətdarıq. Çox sağ olun.

Ağsaqqal: Yolunuz açıq olsun, inşallah.

Mehriban Əliyeva: Çox sağ olun. Salamat qalın.

 

AZƏRTAC