Prezidentin köməkçisi: Azərbaycanda uğurlu vaksinasiya strategiyası mövcuddur
Səhiyyə

Prezidentin köməkçisi: Azərbaycanda uğurlu vaksinasiya strategiyası mövcuddur

Operativ Qərargah bütün qərarlarını elmi tədqiqatlara əsaslandırır və dünyadakı bütün elmi qərarları diqqət mərkəzində saxlayır. Ona görə də "Omikron" ştamının yaranması və sürətlə yayılması təbii ki, bizdə də narahatlıq doğurur. Bir çox ölkələrə nəzər saldıqda görürük ki, bu yeni ştamın həddindən artıq yüksək yoluxduruculuğunun olması, yəni, əvvəlki delta ştamına nisbətən dörd dəfə daha yoluxdurucu olması və daha sürətlə yayılması digər ölkələrdə də həmin narahatlığı doğurub.

AZƏRTAC xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 28-də təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Bir neçə ölkədə son iki həftə ərzində tətbiq olunmuş məhdudiyyətlər haqqında məlumat verən Prezidentin köməkçisi bildirib: "Demək istəyirəm ki, vəziyyət gərgin olaraq qalır. Azərbaycanda ciddi məhdudiyyətlərin tətbiq olunması barədə hər hansı bir qərar yoxdur. Təbii ki, bizdə vəziyyət sabitdir. Azərbaycanda məhz uğurlu vaksinasiya strategiyası, kifayət qədər düşünülmüş ölkəyə xaricilərin daxil olması sistemi mövcuddur. Biz özümüzü qorumaqda müvəffəqiyyət qazandığımızı hesab edirik. Bildiyiniz kimi, son ay ərzində bizdə yoluxma sayları aşağıya doğru gedir".

AZƏRTAC