Prezidentin köməkçisi: Kəlbəcərdə həlak olan jurnalistlərin topladıqları materiallar Azərbaycan xalqına yüzilliklər boyu lazım ola bilər
Digər xəbərlər

Prezidentin köməkçisi: Kəlbəcərdə həlak olan jurnalistlərin topladıqları materiallar Azərbaycan xalqına yüzilliklər boyu lazım ola bilər

Kəlbəcərdə həlak olan jurnalistlərin topladıqları materiallar Azərbaycan xalqına yüzilliklər boyu lazım ola bilər. Bu, bizim xalqımızın salnaməsidir. Onlar çox gərəkli görürdülər, azad olunmuş əraziləri  qarış-qarış gəzərək erməni vandallarının törətdikləri dağıntıları, cinayətləri sənədləşdirirdilər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Kəlbəcərdə xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək həlak olan AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovla vida mərasimində söyləyib.

Şəhid jurnalistlərə Allahdan rəhmət diləyən Hikmət Hacıyev deyib: “Mən Prezident İlham Əliyevin tapşırığına əsasən buradayam. İlk növbədə, cənab Prezidentin, hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın adından mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

Həlak olan jurnalistlər xidməti vəzifələrini yerinə yetirərkən mənfur ermənilər tərəfindən qoyulmuş minanın qurbanı olublar. Onların gördüyü işlərin böyük dəyəri var. Onlar bütün kəndlərimizi, şəhərlərimizi addım-addım gəzərək ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikləri sənədləşdirirdilər. Bu çox dəyərlidir, bu gün üçün , yüzilliklər sonra da vacibdir. AZƏRTAC tərəfindən, Azərbaycan Televiziyası tərəfindən ezamiyyəti dəyişdirmək barədə müraciətin olmasına baxmayaraq onlar geri dönmək istəmirdilər. Bu işi böyük əzmlə, fədakarlıqla, həvəslə yerinə yetirirdilər. Təəssüf ki, mənfur ermənilər tərəfindən xaincəsinə basdırılmış minanın qurbanı oldular. Bu, eyni zamanda, Azərbaycan jurnalistikası mediası üçün böyük itkidir”.

Prezidentin köməkçisi qeyd edib ki, müharibə dövründə Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan əsgərləri ilə çiyin-çiyinə Azərbaycan jurnalistlərinin, Azərbaycan mediasının da rəşadətinin şahidi olduq. “Onlar ön cəbhədə idilər. Ermənilərin vəhşiliyini əks etdirən foto videoları bütün dünya ictimaiyyətinə çatdırırdılar. Kəlbəcərdə həlak olan qardaşlarımızın gördüyü bu gərəkli fəaliyyətin tərkib hissəsi idi. Faciə ilə bağlı bütün beynəlxalq təşkilatlara müraciət olunub, bu vəhşilik dünya ictimaiyyəti tərəfindən qınanmalıdır”, - deyə Hikmət Hacıyev vurğulayıb.       

AZƏRTAC