Prezidentin köməkçisi
Digər xəbərlər

Prezidentin köməkçisi "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb.

Görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə qaliblərlə tanış olan Şahmar Mövsümov daha sonra onlara əsas milli inkişaf prioritetlərindən bəhs edib. Bu prioritetlərin içində insan kapitalının inkişaf etdirilməsinin dövlətin xüsusi marağında olduğunu qeyd edən Prezidentin köməkçisi "Yüksəliş" müsabiqəsinin bu istiqamətdə xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib. Daha sonra Şahmar Mövsümov qeyri-neft sahəsinin inkişafı, iqtisadi və informasiya texnologiyaları sahələrinin inkişafı ilə bağlı qaliblərin təkliflərini dinləyib, suallarını cavablandırıb.

Şahmar Mövsümov "Yüksəliş" müsabiqəsinin qaliblərinə şəxsi idarəçilik təcrübəsi əsasında tövsiyələrini də verib. Kommunikasiya bacarıqlarının doğru istifadə edilməsi üçün dürüstlüyün ən vacib amil olduğunu qeyd edən Prezident Administrasiyasının şöbə müdiri qaliblərə stereotiplərdən qaçaraq, daim araşdırmağın vacib bacarıq olduğunu bildirib.

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, "Yüksəliş" müsabiqənin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva Şahmar Mövsümova iştirak üçün təşəkkürünü bildirərək, gələcəkdə belə görüşlərin mütəmadi təşkil ediləcəyini söyləyib.

Qeyd edək ki, ikinci "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsi davam edir.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini, ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

AZƏRTAC