“PROKUROR” PYESİ YENİDƏN SƏHNƏDƏ
Region

“PROKUROR” PYESİ YENİDƏN SƏHNƏDƏ

Ötən əsrin 40-cı illərində ədəbiyyata Qail təxəllüsü ilə gələn Məmmədhüseyn Əliyev “Dağlar oğlu”, “Dağda bahar”, “Torpağın ətri”, “Döyüşən illər” kimi irihəcmli romanları, povest və hekayələri ilə oxucuların dərin rəğbətini qazanıb. Planetimizin ən qocaman sakini, Lerikin Pirasora kəndində 152 il ömür sürmüş Mahmud Eyvazov haqqında yazdığı “Dağlar oğlu” romanı rus dilinə tərcümə edilərək “Sovetskiy pisatel” nəşriyyatında çap olunub, keçmiş ittifaqda yazıçıya böyük şöhrət gətirib.

Yazıçının “Ana fəryadı”, “Prokuror” və digər pyesləri uzun müddət N.B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının səhnəsində oynanılıb, istedadlı yazıçı-publisisti həm də dramaturq kimi tanıdıb. Uzun illər ədəbiyyat sahəsində səmərəli fəaliyyətinə görə yazıçı Məmmədhüseyn Əliyev Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

1977-1988-ci illərdə Lənkəran rayon prokuroru vəzifəsində işləmiş, respublikanın Əməkdar hüquqşünası  Tələt Balakişi oğlu Qəmbərovun prokurorluq orqanlarında zəngin fəaliyyətinə həsr etdiyi “Prokuror” əsəri 1980-ci illərin əvvəllərində N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında səhnəyə qoyulub,  o illərdə teatrsevərlərin dərin rəğbətini qazanıb. Tələt Qəmbərovun 90 illik yubileyi ərəfəsində 41 ildən sonra əsər  bu gün yenidən teatrın səhnəsinə qayıdıb.

Tamaşanın quruluşçu rejissorları Əməkdar incəsənət xadimi Oruc Qurbanov və Anar Babalı, quruluşçu rəssamı Fuad Babazadə, musiqi tərtibatçısı Miranda Qurbanovadır. Rolları Əməkdar artist Sücəddin Mirzəyev, artistlərdən Saleh Əzimzadə, Qızılgül Quliyeva, Allahverən Babayev, Hikmət Cəfərov, Şəbnəm Hüseynova, Vəfa Hacızadə, Amil İbrahimli və Teymur Hacızadə ifa ediblər.

Əsər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.