Prokurorluq işçilərinin peşə bayramı günü və milli prokurorluğun yaradılmasının 103-cü ildönümü qeyd olunub
Digər xəbərlər

Prokurorluq işçilərinin peşə bayramı günü və milli prokurorluğun yaradılmasının 103-cü ildönümü qeyd olunub

Azərbaycan Prokurorluğunun kollektivi müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin Sərəncamına əsasən, 1998-ci ildən etibarən hər il oktyabrın 1-də peşə bayramını geniş qeyd edir. Builki bayram milli prokurorluq orqanlarının yaradılmasının 103-cü ildönümünə təsadüf edib.

Bu münasibətlə Baş Prokurorluğun rəhbərliyi oktyabrın 1-də Fəxri xiyabana gələrək, ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn prokurorluğun kollektivi Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyub, "Əbədi məşəl" abidəsini ziyarət ediblər.

Daha sonra Baş Prokurorluqda 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və milli prokurorluğun yaradılmasının 103-cü ildönümü münasibətilə mərasim keçirilib.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Dövlət Himni səsləndirildikdən sonra Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, veteranları, onların ailə üzvlərini peşə bayramı münasibətilə təbrik edib.

Kamran Əliyev builki bayram tədbirinin əvvəlki dövrlərdən fərqləndiyini bildirərək, bunun səbəbinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün ərzində şanlı Qələbə qazanaraq, torpaqlarımızı düşmən işğalından azad etməsi olduğunu göstərib.

Baş Prokuror bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.

Qeyd edilib ki, prokurorluq orqanlarında həyata keçirilən hüquqi islahatlar nəticəsində Azərbaycan Prokurorluğu milli maraqların və qanunun aliliyinin təmin olunmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən müasir dövlət təsisatına çevrilib. Prokurorluq orqanlarına müasir dünyagörüşlü, bilikli və dövlətçilik ideyalarına sadiq gənc hüquqşünasların qəbulu prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsinə təkan verib.

Xüsusilə qeyd olunub ki, bu gün prokurorluq orqanları qanunların icra və tətbiqinə prokuror nəzarətini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirilməklə, istintaq və dövlət ittihamının müdafiəsi sahəsindəki fəaliyyəti ilə dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinin müdafiəsində əhəmiyyətli rol oynayır.

Baş prokuror çıxışının sonunda əminliklə bildirib ki, prokurorluq orqanlarının əməkdaşları göstərilən yüksək etimadı doğrultmaq üçün bütün səylərini səfərbər edəcək, öz vəzifələrinə bundan sonra da məsuliyyətlə yanaşaraq, ictimai asayişin təmin olunmasında və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasında respublikanın digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə yaxından iştirak edəcək.

Sonra Baş Prokurorluq tərəfindən təşkil edilən intellektual yarışda qalib gələn tələbələrin, prokurorluq əməkdaşları arasında keçirilmiş şahmat turnirinin qaliblərinin, "Prokurorluğun dostu" mükafatına layiq görülmüş media qurumlarının və onların nümayəndələrinin, xidməti fəaliyyətlərində fərqləndiklərinə görə mükafatlandırılmış prokurorluq əməkdaşlarının təltif olunması mərasimi keçirilib.

Sonda prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaradılmasının 103-cü ildönümü münasibətilə keçirilmiş silsilə tədbirlərə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirin yekununda Baş prokuror əməkdaşları bir daha təbrik edərək, onlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.

AZƏRTAC