Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanı mərhələsində müvəffəqiyyət qazanmış namizədlərin nəzərinə
Digər xəbərlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanı mərhələsində müvəffəqiyyət qazanmış namizədlərin nəzərinə

Baş Prokurorluq tərəfindən Dövlət İmtahan Mərkəzi ilə birgə oktyabrın 8-də Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnamənin tələblərinə müvafiq olaraq elan edilmiş sayca 23-cü müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilib və imtahanın nəticələri Dövlət İmtahan Mərkəzinin (www.dim.gov.az), habelə Baş Prokurorluğun (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) rəsmi internet səhifələrində yerləşdirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin test imtahanında müvəffəqiyyət qazanmış namizədlər aşağıda qeyd olunan sənədləri oktyabrın 16-dan oktyabrın 30-dək hər gün (həftənin bazar günləri istisna olmaqla) saat 09:30-dan saat 18:00-dək Baş Prokurorluğun inzibati binasının qəbul otağında (Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) Kadrlar idarəsinin əməkdaşına təqdim etməlidirlər:

- 3x4 sm ölçüdə 4 ədəd ağ fonda rəngli fotoşəkil;

- əmək kitabçasının notariat qaydasında və yaxud iş yeri üzrə təsdiq edilmiş surəti;

- yaşadığı ünvan üzrə poliklinikadan sağlamlıq barədə (forma № 086), habelə ruhi-əsəb və narkoloji dispanserlərdə qeydiyyatda olub-olmaması barədə arayışlar;

- yaşadığı ünvan və ailə tərkibi haqqında arayış;

- yaşadığı ünvan üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumlarında qeydiyyatda olması və həqiqi hərbi xidmət keçməsi barədə arayış;

- hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti;

- həmçinin ilkin sənəd qəbulu zamanı elektron poçt vasitəsilə göndərilmiş sənədlər (müvafiq ərizə, şəxsiyyət vəsiqəsinin, ali təhsil haqqında diplomun, diplomun tanınması barədə şəhadətnamənin və diploma əlavənin (qiymət cədvəlinin) notariat qaydasında təsdiq olunmuş surətlərini, kadrlar uçotunun şəxsi vərəqəsini, tərcümeyi-halı və 4x6 sm ölçüdə 4 ədəd ağ fonda rəngli fotoşəkil).

Sənədlərin qəbulu koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən xüsusi rejimdə iş normalarına dair verilmiş təlimata uyğun olaraq aparılacaq.

Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82, 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

AZƏRTAC