Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi noyabrın 19-da keçiriləcək
Digər xəbərlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi noyabrın 19-da keçiriləcək

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"yə uyğun olaraq, Baş Prokurorluq tərəfindən elan edilmiş müsabiqənin yazılı imtahan mərhələsi noyabrın 19-da saat 10:00-dan başlayaraq 4 saat müddətində Azərbaycan Texniki Universitetinin İdman Sarayında (ünvan: Bakı şəhəri, Ayna Sultanova küçəsi 5) keçiriləcək. İmtahan koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi xüsusi karantin rejiminə dair qaydaların tələblərinə riayət olunmaqla təşkil ediləcək.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, imtahanı müşahidə etmək üçün müvafiq qurumların, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət olunacaqlar.

Yazılı imtahana buraxılmış namizədlər "Yazılı imtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsinin əslini təqdim etməklə imtahanda iştirak edə bilərlər.

Namizədlər buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün imtahana azı bir saat qalmış imtahan keçiriləcək binanın qarşısında olmalıdırlar.

İmtahanın keçirilməsi qaydalarına dair məlumat "Yaddaş kitabçası"nda əks etdirilmişdir.

Namizədlər "Yazılı imtahana buraxılış vərəqəsi" və "Yaddaş kitabçası"nı noyabrın 17-18-də saat 10:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Baş Prokurorluğun inzibati binasının qəbul otağında (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər.

İmtahanla bağlı əlavə məlumat almaq üçün 437-28-56, 492-06-82, 492-74-32 və 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

AZƏRTAC