Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc hüquqşünasların andiçmə mərasimi keçirilib
Digər xəbərlər

Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc hüquqşünasların andiçmə mərasimi keçirilib

Yanvarın 17-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşlar əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Şəhidlər xiyabanına gələn gənc hüquqşünaslar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər.

Mərasimdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, qazilərə şəfa dilənib.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müdrik və düşünülmüş dövlətçilik kursunun alternativsiz davamçısı, "Qarabağ Azərbaycandır!" ifadəsini milli mübarizəmizin rəmzinə çevirən Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin möhtəşəm uğurlara imza ataraq növbəti onilliklər üçün tərəqqisinə və qələbələrinə geniş imkanlar yaradıldığını bildirib.

Tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazılan Vətən müharibəsindəki Zəfərin Azərbaycanın regionda və dünyada mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirməklə dövlətimizin başçısının rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə gerçəkləşən nəhəng və surətli tikinti-quruculuq, bərpa işlərinin əbədi azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzura "Böyük Qayıdış"ın əsasını qoyduğu, Zəfər yolunun və "Qarabağın hava qapısı" adlandırılan Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsinin, eləcə də 2022-ci ilin ölkəmizdə "Şuşa İli" elan edilməsinin doğma torpaqlarımızın dirçəldilməsinin təminatı olduğu diqqətə çatdırılıb. Azərbaycan dövləti və xalqı üçün əlamətdar olan bir gündə - iyunun 15-də Şuşada imzalanan Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında müstəsna siyasi və tarixi əhəmiyyətə malik Bəyannamənin Qarabağ Zəfərindən sonra qazanılan növbəti tarixi uğur olmaqla yanaşı, iki dost və qardaş ölkə arasında mövcud əlaqələri və əməkdaşlığı yeni strateji müttəfiqlik səviyyəsinə yüksəltdiyi bildirilib.

Qeyd olunub ki, dövlətimizin başçısının parlaq diplomatik məharəti sayəsində Vətən müharibəsinin nəticələri mötəbər beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən də qəbul edilib. Bölgədə sülhün və əmin-amanlığın bərpası istiqamətində ötən ilin noyabr və dekabr aylarında müvafiq olaraq, Soçidə Rusiya Prezidentinin və Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Ermənistanın Baş naziri ilə keçirilmiş üçtərəfli görüşlər diplomatik qələbəmizin növbəti təntənəsi olub.

Mərasimdə torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələrinin, döyüşlərdə yaralanan qazilərin, eləcə də müharibə iştirakçılarının Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna qayğısı ilə əhatə olunduqları xüsusi vurğulanıb. Bu baxımdan Qarabağ müharibəsi əlillərinin və onların ailə üzvlərinin sosial müdafiəsinə xüsusi qayğının daha bir təzahürü olaraq Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişlərin edilməsi barədə dövlətimizin başçısının Fərmanının, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə yeni evlərin və mənzillərin verilməsinin, onların maddi-sosial problemlərinin aradan qaldırılmasına və təminatına dəstək məqsədilə yaradılmış "YAŞAT" Fondunun həyata keçirdiyi tədbirlərin önəmi diqqətə çatdırılıb.

Bildirilib ki, Prezident İlham Əliyevin fədakar və yorulmaz fəaliyyəti nəticəsində dünyaya yeni iqtisadi və sosial inkişaf modeli təqdim edən Azərbaycan bütün sahələrdə inkişaf tempini 2021-ci ildə də qoruyub saxlaya bilib. Ölkəmizdə həyata keçirilmiş qabaqlayıcı tədbirlərlə pandemiya tam nəzarət altına alınıb. Koronavirusla mübarizə tədbirləri ilə yanaşı, 44 günlük Vətən müharibəsinə baxmayaraq, ötən il heç bir sosial layihə təxirə salınmayıb, iqtisadi islahatlar daha da dərinləşib.

Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq uçun namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən başlayaraq keçirilən müsabiqələr yolu ilə qulluğa qəbul olunmuş hüquqşünasların Azərbaycan Respublikası Prokurorluğunun kadr korpusunun əhəmiyyətli hissəsini təşkil etməsi, onların tutduqları vəzifələrdə səmərəli fəaliyyəti, həmin gənclərin bir çoxunun rəhbər və yuxarı təsnifatlar üzrə vəzifələrə irəli çəkilməsi Prezident İlham Əliyevin ölkə həyatının bütün sahələrində gənclərin daha mühüm vəzifələrə təyin edilməsi barədə göstərişlərinin icrasının nəticələridir.

Baş prokuror bildirib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi respublikamızda gəncliyin inkişaf yoluna işıq salmaqla gənclərin dövlət idarəçiliyində, bir sözlə, ictimai həyatın bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib. Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə həyata keçirilən mütəmadi tədbirlər gənclərin təhsil, ailə, məişət, məşğulluq məsələlərinin həllində mühüm rol oynayaraq, gəncliyin uğurlu gələcəyinə hesablanıb.

Dövlətimizin başçısının rəhbərliyi ilə görülən işlərin, milli mənafeyimizin ən yüksək səviyyədə qorunmaqla dönməz sabitliyə və təhlükəsizliyə, davamlı inkişafa, etibarlı sosial rifaha, tərəqqiyə və firavan gələcəyə yönəlmiş fəaliyyətinin xalqımız tərəfindən daim dəstəkləndiyini nəzərə çatdıran Baş prokuror Kamran Əliyev prokurorluq əməkdaşlarının həyata keçirilən siyasi kursa, dövlətə və dövlətçiliyə daim sadiq olduqlarını qeyd edib.

Bildirilib ki, prokurorluq orqanlarına qulluğa qəbulla bağlı 2021-ci ildə keçirilmiş 23-cü müsabiqədə namizədlərin yüksək nəzəri biliklərə, geniş dünyagörüşünə, xarici dil biliklərinə, sağlam mənəviyyata, məntiqi düşünmə qabiliyyətinə və prokurorluqda işləmək üçün zəruri olan digər keyfiyyətlərə malik olmaları, o cümlədən prokurorluqda qulluq keçmək arzuları, prokurorluq orqanlarında mövcud olan vakant ştat vahidləri nəzərə alınmaqla 83 gənc hüquqşünas qulluğa qəbul edilib.

Daha sonra prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərin vəzifələrə təyin edilməsi barədə Baş Prokurorluq üzrə əmr elan edilib. İşə qəbul olunanlar təntənəli surətdə and içiblər.

Sonra Baş prokuror Kamran Əliyev qulluğa yeni qəbul olunmuş gənc əməkdaşlara xidməti vəsiqələri təqdim edib.

Prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərdən Sevinc Qasımova, Elvin Rafailzadə və Vətən müharibəsi iştirakçısı Xalıq Dadaşzadə çıxış edərək gənc mütəxəssislərə göstərilən dövlət qayğısına görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildirib, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına söz veriblər.

Tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Baş prokuror Kamran Əliyev mərasimə yekun vuraraq qulluğa qəbul olunan gənc prokurorluq əməkdaşlarını təbrik edib. Kamran Əliyev onların prokurorluq işçisinin şərəfini həmişə uca tutacaqlarına əminliyini bildirib.

AZƏRTAC