Prokurorluq orqanlarının veteranları ilə gənc əməkdaşları arasında görüş keçirilib
Digər xəbərlər

Prokurorluq orqanlarının veteranları ilə gənc əməkdaşları arasında görüş keçirilib

Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının rəhbəri seçilməsi ilə əlaqədar olaraq “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin idarə heyətinin üzvləri ilə prokurorluğun gənc əməkdaşları arasında Baş Prokurorluqda görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1969-cu il iyulun 14-dən başlayaraq respublikaya rəhbərlik etməsi ilə Azərbaycanda yeni bir tarixi dövrün təməli qoyulub. İqtisadi və sosial inkişaf baxımından digər sovet respublikalarından geri qalan Azərbaycan SSR məhz ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində qısa müddətdə regionun və bütün Sovetlər Birliyinin lider respublikalarından birinə çevrilib.

Ulu öndər Heydər Əliyevin digər sahələrlə yanaşı, ordu quruculuğu sahəsində də həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir ki, bu gün 30 ilə yaxındır mənfur erməni faşistlərinin işğalında olmuş doğma torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə işğaldan azad olunub. Müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsinin fatehi Prezident İlham Əliyev özünün müdrik rəhbərliyi, uzaqgörən siyasəti, qətiyyəti və güclü ordusu ilə qısa müddətdə bütün dünyaya Azərbaycan xalqının iradəsini, əzmini və gücünü nümayiş etdirdi.

“Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin idarə heyətinin təşkilatçılığı ilə iyulun 14-də Baş Prokurorluğun yeni inzibati binasında ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının rəhbəri seçilməsi ilə əlaqədar olaraq prokurorluğun gənc əməkdaşları ilə görüş keçirilib.

Görüş iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş fotoguşə və kitabxana ilə tanış olublar. ümummilli lider Heydər Əliyevin həyat fəaliyyəti və yaradıcılığını özündə əks etdirən və bir neçə xarici dildə çap olunmuş kitablar tədbir iştirakçılarında zəngin təəssürat yaradıb.

Daha sonra tədbir akt zalında davam etdirilib. Tədbiri açıq elan edilərək xalqımızın Ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. İştirakçılar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublikamıza rəhbərliyi zamanı əldə olunmuş uğurlara həsr edilmiş “Heydər Əliyev - Dəyərlərimizin xilaskarı” adlı filmə tamaşa ediblər.

“Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin idarə heyətinin sədri Seyfulla Aslanov “Azərbaycan Prokurorluğunun inkişafında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda çıxış edib. O, prokurorluq orqanlarında fəaliyyət etdiyi dövrdə Ulu Öndərin Azərbaycan Prokurorluğunun inkişafında müstəsna rolunu qeyd edib. Məhz tarixdə ilk dəfə “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və prokurorluğun fəaliyyətini tənzimləyən digər qanun və normativ aktların qəbul edilməsinin Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. 

Birliyin üzvləri Durhəsən İmanov, Abisalam Heydərov, Nəriman Ələkbərov və Səyyaf Qubadov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına olan xidmətlərindən danışıblar.

Prokurorluğun gənc əməkdaşı Aqil Əlizadə ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi nəticəsində gənclərə göstərilən diqqət və qayğıdan danışıb.

Tədbirin yekununda xatirə şəkli çəkilib.

AZƏRTAC