Psixoloqlarımızdan türk qardaşlarımıza mənəvi dəstək
Digər xəbərlər

Psixoloqlarımızdan türk qardaşlarımıza mənəvi dəstək

Fevral ayının 6-da qardaş ölkə Türkiyədə baş verən güclü zəlzələ nəticəsində böyük bir bölgənin taleyi tamamilə dəyişdi. Təbii fəlakətin təsir gücü o qədər böyük olmuşdur ki, ərazi tamamilə dağıntılara məruz qalmış, çox sayda insan tələfatı baş vermişdir. Ətrafdakı dağılıb, uçmuş binalar fəlakətin qədər dəhşətli olduğunu göstərir. Zəlzələ nəticəsində dünyasını dəyişənlərin sayı artıq 48 mini keçib.

Ərazinin böyük bir hissəsi zəlzələ qurbanlarının dəfn olunduğu məzarlıqdır. Demək olar ki, hər ailədən dünyasını dəyişən yaxud da tamamilə məhv olmuş ailələr varYaralıların sayı isə 115 mindən çoxdur. Bölgədə səyyar xəstəxanalar fəaliyyət göstərir. Zərər görmüş insanların dağıntılar altından xilas edilməsi ilə yanaşı, müalicə olunmasında da Azərbaycan qardaş ölkəyə yardım edir. Ölkəmizdən gedən həkim briqadası zəlzələ nəticəsində yaralanmış insanlara hər cür yardım qayğı ilə yanaşır. Fəlakətin dəhşətlərini vurduğu mənəvi, psixoloji zərbəni nəzərə alan dövlətimiz tərəfindən bölgəyə psixoloqlar da cəlb edilmişdir. Azərbaycanlı psixoloq həkim heyəti sarsıntı keçirən insanlarla fərdi yaxud da qrup formasında söhbətlər edir, yaranmış gərginliyi aradan qaldırmaq üçün əllərindən gələni əsirgəmirlər

Kahramanmaraş ətraf ərazilərdə fəaliyyət göstərən azərbaycanlı psixoloqlar zərər görən qardaşlarımıza hər cür maddi-mənəvi yardım göstərir. Əlbəttə ki, uşaqlar da yaddan çıxmamış, əhalinin ən həssas təbəqəsindən olan uşaqlara xüsusi qayğı diqqətlə yanaşırlar. Çünki bu uşaqlar arasında valideyninin hər ikisini yaxud da birini itirmiş uşaqlar var. Aldıqları sarsıntı mənəvi zərbəni yüngülləşdirmək məqsədilə psixoloqlarımız uşaqlarla qrup oyunları təşkil edir, asudə vaxtlarını maraqlı keçirmək üçün əllərindən gələn köməklikləri göstərirlər

Bölgədə fəaliyyət göstərən  Azərbaycan Psixologiya Akademiyası Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərərçəkən insanlara bütün mümkün olan yardımları etmişlər. Psixoloqlar bildirirlər ki, zəlzələ bölgəsində insanların psixoloji durumu çox gərgindir. Əlbəttə ki, bu da təbiidir. Onların gözləri qarşısında baş vermiş dəhşətli fəlakət nəticəsində insanlar öz yaxınlarını, doğmalarını itirmişlər. Bu da zəlzələnin insanların taleyinə vurduğu ən ağır zərbədir. yaxud da bir anın içində xoşbəxt həyatını yaşayan biri, zəlzələ nəticəsində hər şeyini itirmişdir. Gözünün qarşısında dağılan evinin uçqunları altında doğmaları yaşamaq uğrunda mücadilə edir. Dağıntılar altından yaxınlarının cansız bədənləri ilə qarşılaşırlar. Bəli, bütün bunlar hamısı zəlzələ dəhşətlərinin insanların taleyində saldığı izdir. Onlar baş verənləri unuda bilməsələr , psixoloji yardım nəticəsində az da olsa ovunurlar. Toparlanıb yaşamağa davam etməkdə özlərində güc tapırlar. Bu mənada, psixoloji yardım önəmli olduğu qədər vacibdir. Elə bunları da nəzərə alan azərbaycanlı psixoloqlar qardaş dövlətdə bütün varlıqları ilə xidmət göstərirlər.

Artıq bölgədə abadlıq, tikinti-quruculuq işlərinə başlanılıb. Ətraf dağıntılardan təmizlənir. Yeni, fərqli daha keyfiyyətli binaların tikintisinə başlanılıb. Bölgə daha gözəl görkəm alacaq. Əhaliyə yeni yaşayış  binaları tikilib veriləcək. Ancaq insanların yaddaşından faciənin izləri silinməyəcək. keçmiş yaşayış tərzlərini, itirdikləri doğmalarını unuda bilməyəcəklər.

Ramidə YAQUBQIZI,

"Respublika".