Qafqaz Müsəlmanları İdarəsində Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüş keçirilib
Digər xəbərlər

Qafqaz Müsəlmanları İdarəsində Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüş keçirilib

Fevralın 23-də Qafqaz Müsəlmanları İdarəsində "Müharibə cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində" mövzusunda keçirilən XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə qonaqları salamlayıb, gənclərin "multikultural dəyərlər" diyarı Azərbaycana səfərindən məmnunluğunu ifadə edib.

Şeyxülislam Allahşükür Paşazadə belə tədbirlərin əhəmiyyətindən danışıb, 17 ölkədən (Türkiyə, Rusiya, İran, İtaliya, Almaniya, Koreya, Hindistan, Yaponiya, Rumıniya, Peru, ABŞ, Braziliya, Ukrayna, Bolqarıstan, Pakistan, Gürcüstan) gələn gənclərin ölkəmizə səfərini müsbət qiymətləndirib, onların Azərbaycan reallıqlarını əyani şəkildə görmək imkanı qazandıqlarını bildirib.

QMİ-nin sədri gənclərin ölkəmizə səfərlərini layiqincə dəyərləndirəcəklərinə və dünyada insanların sülh, qarşılıqlı anlaşma şəraitində yaşamanın - multikultural həyat modelinin Azərbaycan nümunəsi kimi nadir forması ilə yerindəcə tanış olmaq üstünlüyündən gələcək tədqiqatlarında faydalanacaqlarına ümidvar olduğunu deyib.

Gənclərin diqqətinə çatdırılıb ki, Azərbaycanda real həyat tərzi olan multikultural yaşayış modeli həm tarixi köklərə malikdir, həm də dövlət siyasəti olaraq həyata keçirilir. Azərbaycan dövləti çoxmillətli, çoxkonfessiyalı cəmiyyətimizi milli sərvət kimi dəyərləndirir, onu qoruyur, inkişaf etdirir və hərtərəfli dəstəkləyir. Bu müdrik dövlət siyasətinin qarantı Azərbaycan Respublikasının Prezidentidir. Milli-mənəvi dəyərlərin inkişafı ilə yanaşı, bəşəri dəyərlərə də ehtiram nümayiş etdirən, bu istiqamətdə həm ölkə çərçivəsində, həm də qlobal müstəvidə əməli səylər göstərən, beynəlxalq miqyasda təşəbbüs və layihələrlə çıxış edən Azərbaycan dövləti öz nümunəsi ilə bütün dünyaya bəyan edir ki, müxtəlif dini və etnik mənsubiyyətə malik insanların mənəvi harmoniya şəraitində yaşadıqları və tərəqqi etdikləri multikultural cəmiyyət yaratmaq mümkündür. Bu, Uca Allahın iradə və hökmlərinə uyğun, bəşəriyyətə buyurduğu yeganə düzgün yaşayış tərzidir. İstənilən cəmiyyətlərin rifah və tərəqqisi bundan keçir. Necə ki, Azərbaycan dövlətinin və xalqının qazandığı bütün nailiyyətlərin təməlində məhz bu dəyərlər durur.

Gənclərə məlumat verilib ki, Azərbaycan 2020-ci ildə müdrik dövlət liderinin rəhbərliyi ilə möhkəm xalq-dövlət birliyi, sarsılmaz milli həmrəylik nümayiş etdirərək özünün rəşadətli ordusunun gücü ilə 30 illik işğala son qoyaraq əzəli torpaqlarını azad, tarixi ədaləti isə bərpa edib. Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfər nəinki ölkə, bölgə əhəmiyyətli, hətta dünya üçün özəl məna kəsb edən qələbə, tarixi hadisə olub. Bu, multikultural Azərbaycanın monoetnik, faşist və irqçiliyə meyilli Ermənistan üzərində qazandığı qələbə olub. Ərazilərimizin Ermənistan tərəfindən işğalı, Birinci və İkinci Qarabağ müharibələri dövründə Azərbaycan xalqına qarşı etnik təmizləmə, soyqırımı, torpaqların yandırılması, dinc əhaliyə, yaşayış məkanlarına qarşı qadağan olunmuş silahlardan istifadə və bu kimi digər bəşəri cinayətlərlə yanaşı, mədəni soyqırımı - tarixi irsimizə, mədəni-mənəvi abidələrimizə qarşı vandalizm həyata keçirilib.

QMİ sədri təəssüflə qeyd edib ki, erməni kilsəsi öz aqressiv münasibətini və qızışdırıcı fəaliyyətini indi də davam etdirməkdədir. Azərbaycanın erməni işğalı altında olmuş torpaqlarında dağıntı, həqarətə məruz qoyulmamış salamat bir məscid, dini abidə qalmadığı halda, erməni kilsəsi bütün dünyaya Azərbaycanda guya xristian dini abidələrinin təhlükədə olduğu barədə, habelə ziyarət və ibadətlərinə maneə yaradıldığına dair saxta məlumatlar göndərir. Bununla belə, bütün dünya şahidi oldu ki, atəşkəsə nail olunduqdan sonra erməni dini lideri Azərbaycan torpağı olan Qarabağda abad kilsə və monastırları rahatlıqla ziyarət edib, ibadətini həyata keçirib. Təəssüf doğurucu hal odur ki, erməni katolikosu öz həvari səfərini bütün dinlərin buyurduğu müqəddəs amallara zidd olan müharibə, qisas ruhunun dəstəklənməsinə həsr edərək dini hisslərdən siyasi məqsədlər üçün bu gün də sui-istifadə edir. Halbuki, din xadiminin missiyası münaqişə və qarşıdurmaya deyil, barış və əmin-amanlığa xidmət etməkdir. Xankəndinə səfəri zamanı erməni kilsəsinin başçısı, əvvəllər olduğu kimi, xalqı savaşa çağırmış və hərbi mübarizənin sona çatmadığını, davam edəcəyini bəyan etmişdir. Təəssüflə deyilməlidir ki, erməni apostol kilsəsi erməni xalqını dinc həyata, qarşılıqlı anlaşma və əməkdaşlığa sövq etmək əvəzinə, onu yenidən müharibəyə, revanşizmə ruhlandırır. Din xadiminin yeni müharibələrə, nifrətə, işğalçılığa, separatçılığa səsləyən bəyanatlarına, irqçi çağırışlarına dünya ictimaiyyəti biganə qalmamalı və belə hallara qarşı öz səsini ucaltmalıdır.

Gənclərin Azərbaycanda olduğu müddətdə işğaldan azad olunmuş ərazilərə səfər edərək ermənilərin qandonduran cinayətlərinin, mədəniyyət və dini abidələrimizə qarşı həyata keçirdikləri vandal siyasətin nəticələrini bilavasitə görmək imkanı qazandıqlarını deyən QMİ sədri bildirib ki, əgər iştirakçıların tədqiq etdiyi mövzunun "Müharibə cinayətləri mədəni irsə qarşı - Qarabağ münaqişəsinin tarixi kontekstində" olması nəzərə alınarsa, bunu ölkəmizə gəlmiş hər bir gənc üçün çox maraqlı və əhəmiyyətli təcrübə hesab etmək olar.

"Biz bütün dünya ictimaiyyətini Azərbaycana, azad Qarabağa dəvət edirik. Qoy gəlsinlər, həqiqətləri gözləri ilə görsünlər və pisləsinlər ki, bir daha hər hansı xalq, millət belə bir vandalizmlə üzləşməsin. Düşünürəm ki, bu əyani təcrübəni heç vaxt unutmazsınız və hər yerdə danışar, bu reallıqları yayarsınız. Bu, hər birimizin insanlıq borcu, aidiyyəti olan beynəlxalq qurumların vəzifəsidir", - deyə QMİ sədri qeyd edib.

Sonda Şeyxülislam Allahşükür Paşazadə Qış Məktəbinin iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin tövsiyəsinə əsasən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi hər il həm ölkəmizin, həm də xarici ölkələrin universitetlərində "Azərbaycan multikulturalizmi" fənnini öyrənən tələbələr üçün Beynəlxalq Multikulturalizm Qış və Yay məktəbləri təşkil edir. Bu il Mərkəz "Müharibə cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində" mövzusunda XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin keçirilməsinə başlayıb. 2022-ci ilin 18-24 fevral tarixlərində keçirilən Beynəlxalq Qış Məktəbi Azərbaycan multikulturalizmi haqqında biliklərini genişləndirməkdə maraqlı olan tələbə və tədqiqatçılarin bu istiqamətdə yeni mövzuları araşdırması, Azərbaycan təcrübəsindən yararlanmaqla məlumat dairəsini zənginləşdirməsi üçün imkan yaradır.

Tədbir çərçivəsində iştirakçılar Fəxri xiyaban, Şəhidlər xiyabanı, eləcə də Heydər Məscidi, Dağ Yəhudiləri Sinaqoqu, Rus Pravoslav Kilsəsi, Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət edib, İçərişəhəri gəziblər. Fevralın 19-da və 20-də Ağdam və Şuşa şəhərlərinə səfər zamanı iştirakçılar Ağdamda Cümə məscidi, Qiyaslı kənd məscidi, İmarət saray kompleksi, Şahbulaq qalası, Şuşada isə Vaqif Məqbərəsi, Bülbülün ev-muzeyi, Yuxarı və Aşağı Gövhərağa məscidləri, Qazançı kilsəsi, Şuşa qalası, Cıdır düzündə olub, erməni vandalizminin nəticələrini öz gözləri ilə görüblər.

AZƏRTAC