Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə səlahiyyətli nümayəndəsi Hacı Əli Əliyevdən
Məktublar

Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə səlahiyyətli nümayəndəsi Hacı Əli Əliyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Sizi 60 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Qədirbilən Azərbaycan xalqı ölkənin inkişafında, dövlətçiliyin möhkəmləndirilməsində Sizin xidmətlərinizi daim yüksək qiymətləndirir. Bir din xadimi olaraq vurğulamaq istəyirəm ki, Siz heç bir ayrı-seçkilik qoymadan səmavi dinlərə xüsusi diqqət göstərirsiniz. Dünyanın bir çox ölkələrində İslam və Xristian dinlərinə aid abidələrin - məscidlərin, kilsələrin və digər dini məbədlərin bərpasında Sizin xidmətləriniz böyük alqış və dualarla qarşılanır.

Otuz il hamımızın yaralı yeri olmuş Qarabağımızın azad edilməsi yaşınızın müdriklik çağında xalqımıza ən böyük hədiyyəniz oldu. Torpaqlarımızın azad edilməsindən sonra Qarabağa səfəriniz zamanı, ilk növbədə, məscidi ziyarət etməyiniz Sizin milli-mənəvi dəyərlərimizə nə qədər həssas yanaşdığınızın bariz nümunəsidir. Daim quruculuq və davamlı inkişaf tərəfdarı kimi İslama hörmət və diqqətinizi nümayiş etdirən addımlarınız Sizin mükəmməl inanc sahibi olduğunuzun mübaliğəsiz göstəricisidir.

Hörmətli Prezident, Gürcüstanda yaşayan çoxsaylı soydaşlarımıza qarşı həssaslığınız, ölkələrimiz arasındakı dostluq, qardaşlıq münasibətlərinin inkişafına xüsusi diqqətiniz bizi dərin tellərlə bağlayır. İnanırıq ki, bu bağlar getdikcə daha da möhkəmlənəcək.

Bizə böyük Zəfər yaşatdığınıza görə Sizə sidqi-ürəkdən duaçıyıq. Uca Yaradan zəfərlərinizi davamlı etsin. Sevinən, şərəfi, şanı özünə qaytarılmış Azərbaycan xalqının dualarını Allah-Taala ömrünüzə naxış kimi nəqş etsin.

Sizə möhkəm cansağlığı, ailə səadəti, yorulmaz fəaliyyətinizdə, sülh təşəbbüsünüzdə uğurlar diləyirəm.

Dərin hörmətlə, 

Hacı Əli Əliyev

Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə səlahiyyətli nümayəndəsi