Qafqaz Müsəlmanları İdarəsinin sədri Gürcüstan Patriarxı II İlya ilə görüşüb
Digər xəbərlər

Qafqaz Müsəlmanları İdarəsinin sədri Gürcüstan Patriarxı II İlya ilə görüşüb

Tbilisidə səfərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə iyulun 21-də Gürcüstan Patriarxı II İlya ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Gürcüstana səfərə dəvətə görə təşəkkür edən Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın salamlarını Patriarx II İlyaya çatdırıb.

A.Paşazadə Azərbaycan və gürcü xalqları arasındakı mehriban dostluq əlaqələrindən danışıb, münasibətlərimizin belə yüksək səviyyəyə çatmasında ali dini qurumların rolunu xüsusi qeyd edib. Bildirib ki, Azərbaycan ilə Gürcüstan Qafqazda sülh naminə çox iş görüblər. Bizim münasibətlərimiz bütün dünya üçün örnəkdir.

Patriarxla görüşdən böyük məmnunluq duyduğunu bildirən QMİ sədri diqqətə çatdırıb ki, ölkələrimiz arasında siyasi, dini, iqtisadi əlaqələr yüksək səviyyədədir və durmadan inkişaf edir.

Qeyd olunub ki, Azərbaycan və Gürcüstanın ali dini rəhbərləri tərəfindən həm sovet dönəmində, həm də müstəqillik illərində Qafqazın bütövlüyü, xalqların rifahı üçün böyük işlər görülüb. Azərbaycan Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi kimi, Gürcüstan da Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. Ümid edirəm ki, biz bundan sonra da birgə çox işlər görəcəyik.

"Siz Qafqazın ağsaqqalı kimi həmişə Azərbaycanın yanında - haqqın tərəfində olmusunuz. Azərbaycan xalqı da bunu yüksək qiymətləndirir. Xalqımız sizə böyük ehtiramla yanaşır və sizin varlığınıza dua edir", - deyə A.Paşazadə vurğulayıb.

QMİ sədri Gürcüstan Patriarxının Azərbaycana səfər edəcəyinə ümidvar olduğunu bildirib.

İkinci İlyanın hər zaman haqqın tərəfində olduğunu vurğulayan QMİ sədri deyib: "Siz dini lider olaraq hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmisiniz. Siz, əslində, bu yolla haqqın tərəfindən olduğunuzu sübut etmisiniz. Lakin erməni kilsəsi və rəhbərliyinin revanşizmə çağırışlar etməsinə təəssüflənirəm. Biz gənclərimizə sülhü təbliğ etdiyimiz halda, onlar gəncləri müharibəyə, silahlanmağa səsləyirlər. Bu da çox böyük təəssüf doğurur".

Allahşükür Paşazadə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edildiyini diqqətə çatdırıb. Deyib ki, erməni vandalları həmin ərazilərdəki bütün tarixi-dini abidələri dağıdıblar. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda ermənilər dağıdılmış bütün dini abidələr - kilsələr, məscidlər, sinaqoqlar bərpa olunur".

Patriarx II İlya deyib ki, Gürcüstan və Azərbaycan çətin və ağır günləri bir yerdə keçiblər. Bütün çətinliklərə sinə gərərək, hər iki dövlət və xalq ümumi rifah naminə əsas məqsədlərə nail olub.

Patriarx şeyxülislamdan Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını dövlətimizin başçısına və birinci xanıma çatdırmağı xahiş edib.

II İlya Azərbaycanın dövlət başçısını şəxsən tanıdığını, onunla dostluq əlaqələrinin olduğunu və bir neçə dəfə görüşdüyünü böyük məmnunluqla qeyd edib.

Sonra Gürcüstan Pravoslav Kilsəsinin yepiskopu Mitropolit Şio çıxış edərək, ali dini liderlərimiz, eləcə də ölkələrimiz arasındakı dostluq əlaqələrindən danışıb. Gürcüstan Patriarxlığına göstərdiyi böyük dəstəyə görə Azərbaycan Dövlət Neft Şirkətinə təşəkkürünü bildirib.

O deyib ki, Gürcüstan-Azərbaycan dinlərarası və millətlərarası münasibətlərin inkişafına verdiyi böyük töhfələrə görə şeyxülislam Allahşükür Paşazadə xüsusi ordenə layiq görülüb.

Orden QMİ sədrinə iyulun 22-də II İlyanın iqamətgahında keçiriləcək təntənəli mərasimdə təqdim ediləcək.

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze deyib ki, II İlya və şeyxülislam A.Paşazadə arasında yaxın dostluq əlaqələri Gürcüstan-Azərbaycan münasibətlərinin möhkəmlənməsində xüsusi rol oynayır.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxışında diqqətə çatdırıb ki, ali dini liderlərin görüşü iki qonşu və dost dövlət və xalqlarımız arasında sıx münasibətlərin göstəricisidir.

"Hər iki dini lider Azərbaycanla Gürcüstan arasında qarşılıqlı münasibətlərin inkişafına böyük töhfələr veriblər", - deyə diplomat vurğulayıb.

Daha sonra Azərbaycan parlamentinin deputatı Cavanşir Paşazadə Milli Məclisin sədri Sahibə Qafarovanın salamlarını II İlyaya çatdırıb, ölkələrimiz arasındakı münasibətlərdən danışıb.

Şeyxülislam A.Paşazadə səmimi qəbula görə II İlyaya və Patriarxlığın nümayəndələrinə təşəkkürünü bildirib.

Sonda xatirə hədiyyələri təqdim olunub.

AZƏRTAC