Qafqaz Müsəlmanları İdarəsinin sədri KAICIID-in Direktorlar Şurasının növbədənkənar sessiyasında iştirak edib
Digər xəbərlər

Qafqaz Müsəlmanları İdarəsinin sədri KAICIID-in Direktorlar Şurasının növbədənkənar sessiyasında iştirak edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə iyulun 1-də KAICIID Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının növbədənkənar sessiyasında iştirak edib.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, KAICIID Direktorlar Şurasının daxili prosedurlara həsr olunmuş onlayn toplantısının gündəmində duran əsas məsələ qurum adından bəyanatların verilməsi üçün meyarların müəyyən edilməsi idi.

Dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAICIID-in 9 nəfərlik Direktorlar Şurasında yer alan müsəlman dini lider şeyxülislam Allahşükür Paşazadə onlayn sessiyada çıxış edib. Beynəlxalq Mərkəzin bəyanat meyarlarının diqqətlə nəzərdən keçirilməsini vacib kimi dəyərləndirən şeyxülislam A. Paşazadə bildirib ki, Kommunikasiya departamentinin bununla bağlı təkliflərini müsbət qarşılayır. QMİ sədri xüsusi vurğulayıb ki, dünya dinlərinin təmsil olunduğu Mərkəz olaraq KAICIID-in dini məkanların təhqir edilməsi hallarına olduğu kimi, bütün dinlərdə müqəddəs sayılan insan həyatına qəsd hallarına öz birmənalı münasibətini bildirməsi arzuolunandır.

KAICIID Beynəlxalq Dialoq Mərkəzinin Əsasnaməsində siyasətə qarışmamaq barədə müddəanı xatırladan şeyxülislam A. Paşazadə qeyd edib ki, baş verən hər hansı zorakılıq hallarında qətl edilən uşaqlar, qocalaq varsa, bu siyasi məsələdir və dinə aidiyyəti yoxdur demək, laqeydliklə susmaq düzgün olmaz. Azərbaycanın dini lideri mülki şəxslərə qarşı törədilən hər hansı terror və ekstremist aktlarını, nifrətə çağırışları, xüsusilə də insan tələfatı ilə nəticələnən əməllərin dini və ya qeyri-dini mahiyyəti üzrə təsnif edilməsinin əleyhinə çıxış edərək, KAICIID-in motivasiyasından asılı olmayaraq, zorakılıq faktlarına dair münasibətin bildirilməsinin məqsədəuyğun olduğuna diqqəti çəkdi. Şeyxülislam A. Paşazadə bunu onunla əsaslandırıb ki, din xadiminin, dini liderin borcu müqəddəs dəyər olan insan həyatının və mənəvi dəyərlərin qorunmasıdır. Bu baxımdan, QMİ sədri KAICIID-in yalnız dinlər deyil, mədəniyyətlərarası, yəni, toplumlararası dialoq üzrə ixtisaslaşmasına uyğun olaraq təkcə dini deyil, bəşəri əhəmiyyətli humanitar məsələlərə öz münasibətini bildirməsini məqsədə müvafiq və zəruri hesab edib.

Bu əsnada çıxış edən Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru baş ravvin David Rosen ölkəsində olan erməni din xadimlərinin ona müraciət edərək, işğaldan azad olunmuş Azərbaycan torpaqlarında guya erməni dini abidələrinin dağıdılması barədə məlumatlar verməsi və buna dair bəyanat verməyə təhrik etdiklərini onlayn sessiya iştirakçılarının diqqətinə çatdırıb. David Rosen qeyd edib ki, onun bu məsələyə dair hər hansı bəyanat verməkdən imtinasının səbəbi həmin məlumatların həqiqəti əks etdirmədiyini, heç də dini təəssüb deyil, siyasi mahiyyət daşıdığını fərq etməsi olub. Belə ki, D. Rosen Direktorlar Şurasında həmkarı olan şeyxülislam A. Paşazadənin KAICIID tribunasından etdiyi mütəmadi çıxışlardan Ermənistan tərəfindən işğal dövründə Azərbaycan ərazilərində 67 məsciddən 65-nin, 2 pravoslav kilsəsinin və sinaqoqların dağıdılıb təhqir olunması barədə məlumatlara malik olduğunu bildirib. Şeyxülislam A. Paşazadə öz növbəsində Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru baş ravvin David Rosenin din xadiminə layiq mövqeyini təqdir edib və belə bir prinsipial yanaşmasına görə Azərbaycan xalqı adından ona təşəkkür edib.

Onlayn sessiya məhsuldar keçib. 

AZƏRTAC