Qan yaddaşımızdan silinməyən Mart soyqırımı
Digər xəbərlər

Qan yaddaşımızdan silinməyən Mart soyqırımı

Təqvim martın 31-ni göstərir. 1918-ci ilə soyqırımı damğasını vuran həmin gün. Yandırılan bədənlər, min bir işgəncəyə məruz qalan, diri-diri divara mıxlanmış qadınlar,  ölüncəyə qədər döyülən yaşlılar və körpələr…

Bu cinayətləri həyata keçirmək üçün bəhanə lazım idi. Bu məqsədlə "Evelina" münaqişəsi törədildi. Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyevin Lənkəranda xidmət edən oğlu Məhəmməd Tağıyevin dəfninə gələn müsəlman alayının zabitləri  guya Muğandakı rus-molokan kəndlərini məhv etmək tapşırığı almışdılar. Elə bu şayiə azərbaycanlılara qarşı törədilən qırğınların başlanğıcı oldu. Martın  30-da erməni kilsəsinin yanında toplaşan daşnak dəstələri müsəlmanlara ilk atəş açdılar və soyqırımına başladılar. Şaumyanın xahişi və Leninin xüsusi göstərişi ilə Saritsından göndərilən 2 təyyarə havadan, hərbi gəmilər isə dənizdən şəhərin azərbaycanlılar yaşayan məhəllələrini bombalayırdılar. Təbii ki, bütün bunların başında bir məqsəd dayanırdı. Bu soyqırımının başlıca məqsədi xalqımızın müstəqilik azusu və istiqlaliyyəti uğrundakı mübarizəsinə mane olmaq idi. O dövrdə bolşeviklərin başlıca məqsədi Azərbaycanın müstəqilliyinə imkan verməməklə öz hökmranlığını qoruyub saxlamaqdan ibarət idisə, daşnakların niyyəti də xalqımızı qırıb məhv etmək, onun topaqlarına yiyələnmək və burada ələ keçirdiyi torpağı da gələcəkdə yaratmaq istədiyi Böyük Ermənistanın bir parçasına çevirməkdən ibarət idi.

Bakıda  Mart soyqırımı nəticəsində  minlərlə  azərbaycanlı qətlə yetirilmiş, ictimai və şəхsi binalara  böyük ziyan dəymişdir. "Açıq söz" və "Kaspi" qəzetlərinin redaksiyaları yandırılmış, şəhərdəki  ən iri məscid bombalanmışdı. Bakıda İsmailiyyə Хeyriyyə Cəmiyyətinin binası, Şirvanşahlar Sarayı ansamblına daхil olan ХIV əsrdə tikilmiş Keyqubad məscidi, oktyabr ayında Cənubi Azərbaycandakı avşarların məskun olduğu Urmiya şəhərinin abidələrini rus əsgərləri ermənilərlə birlikdə yandırıb külə döndərmişdilər. Təbii ki, onlar bununla da kifayətlənməyib  eyni qırğınları Azərbaycanın müxtəlif qəzalarında törətdilər. Qırğınlar nəticəsində 

Şamaxıda, Qubada minlərlə insan öldürülmüşdür. Digər Salyan, Nəvahi, Lənkəran, Kürdəmir kimi rayonlarda da qırğınlar törədilsə də, öldürülən insanların sayı dəqiq bilinmir. Qətlə yetirilənlərin taleyinə gəldikdə isə   AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, eləcə də kütləvi məzarlıqda tədqiqat aparan ekspedisiyanın rəhbəri, tarix elmləri namizədi Qəhrəman Ağayev deyir ki, quyular insan cəsədlərilə doldurulmuşdu. Arxların da içərisi meyitlərlə dolu idi. Ona görə də öldürülən insanların sayı kəllə sümükləri ilə müəyyən edilmişdi. Quyulardan isə müxtəlif işgəncələrə məruz qalmış çox sayda insan kəlləsi və bədən üzvləri tapılmışdı. Həmin qalıqlar üzərində aparılan tədqiqatların nəticəsi göstərir ki, ermənilər insanları ağlasığmaz üsullarla qətlə yetiriblər. Bunlardan ikisi balta və xəncərlə öldürmə idi ki, sözügedən üsullar yüngül hesab edilir. Küt alətlə insanlara əzab verərək öldürüldüyü də müəyyən edilib. Amma ən dəhşətlisi sözsüz ki, at nalı mismarının insanların beyin və gicgah hissələrinə böyük zərbə ilə vurularaq öldürülməsi olub.

Bütün bunlara  baxmayaraq, onlar yenə də bu cinayətlərinə müxtəlif ideoloji don  geyindirib, cinayətkar damğasını üzərlərindən atmaq üçün müxtəlif bəhanalər gətirməyə çalışırdılar. İddia edirdilər ki, guya dünyada iki mədəniyyət biri- fars və Avropa xalqlarının mədəniyyəti, bir də türk xalaqlarının mədəniyyəti var. Onların fikrincə, türk mədəniyyətini təmsil edən xalqlar fars və avropalıları məhv etmək istəyirlər. Əsl erməni xisləti və hiyləgərliyi ilə iddia edirdilər ki, əslində, ermənilər türklərlə qeyri-bərabər döyüşə girib, saxta soyqırımına məruz qalıblar.

Əslində isə soyqırımına da, böyük dağıntılara da məruz qalan Azərbaycan vətəndaşı, Azərbaycan əraziləri idi. Bu vəhşiliklər isə yalnız Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra dünya ictimaiyyətinə çatdırılıb. Bu məqsədlə Cümhuriyyətdə Xarici İşlər Nazirliyinin nəzdində xüsusi qurum yaradılıb. Azərbaycan Xalq Cümhuriyyəti 1919 və 1920-ci illərdə iki dəfə martın 31-ni ümummilli matəm günü kimi qeyd edib. Lakin Cümhuriyyətin süqutundan sonra soyqırımının tədqiqi prosesi dayandırılıb, ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Yalnız 80 il sonra 1998-ci il martın 26-da ulu öndər  Heydər Əliyevin imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi elan edilib.

Beynəlxalq hüquqa görə, soyqırımı ən ağır beynəlxalq cinayət olmaqla, sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə yönələn təcavüz, insanlıq əleyhinə, müharibə və beynəlxalq terrorizm kimi cinayətlər qrupuna aid edilir. Soyqırımı cinayətinin hüquqi əsası BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 saylı qətnaməsi ilə qəbul edilmiş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya ilə müəyyən olunub. Konvensiyaya görə, soyqırımı hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən hərəkətlərdir. İnsanlıq əleyhinə cinayətin tərkibini təşkil edən və bu sənəddə göstərilən əməllərdən hər biri 1918-ci ilin Mart hadisələri zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilib və hüquqi baxımdan soyqırımı kimi qiymətləndirilməlidir. Ümid edirik ki, Azərbaycan torpaqlarında sülhün və əmin-amanlığın bərqərar edilməsində bütün nüfuzlu beynəlxalq qurumlar, sülhməramlı insanlar imkanlarını səfərbər etməklə səylər göstərəcəklər. Ölkəmizdə və bütövlükdə regionda sülh, davamlı inkişaf və işgüzar əməkdaşlıq naminə zəruri şəraitə nail olunacaq. Hər bir kəsin hər hansı bir zəmində ayrı-seçkiliyə yol verilmədən ümumbəşər miqyasında tanınmış fundamental insan hüquqları və azadlıqlarının təmin olunması üçün real imkanlar yaranacaq.

Bu gün 31 mart tarixini hər nə qədər kədərlə xatırlasaq da, yaxşı bilirik ki, o gündə tökülən qanlar istiqlaliyyətimizə aparan yolumuzun başlanğıcını qoyub. Nə qədər əzilsək də müqavimətimiz sınmayıb. Bunun nəticəsidir ki, bu gün də bir xalq olaraq dəmir yumruq kimi birləşməyə nail olmuşuq.

Jalə QASIMZADƏ,

“Respublika”.