“Qanla yazılan ömür” filminin  təqdimatı
Sosial həyat

 “Qanla yazılan ömür” filminin  təqdimatı

Bakı Mühəndislik Universitetində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış polkovnik-leytenant Sədi Musayevin anım günü ilə əlaqədar “Qanla yazılan ömür” adlı sənədli filmin  təqdimat mərasimi keçirilib.

Öncə Vətən uğrunda şəhid olan bütün qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Açılış nitqi ilə çıxış edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, Aprel döyüşlərinin şəhidi, polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova bu günün tarixi baxımdan əhəmiyyətini vurğulayıb. 

Sonra “Qanla yazılan ömür” adlı sənədli film nümayiş olunub. Film Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin həyata keçirdiyi “Qanla yazılan ömür” layihəsi çərçivəsində hazırlanıb.

Daha sonra çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov filmin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında çox böyük önəm kəsb etdiyini bildirib və filmin hazırlanmasında əməyi keçən hər bir quruma təşəkkürünü ifadə edib. Anım tədbirinin Aprel döyüşlərinin növbəti ildönümü ərəfəsində keçirildiyini deyən rektor bu döyüşlərin böyük zəfərimizin başlanğıcı olduğunu vurğulayıb.

Sonda  Sədi Musayevin ailə üzvlərinə tarixi zəfərlə bağlı xatirə hədiyyəsi təqdim olunub.

Müşfiq MİRZƏ,

“Respublika”.