QANLI TARİX
Tarix

QANLI TARİX

25-26 fevral 1992-ci il

Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.

Heydər ƏLİYEV,

Ümummilli lider.

 

Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

 

Ermənilərin tarix boyu Azərbaycan xalqına qarşı törətdiyi ən dəhşətli cinayətlərdən biri də 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımıdır. Həmin gecə insanlıq hissini itirmiş erməni quldurları keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının hərbçiləri ilə birgə tək Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə, insanlığa qarşı cinayət törətmişdilər. Bu faciə miqyasına və mahiyyətinə görə tarixdə Xatın, Lidisa, Oradur kimi soyqırımları ilə birgə xatırlanır.

Xocalı mühüm geostrateji mövqeyi ilə seçilir. Qarabağdakı yeganə hava limanı da məhz burada yerləşirdi. Ermənilərin diqqətini Xocalıya yönəltməsinin əsas səbəbi də bu şəhərin işğal edilməsi ilə keçmiş Dağlıq Qarabağa nəzarətin tam ələ keçirilməsi, eyni zamanda hava limanı vasitəsilə Ermənistanla daha rahat əlaqə yaradılmasına nail olmaq idi. Strateji mövqeyi ilə yanaşı, Xocalı həm də ölkəmizin zəngin tarixə malik ərazilərindən biridir. Bu ərazinin tarixində Azərbaycanın son tunc və erkən dəmir dövrləri mədəniyyətinə aid kurqanlar özünəməxsus yer tutur. Xüsusilə, tunc silahları və başlıca olaraq boz rəngli keramika məmulatı ilə fərqlənən bu mədəniyyətə məxsus abidələr ilk dəfə Xocalı yaxınlığında, daha sonra isə Qarabağın böyük bir hissəsində və Gədəbəydə aşkara çıxarılmış, əsas yaşayış məntəqələrinin adına görə Xocalı-Gədəbəy mədəniyyəti adlandırılmışdır. Tarixçilər müəyyən ediblər ki, Xocalı-Gədəbəy mədəniyyəti eradan əvvəl V-III minilliklərdə Azərbaycanda formalaşan Kür-Araz mədəniyyətinin və ondan sonra burada mövcud olan Qarabağ mədəniyyətinin varisidir. Xocalı mühüm arxeoloji abidələri ilə Azərbaycanın qədim tarixini özündə əks etdirdiyindən ermənilərin burada həyata keçirdikləri soyqırımının bir məqsədi də azərbaycanlılara məxsus mədəniyyəti yer üzündən silmək idi. Təsadüfi deyil ki, Xocalı şəhəri işğal ediləndən dərhal sonra onun ətrafında olan və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığı da xüsusi texnika ilə dağıdılmışdır.

"İki il öncə, 26 fevral 1992-ci ildə Xocalı şəhərində dünya misli görünməyən dəhşətli bir vəhşiliyin şahidi oldu. Erməni hərbi quldurları aylarla tam mühasirədə saxlanan Xocalı şəhərini yerlə-yeksan etdilər. Köməksiz mülki əhali azğın bir amansızlıqla qətlə yetirildi. Südəmər körpələrə, əlsiz-ayaqsız qocalara, qadınlara, uşaqlara belə aman verilmədi. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir". Bu sözləri ulu öndər Heydər Əliyev 1994-cü il mart ayının 1-də Xocalı soyqırımı qurbanlarının ailələrinə müraciətində bildirib. Müraciətdə qeyd olunurdu ki, mənəvi, fiziki itkimiz əvəzolunmaz dərəcədə ağırdır. Təəssüf ki, o dövrdə Azərbaycanın siyasi həyatında mövcud olmuş hərc-mərcliklər, anarxiya, milli taleyimizə biganə siyasi ambisiyalar, hakimiyyət oyunları və siyasi qruplar arasında münaqişələr də həyatımızda baş vermiş bütün faciələrdə az rol oynamamışdır. Nəticədə tariximizə qara səhifələr yazılmış, xalqımızın qəlbinə sağalmaz yaralar vurulmuşdur. Respublikanın hüquq-mühafizə orqanları günahkarların aşkar edilməsi istiqamətində ardıcıl iş aparır. Əmin ola bilərsiniz ki, törədilmiş cinayətin məsuliyyətindən heç kəs yaxa qurtara bilməyəcəkdir. Dünyada hər şeyin, dərdin də, əzabların da bir sonu var.

Onu da qeyd etmək lazımdır ki, yalnız ulu öndərin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilmiş, soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün mühüm tədbirlər görülmüşdür. 1994-cü ilin fevralında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri geniş təhlil edərək "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq dünya ictimaiyyətini erməni terrorizminə qarşı qəti tədbirlər görməyə çağırmışdır. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işlərin nəticəsidir ki, bu faciə bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır.

Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması hər zaman Prezident İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətləri sırasındadır. Bu dəhşətli soyqırımının dünyada tanıdılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri var. Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət!" kampaniyası böyük əhəmiyyətə malikdir. Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı başlanan müharibənin səbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi və Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını, sadəcə, azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlmişdi.

Azərbaycana qarşı davam edən təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Unudulmayan Xocalı faciəsi xalqımızın tarixində qara bir səhifədir. Bu faciə xalqımızın Vətəninə, torpağına, millətinə sadiqliyinin nümunəsidir. Xocalıda həlak olanlar Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksəliblər. Odur ki, onların xatirəsi heç vaxt unudulmayacaq. Gələcək nəsillərimiz üçün qəhrəmanlıq nümunəsi olacaq və qəlbimizdə əbədi yaşayacaqdır.

Mustafa KAMAL,

"Respublika".