“Qarabağ Azərbaycandır!
Siyasət

“Qarabağ Azərbaycandır!" reallığının əbədi təsdiqi

Əzəli torpaqlarını öz gücü ilə işğaldan azad etməklə bütövləşən qalib ölkəmiz Şanlı Zəfərlə tarixi ədaləti bərpa edib

Azərbaycan xalqı, dövləti 30 ilə yaxın Ermənistan silahlı birləşmələri tərəfindən işğal altında saxlanılan torpaqlarını azad etməklə haqq savaşında tarixi Zəfər çaldı. İşğalçı erməni faşistləri torpaqlarımızdan qovuldu. Düşmənin növbəti təxribatlarına qarşı başlanan Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın sərkərdəliyi, müdrik, uzaqgörən siyasəti, yüksək diplomatik bacarığı, qətiyyətli addımları və şanlı ordumuzun gücü sayəsində Qələbə ilə başa çatdı. Azərbaycanımızın ərazi bütövlüyü təmin olundu. Möhtərəm Prezidentimizin müsahibələrinin birində dediyi kimi, Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, işğalçıları bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü bərpa etdi.

"44 günlük müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini azad etdi. Ümumilikdə, döyüş meydanında 300-dən çox şəhər və kənd azad olundu. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, Ermənistan öz qoşunlarını Azərbaycanın digər ərazilərindən - Ağdam, Laçın və Kəlbəcərdən çıxarmağa məcbur edildi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etdi və bu, yəqin ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında ümumi müzakirələr çərçivəsində çıxışında deyib. Azərbaycanın 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdiyini, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdiyini deyən dövlətimizin başçısı vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı, Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Bununla da Azərbaycan Prezidenti İlham Əliyev bütün dünyaya bir daha Dağlıq Qarabağın statusunun, onun təbirincə desək, "gorbagor" olduğunu bildirib.

Dövlət başçısı bunu yüksək platformalarda, beynəlxalq forum və iclaslarda, çoxsaylı müsahibələrində, xalqa müraciətlərində dəfələrlə bəyan edibdir: "İşğal dövründə ermənilər qondarma "Dağlıq Qarabağ respublikası"nın "parlamentini" Şuşa şəhərinə köçürmək üçün burada bina tikməyə başlamışdılar... Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad olundu. Qondarma rejimin "parlamenti" binasının inşası yarımçıq qaldı. "Parlament" də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi". Bu sözləri Prezident İlham Əliyev mədəniyyət paytaxtı Şuşaya səfəri zamanı bir daha səsləndirib. İlham Əliyev Ermənistandakı revanşist qüvvələrə Qarabağla bağlı üçtərəfli bəyanata yenidən baxılması cəhdlərinə görə xəbərdarlıq edib. Azərbaycan Prezidenti Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatında növbəti sammitindəki çıxışında bildirib ki, Dağlıq Qarabağdakı münaqişə ilə bağlı söhbətdən artıq yalnız keçmiş zamanda danışıla bilər. Dövlət başçısı İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında ümumi müzakirələr çərçivəsində çıxışında deyib: "Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmışıq. Fürsətdən istifadə edərək, mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram".

Prezident İlham Əliyevin iyulun 7-də "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" imzaladığı tarixi Fərman Vətən müharibəsinin yekunu olaraq ərazi bütövlüyümüzün və suverenliyimizin daha bir təzahürü, respublikada həyata keçirilən sosial-iqtisadi islahatların keyfiyyətcə yeni mərhələsidir. Azərbaycanın əldə etdiyi zəfərdən sonra formalaşmış yeni şəraitə, reallıqlara uyğun tələblər ortaya çıxır. İqtisadi rayonlarda həmin reallıqlar və potensiallara uyğun olaraq yanaşmanın həyata keçirilməsi, yeni təsnifatın yaradılması ən uğurlu və doğru addımdır. Cənab Prezidentin bu Fərmanı həm də 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmaların mahiyyətinə tam uyğundur, işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılması günün tələbi idi. İqtisadi rayonların yeni təsnifatı Azərbaycan iqtisadiyyatının inkişafı, eləcə də rayonlarımızın iqtisadi potensialının genişləndirilməsi baxımından vacibdir. Eyni zamanda, işğaldan azad edilən ərazilərimizin istər sənaye, istər turizm, istərsə də aqrar sektorda böyük potensialı var. Bir sözlə, iqtisadi rayonların yeni bölgüsü Azərbaycanda iqtisadi inkişafın sistemliliyi baxımından ən doğru addımdır və bu da iqtisadi inkişafın daha qısa zamanda formalaşmasına stimul yaradacaq.

Dövlət başçısı İlham Əliyev tərəfindən iqtisadi rayonların yeni bölgüsünün təsdiqlənməsi, Azərbaycan torpaqlarının tarixi adlarının bərpası bir sıra ciddi siyasi mesajların verilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Xankəndi şəhərinin, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarının Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilməsi bütün dünyaya verilmiş və yaddaşlarda əbədi həkk olunmuş "Qarabağ Azərbaycandır!" şüarının növbəti rəsmi ifadəsinin təsdiqidir. Fərman ermənilərin "status" məsələsini birdəfəlik "dəfn etdi", Xankəndi, Xocalı və Xocavəndin taleyi ilə bağlı spekulyasiyalara son qoydu. Yeni iqtisadi rayonun məhz Şərqi Zəngəzur adlandırılması, iqtisadi mahiyyət daşımaqla yanaşı, həm də çox mühüm siyasi və geosiyasi əhəmiyyət kəsb edən, tarixi reallıqlara, Şuşa Bəyannaməsilə daha da möhkəmlənən mövqeyimizə, qalib ölkəmizin bugünkü qüdrətinə əsaslanan addımdır. Eyni zamanda beynəlxalq dairələrə ünvanlanmış çox ciddi mesajdır. Bu fərman böyük qayıdışımızın bariz nümunələrindəndir və özündə dövlətimizin bu istiqamətdə gələcək fəaliyyət istiqamətləri ilə bağlı məqamları da əks etdirir. İqtisadi rayonların yeni təsnifatına yeni ad, yəni Qarabağ və eləcə də Şərqi Zəngəzur iqtisadi rayonlarının adlarının daxil edilməsini xüsusi olaraq vurğulamaq lazımdır. Bu, həm strateji, həm iqtisadi, həm də, təbii ki, tarixi baxımdan kifayət qədər vacib bir qərardır.

BMT Baş Assambleyasının 76-cı sessiyasında Azərbaycan Prezidenti İlham Əliyev videoformatda çıxışında 44 günlük müharibədən sonra bölgədə yaranan yeni reallığın hər kəs tərəfindən nəzərə alınmasını vurğulamaqla, eyni zamanda Ermənistana bu gün də dəstək verən beynəlxalq qüvvələrə sadəcə mesaj vermədi, həm də məlum qüvvələrin yanlış yolda olduğunu xatırlatmış oldu: "Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır. Ümid edirik ki, çoxdan gözlənilən sülh, təhlükəsizlik və sabitlik, nəhayət, Cənubi Qafqazda bərqərar olunacaq. Azərbaycan regional sülhə və inkişafa töhfə verən, onun gücləndirilməsinə xidmət edən ardıcıl səylərini davam edəcəkdir".

Mustafa KAMAL,

"Respublika".