Qarabağ Azərbaycanın füsunkar məkanına çevrilir
Siyasət

Qarabağ Azərbaycanın füsunkar məkanına çevrilir

İşğaldan azad edilən torpaqlarımızda aparılan irimiqyaslı tikinti-quruculuq işləri geniş vüsət alır

Zamanında ulu öndər Heydər Əliyev dəfələrlə ən yüksək kürsülərdən  xalqımızın mütləq Şuşaya və digər işğalda olan ərazilərə qayıdacağını bəyan etmişdir. Onun bu vəsiyyətini uğurla həyata keçirməklə Prezident İlham Əliyev əsl Lider olduğunu bütün dünyaya sübut etdi.

Hazırda Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq layihələri həyata keçirilməkdədir. Düşməndən azad edilən və tariximizdə xüsusi yeri olan dədə-baba torpaqlarımız öz doğma sakinlərinin gəlişini səbirsizliklə gözləyir. Hər kəs müharibədən sonra Qarabağda başlayan quruculuq işlərini böyük ruh yüksəkliyi, gözəl əhval-ruhiyyə ilə izləyir.

Dövlətimiz isə bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına, insanların tezliklə öz el-obalarına qayıtmasına səfərbər edib. Böyük qayıdışın gerçəkləşməsi üçün regionda həyatın bərpasına vacib olan ilk işlər artıq görülməkdədir. Dağıdılmış şəhər və kəndləri bərpa etmək, yurd-yuvasından didərgin salınmış vətəndaşlarımızı doğma elinə qaytarmaq, viran qalmış ərazilərə həyat vermək, dirçəltmək dövlətimizin qarşısında bir vəzifə kimi dayanır. Prezident cənab İlham Əliyev çıxışlarında qəti şəkildə qeyd edir ki, “mən demişəm, biz bu bölgəni—Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz”. Ötən qısa zaman kəsiyində Qarabağda inanılmaz işlər görülüb. Yollar, elektrik, su xətləri, dəmir yolları çəkilir, hava limanları tikilir. Əzəli yaşayış sahələrimizdə tariximizi, mədəniyyətimizi və iqtisadiyyatımızı yenidən canlandırmaq üçün bu torpaqlarda mərhələli şəkildə, sektorlar üzrə investisiya qoyuluşlarının və digər sərmayələrin cəlb edilməsi qarşıya mühüm vəzifə kimi qoyulub.

2021-ci il dövlət büdcəsində işğaldan azad olunan ərazilərin bərpası və yenidənqurma işlərinin aparılması üçün maliyyə təminatı da yaradılmışdır. Sosial, iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi kimi şərəfli və məsuliyyətli vəzifələrin icrasına 2,2 milyard manat ayrılmışdır. Azərbaycan rəhbərinin siyasi iradəsi, verdiyi vədlərlə əməllərinin vəhdəti belə deməyə əsas verir ki, çox keçməyəcək, işğaldan azad edilmiş torpaqlara həyat qayıdacaq, bu ərazilər yenidən çiçəklənəcəkdir. Erməni işğalından azad olunmuş ərazilərdə dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları reallaşdırılır. Pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin bu  təşəbbüsü  isə dövlətimizin güc və qüdrətini nümayiş etdirir.

Azərbaycan hökuməti işğaldan azad olunmuş Zəngilan rayonunun Üçüncü Ağalı kəndində “Ağıllı kənd” layihəsinin icrasına artıq başlamışdır. Kənd layihəsi əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “Ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq. Prezidentin göstərişi ilə azad olunmuş bütün şəhərlərin baş planları hazırlanır. Artıq bir neçə rayonun Baş planı Prezidentə təqdim olunmuşdur. “Ağıllı kənd” texnologiyalarının tətbiqi həmin ərazilərdə sosial innovasiyaların, kiçik sahibkarlığın inkişafına şərait yaradacaq və Qarabağ regionunun həm də texnoloji innovasiya-startap mərkəzi kimi cəlbediciliyini də artıracaq.

Bu gün işğaldan azad edilən ərazilərimizdə erməni vandallarının illərlə törətdikləri vəhşi əməlləri hər addımda nəzərə çarpır. Viran qoyulan şəhər və kəndlərimiz, dağıdılan, təhqir edilən məscidlərimiz, yer üzündən silinən tarix və mədəniyyət abidələrimiz düşmənin nə qədər barbar, vəhşi olduğunu göstərir. Əlbəttə, düşmən bütün dağıntıları məqsədli şəkildə edib. İşğalçı Ermənistan Dağlıq Qarabağda və ətraf rayonlarda tarixi mirasları viran qoymaqla, milli izləri silməklə azərbaycanlıların bu torpaqlardakı mədəni kimliyini itirmək məqsədi güdüb.

Əzəli yaşayış sahələrimizdə tariximizi, mədəniyyətimizi və iqtisadiyyatımızı yenidən canlandırmaq üçün bu ərazilərə mərhələli şəkildə, sektorlar üzrə investisiya qoyuluşlarının və digər sərmayələrin cəlb edilməsi qarşıya prioritet istiqamət kimi qoyulub. Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də bütün bunlarla bağlı bir sıra əhəmiyyətli məqamlar diqqət çəkir. Adıçəkilən strategiyada işğaldan azad edilən ərazilərə böyük qayıdışın reallaşdırılması, Qarabağın dirçəlişinə nail olunması vəzifəsi xüsusi yer tutur.

Həmçinin bildirilir ki, əvvəlki dövrlərdə olduğu kimi, işğaldan azad edilən ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı reallaşdırılmalı, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuq gerçəkləşdirilməlidir. Bu prioritetin uğurla icrası ilk növbədə dayanıqlı məskunlaşmanın aparılmasına və iqtisadi fəaliyyətə nail olmaqdır. Bu istiqamətdə bir sıra mühüm qərarlar qəbul edən Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Qarabağ Dirçəliş Fondu yaradılıb. Bu fond Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində, habelə ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

Qarabağ bölgəsində bərpa-quruculuq prosesi vahid mərkəzdən idarə olunmaqla ardıcıllıqla həyata keçirilir və uğurla davam edir. Eyni zamanda, nəqliyyat infrastrukturunun bərpası, ilk növbədə avtomobil yollarının çəkilməsi üçün müvafiq layihələr reallaşdırılır. Füzulidən Şuşaya çəkilən 101,5 kilometrlik “Zəfər yolu”nun salınması, Göygölün Toğanalı kəndindən başlayaraq, Murovdağ silsiləsini keçməklə Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın istiqamətində magistralın çəkilişi, Füzuli Beynəlxalq Hava Limanının tikintisi, habelə Horadiz-Ağbənd dəmiryolu xəttinin təməlinin qoyulması bunun bariz ifadəsidir.

Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına yeni obyektlərin açılış və təməlqoyma tədbirlərini əhatə edən səfərləri də ötən ay  gerçəkləşdi. Yeni yarımstansiyanın fəaliyyətinə start verildi. Həmçinin Laçın rayonunda beynəlxalq hava limanının, iki tunelin təməli qoyuldu. Bundan başqa, məlumdur ki, Kəlbəcər və Laçın rayonlarında arıçılıq və heyvandarlıq təsərrüfatları da qurulub. Avqustun 30-da isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşa səfəri də Azərbaycanın mədəniyyət paytaxtında bərpa, tikinti-quruculuq işlərinin necə geniş miqyas aldığını göstərdi. Belə ki, səfər çərçivəsində şəhərdə Otel və Konfrans Mərkəzinin təməli qoyuldu, xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada aparılan bərpa işlərinin gedişi ilə maraqlanıldı, Üzeyir Hacıbəylinin ev-muzeyində aparılacaq işlər nəzərdən keçirildi. Eyni zamanda, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin, Bülbülün ev-muzeyinin, dahi şair Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin və büstünün, həmçinin “Qarabağ” otelinin açılış mərasimləri reallaşdı. Şəhərdə yeni yaşayış kompleksinin təməlinin qoyulması da çox əlamətdar hadisədir. Bu yaşayış kompleksi Şuşanın Baş planı əsasında inşa ediləcək. Burada 25 yaşayış binasının inşası nəzərdə tutulur. Prezident İlham Əliyev bildirib ki, Şuşanın Baş planı təsdiq edildi və çox müfəssəl, gözəl işlənmiş plandır. “Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar”.

Bəli, uzun illər işğalda qalan, dağıdılan, viranə qoyulan yurd yerlərimiz tezliklə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə tikinti-quruculuq, abadlıq meydanına çevriləcək, bu ərazilərdə yenə də sevinc, fərəh yaşanılacaq, amma erməni vandallığı, barbarlığı heç vaxt unudulmayacaq. Tezliklə əhalinin məskunlaşdırılmasına başlanılacaq, böyük potensiala malik regionun iqtisadiyyatı inkişaf etdiriləcəkdir.

Beləliklə, regionun inkişafı üçün qarşıya qoyulan məqsədlər, aparılan nəhəngmiqyaslı işlər onu deməyə əsas verir ki, Qarabağ tezliklə Azərbaycanın ən abad, ən görməli məkanlarından birinə çevriləcək.

M.MİRZƏ,

“Respublika”.