Qarabağ cənnətə dönür. . .
MÜSAHİBƏLƏR

Qarabağ cənnətə dönür. . .

Qələbə asan başa gəlməyib. Azad edilən torpaqlar minlərlə şəhid və qazi qanı ilə suvarılıb. Bəli, bu  müharibənin yaratdığı qanlı  faciənin rəqəmlərdəki əksidir. Üstəgəl, yüz minlərlə insanın taleyinə, həyatına, malına, mülkünə dəyən ziyan,  bundan başqa,  bölgədə gedən ağır döyüşlər nəticəsində itkin düşən insanların həyat dramı, erməni girovluğunda qalmış adamların sitəmli günləri. Bu gün hər birimiz qürurla deyirik ki, müzəffər ordumuz erməni vəhşiliyinə, Ermənistanın hərbi cinayətlərinə son qoyub, düşmən ölkə məğlub edilib, silahlı qüvvələrinə ağır zərbələr vurulub.  

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə dağıntıları bərpa etməyə,  kütləvi minalar basdırılmış əraziləri təmizləməyə başladığı və dəyən zərəri hesabladığı dövrdə Ermənistan hələ də ətraf mühiti zəhərləməkdə və ziyan vurmaqda davam edir. Lakin saxtakar düşmən bilməlidir ki, təxribatlara son vermək üçün “Dəmir yumruq” əməliyyatı yenidən həyata keçirilə bilər.

Qarabağ haqqında tarixi bir şikəstə var, “Qarabağ şikəstəsi”. Xanəndələr uzun illərdir ki, həmin şikəstəni oxuyurlar. “Aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ” zənguləsi başı bəlalar çəkən yurdun tarixindən, taleyindən xəbər verir. Bu həsrətə, uzun illərin intizarına son qoyulub, torpaqlarımız işğalçılardan azad edilib, yurd yerləri addımlarımızın səsindən sevinir. İndi Qarabağ cənnətə dönür, ermənilərin törətdiyi xarabalıqların və viranəliklərin yerində yeni şəhərlər və kəndlər salınır.

Vətən müharibəsi şanlı qələbə  ilə başa çatıb, torpaqlarımız işğalçılardan azad edilib, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Qəhrəman əsgər və zabitlərimizin qanı, canı bahasına azad edilən ərazilərdə miqyasına və həcminə görə dünyada analoqu olmayan nəhəng layihələr icra olunur.  Bu genişmiqyaslı işlər keçmiş məcburi köçkünlərə sevinc və inam bəxş edib.

Doğma yurd yerlərinə qayıtmaq sevincini yaşayan minlərlə insan var. Hamısının da arzusu birdir: - “qayıdan kimi əyilib torpağımızı öpəcəyəm”. Təbii ki, bu insanların qüruru və hünəri Azərbaycan Prezidenti, Qalib Ali Baş Komandan İlham Əliyevə tükənməz güc verir, sarsılmaz xalq birliyi ilə yalnız Böyük Qələbəyə və Böyük Qayıdışa hazırlaşırıq.

İşğaldan azad edilən Ağdamda səfərdə olan Vəfa Abbasova deyir ki, mən bu viran qoyulmuş torpağın,  Ağdamın sakiniyəm.  1993-cü ildən  torpağımıza həsrət idim,  ayaqlarım bu yerlərə dəymirdi.  İndi sevincimi,  hisslərimi heç cür izah edə bilmirəm. Mənim valideynlərim bu torpağın həsrəti ilə həyata gözlərini yumdular. Bu gün Ağdam Cümə məscidinin önündən torpaq götürüb, onların məzarlarına aparıb səpəcəyəm.

Prezidentimizə,  müzəffər ordumuza, qəhrəman oğlanlarımıza bu həsrətə son qoyduqları üçün təşəkkürümü bildirirəm. Ağdam Cümə məscidini ziyarət etmək mənim ən böyük arzularımdan biri idi. Bu gün mən Ağdamı yox, vandallar tərəfindən dağıdılmış, viran qalmış torpaqları gördüm. Bu cinayət insanlığa sığmır. Bu, bir daha göstərir ki, ermənilərin nə dini var, nə də insanlığı.

Sevinirik ki, Ağdamda aparılan yenidənqurma işləri tezliklə başa çatacaq.  Biz Ağdamda yenə də öz firavan həyatımızı quracağıq.  Bu,  qürurverici hissdir.  Mən bütün şəhidlərimizin anaları qarşısında baş əyirəm,  bütün qazilərimizə cansağlığı arzu edirəm.  

Bu günlərdə doğulub boya-başa çatdığı Şuşa şəhərinə səfər edən Sədaqət Cabbarova həyəcanla, göz yaşları içərisində, sonsuz sevinclə bildirir ki, xəyanət nəticəsində biz Şuşadan didərgin düşəndə 32 yaşım var idi.  29 ildən sonra doğma yurdumuza qayıtdıq.  Hisslərimi sözlə ifadə edə bilmirəm.  Prezidentimiz sağ olsun,  onun rəhbərliyi ilə bu torpaqlardayıq. Ermənilər evlərimizi dağıdıblar, hər tərəfi viran qoyublar, Şuşanın qədim tarixini yer üzündən silməyə cəhd ediblər.

Gənc nəslin nümayəndəsi, Yeni Azərbaycan Partiyası gənclər təşkilatı Ağdam rayon şöbəsinin sədri Vasif Həsənov ürək sözlərini bildirir:

-İşğaldan azad olunmuş bütün torpaqlarda erməni vandalizminin izləri açıq-aydın görünür. Bu,  bir daha göstərir ki,  Ermənistan 30 ildir Qarabağda  torpaqlarımızı viran qoymaqla, talamaqla məşğul olub. Onlar azərbaycanlıları öz doğma yurdlarından didərgin salmaqla öz xislətlərini göstəriblər. Ata-babamın kəndi Əliağalı işğaldan azad edilib. İlk növbədə əzizlərimin uyuduğu kənd qəbiristanlığını ziyarət edəcəyəm. Ağdamın dirçəldilməsində biz gənclər canla-başla, böyük həvəslə iştirak etməyə hazırıq. İnşallah, bu torpaqlarda tezliklə müasir evlər tikiləcək, infrastruktur yaradılacaq, hər evdən körpə səsləri, gülüş səsləri eşidiləcək. Doğma kəndimizdə baba yurdunda yenidən yaşayacağıq.

İşğaldan azad edilmiş Ağdam şəhərinə səfər etmiş qardaş Türkiyənin ünlü dövlət adamı Ahmet Demircan bildirib ki, hər tərəfi tar-mar edilmiş,  heç bir həyat əlaməti olmayan, yerlə-yeksan olmuş bir şəhərdəyik. Bütün binalar yox edilib.  Burada həyata keçirilən vəhşiliklər dünya mədəniyyət tarixinə bir zülm dövrü kimi düşəcək. Azərbaycan dövləti burada geniş bir inkişaf planı hazırlayıb. Yeni şəhər müasir texnologiya əsasında qurulacaq.  Qısa zaman içərisində yeni bir şəhərin inşa ediləcəyini görəcəyik. Yaxşı ki,  Azərbaycan dövləti var,  Azərbaycan ordusu var,  Azərbaycan-Türkiyə qardaşlığı var.  Yaxşı ki, pis kabusun sonuna çatmağın xoşbəxtliyini yaşadıq.

Dostumuz, qardaşımız Qarabağın büsatına sevinir, düşmənin isə gözü kor olur. Çox keçməz ki, Qarabağ əsl cənnətə çevriləcək dünyada bənzəri olmayan bir diyar yenidən öz keçmiş şöhrətini bərpa edəcək.

Qarabağda qazanılan tarixi Qələbə haqqında danışan Qalib Ali Baş Komandan İlham Əliyev bildirib ki, ilk növbədə, əlbəttə ki, xalqımızın əzmi,  barışmaz mövqeyi və düşünülmüş siyasətimiz bu Zəfəri bizə qismət edib. Çünki mən artıq 18 ilə yaxındır ki, Prezidentəm və bütün bu illər ərzində deyirdim ki, nəyin bahasına olursa-olsun biz torpaqlarımızı azad etməliyik və edəcəyik. Sadəcə olaraq, bunu düzgün anda etməli idik və etdik,  səhvə yol verə bilməzdik.  

Çünki bu, tarixi məsuliyyətdir və ona görə zamanında atılan addımlar bax,  belə nəticəyə gətirib çıxardı. Xalqın barışmaz ruhu, əlbəttə ki,  əsas amillərdən biridir.  Çünki biz Qarabağı unutmadıq. Hətta Qarabağı görməyən və çadır şəhərciklərində doğulan uşaqlar da bir arzu ilə,  bir amalla yaşayırdılar ki,  getsinlər, öz torpağına qayıtsınlar. Ölümə gedənlər məhz onlar kimi minlərlə gənc olmuşdur.

Salman ALIOĞLU,

“Respublika”.