Qarabağ Dirçəliş Fondunun Azərbaycanın xaricdəki səfirləri ilə birgə müzakirə sessiyası keçirilib
Diaspora

Qarabağ Dirçəliş Fondunun Azərbaycanın xaricdəki səfirləri ilə birgə müzakirə sessiyası keçirilib

İyulun 28-də ADA Universitetində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyevin Azərbaycanın xaricdəki səfirləri ilə görüşü olub.

Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan Respublikasını müxtəlif ölkələrdə təmsil edən 23 səfir, Milli Məclisin deputatı, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Fatma Yıldırım, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva və digər qonaqlar iştirak ediblər.

Görüşün xüsusi qonağı Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradov olub.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev ilk olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin Qarabağın onilliklər ərzində davam edən erməni işğalına son qoyaraq, ölkəmizin ərazi bütövlüyünü təmin olunmasından, bu Qələbənin ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsi istiqamətində yeni reallıq yaratmasından danışıb.

R.Hacıyev Qarabağ Dirçəliş Fondunun yaradılması, əsas məqsəd və vəzifələri, hazırkı fəaliyyət istiqamətləri barədə məlumat verib, Fondun yaradılmasının ideya müəllifinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın olduğunu bildirib, bir müddət əvvəl ictimaiyyətə təqdim edilən “Karabakh.Center” (www.karabakh.center) layihəsi haqqında ətraflı danışıb.

Sonra işğaldan azad edilmiş ərazilərimizdə dağıdılmış binaları, yerlə-yeksan olunmuş tarixi abidələri əks etdirən “Qarabağda Urbisid” adlı sənədli film və “Karabakh.Center” saytının təqdimat videosu nümayiş olunub.

Görüşdə Qarabağ Dirçəliş Fondunun beynəlxalq əməkdaşlıq imkanları, “Karabakh.Center” layihəsinin xarici ölkələrdə təbliği və xüsusilə erməni işğalı nəticəsində ərazilərimizə dəymiş zərər haqqında təşviqat işlərinin təşkili müzakirə edilib. Həmçinin səfirlərin təmsil olunduğu ölkələrdə və xaricdə yaşayan fəallarla səmərəli əməkdaşlığın qurulması, diasporumuzun Qarabağ üçün ianələrin köçürülməsinin imkanları haqqında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradov qeyd edib ki, xaricdə təşviqat işlərinin aparılması üçün uyğun platformaları və təşkilatları qruplaşdırmaq, ölkədən kənarda yaşayan soydaşlarımızın ianə edərək işğaldan azad olunmuş ərazilərimizin bərpası istiqamətində görülən tədbirlərə qoşulmasını təmin etmək çox vacibdir. O, uzun illərdir xaricdə yaşayan peşəkar diplomatların təcrübələrindən və tövsiyələrindən faydalanmağın vacibliyini bildirib.

Fuad Muradov tarixdə münaqişə zəminində dağıntıya məruz qalmış şəhərlərin təcrübələrinin öyrənilməsi və “şəhərlərin qardaşlaşması” məsələsinə toxunub.

Görüşün moderatoru, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə çıxışında İkinci Qarabağ müharibəsinə dair həqiqətlərin öyrənilməsinin, həmçinin Azərbaycana qarşı dünya mətbuatında tirajlanan saxtalaşdırılmış faktlara qarşı birgə səmərəli mübarizənin aparılmasının zəruriliyini vurğulayıb.

Müzakirə zamanı Azərbaycan Respublikasını müxtəlif ölkələrdə təmsil edən səfirlər təbliğat və təşviqat işləri ilə bağlı maraqlı məlumat və ideyalarını bölüşərək, ianələrin toplanması, bərpa və quruculuq işlərinə soydaşlarımzın və investorların cəlb olunmasının zəruriliyini qeyd edib, bu məqsədlə nəzərdə tutduqları bir sıra təklifləri irəli sürüblər.

AZƏRTAC