Qarabağ Dirçəliş Fondunun bu ilin sonunadək reallaşdırılması planlaşdırılan layihələri müzakirə olunub
Digər xəbərlər

Qarabağ Dirçəliş Fondunun bu ilin sonunadək reallaşdırılması planlaşdırılan layihələri müzakirə olunub

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Şuranın üzvləri - Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Milli Məclisin deputatı, "Qarabağa dönüş" İctimai Birliyinin sədri Tural Gəncəliyev, Milli Məclisin deputatı Fatma Yıldırım, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Azərbaycanın Xalq artisti Alim Qasımov və eyni zamanda Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev iştirak ediblər.

İclasda Fondun İdarə Heyətinin sədri R.Hacıyev Müşahidə Şurasına görülən işlər, həmçinin icrası nəzərdə tutulan layihələr üzrə sənəd və təkliflər barədə ətraflı məlumat verib.

İştirakçılar Qarabağda icra olunacaq layihələrə ayrılacaq maliyyə dəstəyi barədə ətraflı müzakirələr aparıblar. Müzakirələr zamanı tarixi abidələrin bərpası üzrə maliyyə dəstəyinin göstərilməsi, Qarabağda ekoloji tarazlığın bərpası üzrə layihələrin həyata keçirilməsi, ianələrin cəlb olunması, Fondun ştat cədvəlinə dəyişikliklərin edilməsi və gündəlikdə duran digər məsələlərə toxunulub.

Müşahidə Şurası tərəfindən 2021-ci ilin sonunadək Fond tərəfindən həyata keçirilməsi planlaşdırılan layihələr təsdiqlənib.

Görüşün sonunda işğaldan azad edilən ərazilərin bərpası istiqamətində görülən işlər və qarşıda duran mühüm vəzifələr barədə danışan tədbir iştirakçıları qeyd ediblər ki, torpaqlarımız işğal altında olarkən bütün bunlar xəyal idi. Lakin Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Qələbəsi nəticəsində torpaqlarımız yenidən öz sahiblərinə qovuşdu.

Müşahidə Şurası Fondun gördüyü işlər və fəaliyyət istiqamətləri barədə razılığını ifadə edib, İdarə Heyətinə müvafiq tapşırıqlar verib.

AZƏRTAC