“Qarabağ ilmələrdə
Mədəniyyət

“Qarabağ ilmələrdə" layihəsi çərçivəsində toxunan xalça Şuşadadır

Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsini simvolizə edən "Qarabağ ilmələrdə" layihəsi çərçivəsində toxunan Qarabağın "Çələbi" xalçası Şuşa şəhərindədir.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, layihə nazirliyin dəstəyi, "Azərxalça" ASC, "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyi və "Təmiz Şəhər" ASC-nin birgə əməkdaşlığı sayəsində reallaşıb.

Xatırladaq ki, layihənin təqdimatı sentyabrın 28-də "Azərxalça" ASC-nin "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən nümayiş zalında olmuş və xalçaya ilk ilmələri "Azərxalça"nın Qarabağ müharibəsində iştirak edən əməkdaşları vurmuşdu.

Sosial layihə çərçivəsində vətəndaşlarımız tərəfindən ilmə-ilmə toxunan xalça Vətən müharibəsində hər bir azərbaycanlının zəhmətini, birlik və bərabərliyini nümayiş etdirir.

Sentyabrın 30-dək Bakı sakinlərinə "Azərxalça"nın İçərişəhərdəki nümayiş zalının qarşısında dayanan xüsusi maşına yaxınlaşaraq Qarabağ xalçasına ilmə vurmaq imkanı yaradılıb. Oktyabrın 1-dən sonra isə layihə komandası şəhər və rayonlara yola düşüb. Səyyar hana Sumqayıt şəhərində olarkən şəhid general, Milli Qəhrəman Polad Həşimovun anası da xalçaya ilmə vurub.

"Azərxalça"nın dizaynerləri tərəfindən Qarabağın məşhur "Çələbi" xalçası əsasında xüsusi formatda çeşnisi hazırlanan və vətəndaşlarımız vurduğu ilmələrlə ərsəyə gələn xalça Şuşadakı Xalça Muzeyinə təhvil veriləcək. Xalça Zəfər Günü ərəfəsində Şuşada nümayiş olunacaq.

AZƏRTAC