Qarabağ müharibəsi iştirakçısının pul vəsaitini aldatma yolu ilə ələ keçirmiş şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib
Digər xəbərlər

Qarabağ müharibəsi iştirakçısının pul vəsaitini aldatma yolu ilə ələ keçirmiş şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib

Qurbanov Əhliman Sultan oğlunun vətəndaşa qarşı qanunsuz hərəkətlər etməsi barədə daxil olmuş müraciət əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılmış istintaqla Əhliman Qurbanovun 2018-ci ildə ona müraciət edən Birinci Qarabağ müharibəsi iştirakçısına özünün yüksək vəzifədə işləyən səlahiyyətli tanışı vasitəsilə əlillik dərəcəsinin alınmasına kömək göstərəcəyini yalandan vəd edərək, 16 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə, həmin hərəkətləri ilə vətəndaşı vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən olunub.

İş üzrə toplanmış sübutlar əsasında Əhliman Qurbanova 2021-ci il dekabrın 24-də Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrikçilik) maddələri ilə yekun ittiham elan edilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

AZƏRTAC