“Qarabağ” ordeni şəhidin ailəsinə təqdim olundu
Sosial həyat

“Qarabağ” ordeni şəhidin ailəsinə təqdim olundu

HACIQABUL

Mehdi Şıxəliyev Hacıqabul rayonunun Meyniman kəndində, Kür çayının axar-baxarlı bir guşəsində doğulub boya-başa çatmışdı. Bu kəndin orta məktəb müəllimləri rayonda yaxşı ad-san qazanmış, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında xüsusilə fərqlənmişlər. Mehdi də bu ruhda böyümüş, lap yeniyetməlik yaşlarından daima doğma torpaqların erməni vandallarından xilas olunması uğrunda başlanacaq döyüş günlərinin arzusu ilə yaşamışdır. Keçən ilin 20 sentyabrında başlanan Vətən müharibəsində Mehdi Şıxəliyev Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri kimi ölüm-dirim mübarizəsində  iştirak edib, döyüş əməliyyatlarında yüksək peşəkarlıq nümunəsi göstərmiş, torpaqlarımızın  işğaldan azad olunması və ərazi bütövlüyümüzün təmin olunması uğrunda canını fəda etmişdir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamı ilə Mehdi Şıxəliyev “Qarabağ”ordeni ilə təltif olunmuşdur.

Bu günlərdə ordenin təqdim olunma mərasimi keçirilmişdir. Mərasimdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Rayon Şöbəsinin əməkdaşları iştirak etmişlər.

“Qarabağ” ordeni şəhidin atası Yalçın Şıxəliyevə təqdim olunmuşdur.

***

CƏBRAYIL

Onlar  Qarabağ uğrunda döyüşüb faşist xislətli qəddar düşmənin hərbi texnikasını, canlı qüvvəsini darmadağın etdilər. Müharibəyə yollananda son damla qanlarına qədər vuruşacaqlarına söz vermişdilər. Şəhidlik onlardan ötrü ali məqam idi və bu məqama qovuşdular. Cəbrayılın igid övladları-mayor Elsevər Paşayev və mayor Ramid Hacıyevin adı bu gün təkcə bir rayonda deyil, doğma respublikada hörmət və ehtiramla çəkilir. Hər iki zabit müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Qarabağ” ordeni ilə təltif olunmuşdur. Qaradağ rayonu Müşfiq qəsəbəsində şəhid Elsevər Paşayevin, Mehdiabad qəsəbəsi  “Qarant” yaşayış kompleksində şəhid Ramid Hacıyevin ordenlərinin təqdim olunma mərasimlərində Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev, millət vəkili Ceyhun Məmmədov, Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov iştirak etmişlər. Çıxış edənlər qəhrəman zabitlərin döyüş yolundan danışıb Vətənə sədaqətli övlad tərbiyə etdiklərinə görə onların valideynlərinə dərin minnətdarlıq hissini bildirdilər. Ordenlər şəhid ailələrinə təqdim edildi. Şəhidlərin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana öz təşəkkürlərini bildirdilər.

Tofiq HÜSEYN,

 “Respublika”.