Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında 30 min hektaradək meşə bərpa olunacaq
Ekologiya

Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında 30 min hektaradək meşə bərpa olunacaq

Ağdam, Füzuli və Şuşa şəhərlərinin baş planlarının hazırlanaraq təsdiq olunması prosesi həyata keçirilib. Baş planlara əsasən müvafiq işlərin görülməsi birbaşa minatəmizləmə fəaliyyəti ilə əlaqədardır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Ağdamda ANAMA-nın mobil sahə düşərgəsinin açılışında iştirak edən Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini, Əlaqələndirmə Qərargahının İdarələrarası mərkəzi katibliyinin rəhbəri Nüsrət Süleymanov söyləyib.

O deyib: "Prezidentin sərəncamlarından biri də "Bəsitçay" Dövlət Qoruğunun bərpa edilməsi ilə əlaqədar olub. Qeyd etmək istərdim ki, işğaldan azad olunmuş ərazilərdə meşəbərpa tədbirlərini nəzərdə tutan və 2022-2026-cı illəri əhatə edən dövlət proqramının tədbirlər planı artıq təsdiqlənib. Bu plana əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında 30 min hektaradək meşənin bərpa olunması nəzərdə tutulur. Bundan başqa, işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı 15 yol infrastruktur layihəsi həyata keçirilir. Artıq Zəfər yolu istifadəyə verilib. Digər istiqamətlərdə də işlər davam edir. İstər dəmir yollarının çəkilməsi, hava limanlarının tikintisi, istər Şərqi Zəngəzur dəhlizinin yaradılması istiqamətində tədbirlər görülür. Bütün işlər İdarələrarası mərkəzdə işçi qruplar tərəfindən sistemli şəkildə əlaqələndirilməklə həyata keçirilir. Əsas məqsəd dövlət başçısının verdiyi tapşırıqları səmərəli və keyfiyyətli şəkildə yerinə yetirməkdir".

AZƏRTAC