Qarabağ və Şərqi Zəngəzur: zəngin enerji mənbələri
İQTİSADİYYAT

Qarabağ və Şərqi Zəngəzur: zəngin enerji mənbələri

İşğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası təmin ediləcək

Bu mühüm iqtisadi tezis Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda öz əksini tapıb.  Qarabağda və Şərqi Zəngəzurda iqtisadi fəaliyyətin canlanması,  sürətləndirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması əsas vəzifə kimi qarşıya qoyulub.  Eyni zamanda  adıçəkilən iqtisadi rayonlar yaşıl enerji zonasına çevriləcək. Bu istiqamətdə mühüm dövlət sənədləri təsdiq edilib. Dövlətimizin başçısının “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” 2021-ci il 3 may tarixli  sərəncamına uyğun olaraq Nazirlər Kabineti “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nı təsdiq edib. Azərbaycan dünyada yeganə ölkədir ki, ağır müharibədən dərhal sonra işğaldan azad edilən torpaqlarda bərpa və yenidənqurma işlərinə başlayıb.  Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı yeni iqtisadi rayonların yaradılması haqqında Fərman Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı işlərin yerinə yetirilməsi üçün hüquqi baza yaratdı. İşğaldan azad edilmiş ərazilərin bərpası,  gələcək inkişafının təmin olunması,  zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində bölgədə genişmiqyaslı tədbirlər həyata keçirilir. Gələcək illərdə qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından,  təbii sərvətlərindən yararlanmaq mümkün olacaq.  Ötən əsrin 90-cı illərində xaricdən elektrik enerjisi alan Azərbaycan bu gün artıq dörd ölkəyə elektrik enerjisi  ixrac edir.  Qarabağ və Şərqi Zəngəzurun enerji potensialı isə  ölkəmizdə enerji istehsalını bir neçə dəfə artıracaq.  Bərpaolunan enerji növlərinin inkişafı  da   həmin məqsədə yönəldilib.  Bu  istiqamətdə  böyük planlar tərtib olunub və genişmiqyaslı işlər görülür.  Belə ki, Cəbrayıl rayonunda 240 meqavatlıq yeni günəş stansiyasının tikintisi  nəzərdə tutulur.  Xudafərin və Qız qalası su elektrik stansiyalarından yaxın zamanlarda 140 meqavat elektrik enerjisi əldə ediləcək.  Mütəxəssislərin fikrincə,  Kəlbəcər və Laçında isə 10 min meqavata yaxın külək və enerji gücləri potensialı var. Ehtimal edilir ki,  Qarabağ və Şərqi Zəngəzurda külək,  günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur.  Qarabağ və Şərqi Zəngəzur “Yaşıl Enerji Zonası” elan edilib, təbii ki, bu da qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın məhsuludur. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bu ərazilərin enerji təminatında bərpa olunan enerji mənbələrindən maksimum istifadə ediləcəyi,  ekoloji təmiz,  səmərəli innovativ texnologiyaların tətbiq olunacağı barədə qəti mövqe ifadə edərək deyib ki,  azad edilmiş ərazilər yaşıl enerji zonası olacaq.

İşğaldan azad edilən ərazilərdə iqtisadiyyatın sürətli bərpası və dayanıqlı inkişafı,  o cümlədən rəqabətli istehsal və emal sahələrinin fəaliyyəti üçün müasir infrastruktur qurulur,  məhz buna görə də sahibkarlara geniş güzəştlər veriləcək,  vergi-gömrük azadolmaları və güzəştli maliyyələşmə  tətbiq olunacaq, kreditlərin və investisiyaların sığortalanması mexanizmi işə salınacaq.  Ekoloji təmiz və iqtisadi cəhətdən səmərəli bərpaolunan enerji mənbələrindən istifadəni genişləndirməklə “yaşıl enerji zonası” konsepsiyası uğurla həyata keçiriləcək. Nəticədə,  ümumi məhsul buraxılışında,  ixracda və məşğulluqda işğaldan azad edilmiş ərazilərin payı davamlı artacaq. İşğaldan azad edilmiş ərazilərdə artıq  enerjinin nəqli yekunlaşmaq üzrədir və infrastruktur tam bərpa olunur. Bir daha qeyd edək ki,  işğaldan azad edilmiş ərazilərdə çox böyük alternativ enerji potensialı var.  Xüsusilə də hidro potensialı,  eyni zamanda  günəş və külək potensialları təxminən 10 qiqavat həcmində qiymətləndirilir.  Yuxarıda qeyd etdiyimiz kimi, ölkəmizdə çox məşhur olan BP şirkəti ilə Cəbrayılda inşa ediləcək sənaye miqyaslı 240 meqavatlıq günəş elektrik stansiyasının tikintisi ilə bağlı  geoloji və geotexniki tədqiqatlar aparılır.

Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” 10 min kvadratkilometr ərazini əhatə edir. Yeraltı və yerüstü təbii sərvətlərlə zəngin olan bölgə 7200 meqavat günəş,  2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi,  yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır.  Günəş enerjisi potensialı Füzuli,  Cəbrayıl,  Zəngilan və Qubadlıda,  külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində müşahidə olunur.  Regionun Tərtərçay,  Bazarçay,  Həkəriçay kimi əsas çayları və digər kiçik çayları böyük hidroenerji potensialına malikdir. Artıq 7 kiçik su elektrik stansiyası işə salınıb.  Həmçinin ilkin təhlillərə əsasən Kəlbəcərdə günlük 3093 kubmetr,  Şuşada isə günlük 412 kubmetr termal su ehtiyatlarının mövcud olması ehtimal edilir. Araşdırmalara və mütəxəssislərin qənaətinə görə, gələcəkdə istehsal edilən alternativ enerji Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə,  oradan isə Avropaya nəql ediləcək.  

Məlum olduğu kimi,  Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsinin reallaşdırılması istiqamətində işlərə başlanılıb.  Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində müqavilə imzalanıb.  Dörd ölkə -Azərbaycan,  Gürcüstan,  Macarıstan və Rumıniya arasında “yaşıl enerji”nin  nəqli sahəsində əməkdaşlığa dair razılaşma əldə edilib.  Göründüyü kimi, Qarabağ və Şərqi Zəngəzurdakı enerji mənbələrindən səmərəli istifadə edilməsi üçün çox geniş infrastruktur qurulur və hər iki bölgə yaxın vaxtlarda enerji ixracatçısına çevriləcək.

                                             Salman ALIOĞLU,

                                                 “Respublika”.