Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi tarixi missiya idi
Siyasət

Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi tarixi missiya idi

Türkiyənin nüfuzlu telekanallarından olan “CNN Türk”ə geniş müsahibə verən Prezident,  Ali Baş Komandan İlham Əliyev yenə birmənalı, qətiyyətli və cəsarətli mövqeyini bütün dünyaya nümayiş etdirdi. Bu müsahibədə hər kəsə cavab var idi, xüsusilə də  Azərbaycanı istəməyənlərə.  Hər kəsə anladığı və anlayacağı dildə cavab verildi, elə bir məqam-məsələ olmadı ki, cavablandırılmasın. Bu müsahibə dostlara, müttəfiqlərə  təşəkkürlər və minnətdarlıqlarla, düşmənə, onun açıq və gizli havadarlarına sərt xəbərdarlıqlar və mesajlarla yadda qaldı.

“CNN Türk”ün müxbirinin suallarını cavablandıran Prezident İlham Əliyevin ilk mesajı Azərbaycan dövlətinin,  xalqının tarixi Qələbəsi və bu Zəfərin doğurduğu nəticələrin heç bir halda dəyişməyəcəyi, dəyişdirilə bilməyəcəyi barədə son və qəti bir mövqeyinin ifadəsi idi. Təsadüfi deyil ki, “CNN Türk” televiziyasında səsləndirilən  fikirlər hazırda geniş şəkildə  Azərbaycanda, Türkiyədə və qonşu ölkələrdə də müzakirə edilməkdədir.

Türkiyə Respublikasının Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç, İstanbul-Türkiyə Azərbaycan Dərnəyinin (İSTAD) rəhbəri Səfər Karakoyunlu və siyasi araşdırmaçı Özlem Muzafferin fikirlərini oxuculara təqdim edirik.

İlham Əliyev Türkiyənin “CNN Türk” kanalı vasitəsilə Ermənistana mesajlarını göndərməyi lazım bildi. Çünki  bu kanal müharibə zamanı da Azərbaycanın dünyaya açılan əsas pəncərələrindən idi. İlham Əliyevin mesajlarını Türkiyənin məşhur kanalı vasitəsilə geniş tamaşaçı kütləsinə çatdırılması həm də ona görə diqqət çəkir ki, burada da Azərbaycan-Türkiyə siyasi və hərbi ittifaqının dönməz olduğu bir daha özünü biruzə verir.

Bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç vurğulayıb. O deyib: “İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsi zamanı söylədiyi fikirlər onu deməyə əsas verir ki, Azərbaycan bundan sonrakı dövrdə də həssas yanaşdığı məsələlərdə prinsipiallığını qoruyacaq, yenə də öz gücünə arxayın olacaq və bölgədə yaranmış yeni şəraitin bu regionda yerləşən dövlətlər üçün bir fürsətə - əməkdaşlığa, sülhə, inkişafa çevrilməsinə dəstək göstərəcək. 30 ilə yaxın dövrdə Azərbaycan ərazilərini işğal edərək amansız dağıntılar, vandalizm, soyqırımı törədən Ermənistan 44 gün ərzində layiqli cavabını aldı və nəticədə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Hesab edirəm ki, Prezident İlham Əliyev bundan sonrakı dövr üçün mövqeyini açıq-aydın ortaya qoydu və hər kəsi bu fikirlərdən nəticə çıxarmağa çağırdı”.

Hulusi Kılıç deyib: Görünür, İkinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Ona görə biz ümid edirik ki, Rusiya Ermənistanı silahlandırmayacaq,  bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməyəcək  və uzunmüddətli sülhü təmin etmək üçün addımlar atacaq. Çünki nə qədər silahlar verilsə də, yenə də güclər nisbəti dəyişməyəcək”.

Azərbaycan bölgədə sülh və sabitliyin  tərəfdarıdır.

Bu sülh təklifi, bölgə və bölgəyə qonşu olan dövlətlərin təhlükəsizliyinə və iqtisad inkişaflarına töhfə verəcək bir təklifdir. Bu fikri müsahibə zamanı İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) rəhbəri  Səfər Karakoyunlu  deyib. O, yolların açılmasının, Zəngəzur dəhlizinin yaradılmasının, bütün ticarət əlaqələrinin bərpasının, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsinin vacib olduğunu bildirib. S.Karakoyunlu deyib ki, əslində, Ermənistan və bəzi regional dövlətlər nəqliyyat dəhlizlərinin açılması və yeni iqtisadi layihələrdən maksimum şəkildə bəhrələnə bilərlər. Azərbaycan tərəfinin də bütün tərəflərə etdiyi təklif  bölgədə tərəqqi və sabitliyə əsaslanır. Yaxşı olardı ki, İrəvan ən yeni tarixindən maksimum düzgün nəticə çıxarsın və sərsəm iddialarından əl çəksin, bəzi xarici qüvvələrə ümid etməsin. Əks-təqdirdə Azərbaycan  ədalət uğrunda yeni addımlar atacaq.

İSTAD rəhbəri Ermənistanın Laçın yolu vasitəsilə Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə silah və hərbçilər göndərməsinin yolverilməzliyi və buna son qoyulması üçün ciddi tədbirlər görülməsinin zəruriliyini qeyd edib.  Laçın dəhlizi vasitəsilə bəzi qonşu dövlətlərin Azərbaycan torpaqlarında olan erməni separatçılarına hərbi məqsədli müxtəlif tipli yükləri göndərməsi açıq-aşkar beynəlxalq hüququn pozulması, qonşuluq prinsiplərinə ziddir. Xüsusilə, Rusiyanın özünün qarant olduğu Bəyanatda yer alan məsələlərin hələ də ermənilər tərəfindən icra edilməməsi Moskvanın bölgədəki maraqlarına xələl gətirə bilər.

Əgər kimlərsə, 30 il ərzində olduğu kimi, postmüharibə dövründə də, köhnə siyasətlərindən əl çəkməyəcəklərsə, bu, onların sərhədləri yaxınlığında yenidən dinamik hərbi mərhələnin başlanması ilə nəticələnə bilər.

Bu gün dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur. Əgər axtarmaq istəsəniz, tapa bilməzsiniz, yoxdur. Bu birlik, həmrəylik, qardaşlıq sözdə deyil, əməldədir. Türkiyə daim Azərbaycanın yanındadır və Azərbaycanın haqq işində Türkiyə  Azərbaycana siyasi və mənəvi dəstək verdi və verəcək də. Siyasi araşdırmaçı Özlem Muzaffer  Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı söylədiyi fikirlərə toxunaraq deyib: Prezident: “Boşluq olmamalıdır, ara olmamalıdır ki, kimsə bu araya girməsin. Çünki elələri də var. Çalışacaqlar ki, aramıza girsinlər, çalışacaqlar ki, provokasiyalar, təxribatlar, uydurmalar ortaya atılsın”. İlham Əliyev haqlıdır, ətlə dırnaq arasına girmək mümkünsüzdür. Azərbaycan müstəqillik qazandıqdan bu yana Türkiyə ilə münasibətləri gərginləşdirmək istəyənlər hər zaman olub və olacaq da. Amma  bu yol əbədi olmalıdır, şübhəsiz. Çünki bu yol Azərbaycan və Türkiyənin, Türk dünyasının, bütövlükdə isə Avrasiyanın önəmli bir hissəsinin xoşbəxt, təhlükəsiz gələcəyinin əsasını təşkil edir. Can Azərbaycanla qardaş Türkiyə bundan sonra da daim qoşa qanad kimi birlikdə çalışıb, Qələbələrə, Zəfərlərə birgə imza atacaqlar.

Esmira YAZKAN Aslanova,

“Respublika” qəzetinin Türkiyə üzrə müxbiri.