İQTİSADİYYAT

"Qarabağ" yatağında neft hasilatına 2025-ci ildə başlanılacaq

“Qarabağ” yatağında ilkin neft hasilatının yenilənmiş cədvələ əsasən 2025-ci ildə əldə edilməsi nəzərdə tutulmuşdur.

SOCAR-ın 2020-ci il üzrə illik hesabatında bildirilir ki, “Qarabağ” yatağında 2020-ci ilin mart ayında KPS-4 №-li qiymətləndirici quyuda qazma işləri tamamlanmışdır.

Yataqda 60 milyon tondan çox geoloji neft ehtiyatı hesablanmışdır. “Qarabağ” yatağında dənizin 180 m dərinliyində 12 quyunun qazılması və 20 şaxtalı dərin dəniz özülünün tikintisi nəzərdə tutulur. Hazırda layihənin mühəndis işləri davam etdirilir. Yataqdan ilkin neft hasilatının yenilənmiş cədvələ əsasən 2025-ci ildə əldə edilməsi nəzərdə tutulmuşdur.

 “Lukoil” “Şahdəniz”də payını artırır

Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağında Rusiyanın “Lukoil” şirkəti payını artırır.

Şirkətdən xəbər verilir ki, “Lukoil” “Petronas” şirkətindən “Şahdəniz”də 15,5% payının alınması haqqında müqavilənin imzalanmasını elan edib.

Məlumata görə, sövdələşmənin dəyəri 2,25 mlrd. ABŞ dolları təşkil edəcək.

“SOCAR Turkey Energy” Neft Sənayesi Dərnəyinin 17 -ci üzvü oldu

Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi - “SOCAR Turkey Energy” qonşu ölkədə fəaliyyət göstərən Neft Sənayesi Dərnəyinə (PETDER) üzv olub. Bununla da PETDER-in üzvlərinin sayı 17-yə çatıb.

Digər 16 üzv "Alpet", "Aytemiz", "Belgin", BP, "Castrol", "Exxon Mobil", GO, "Güzel Enerji Akaryakıt", "Opet", "Petline", "Petrol Ofisi", "Petroyağ", "Shell", "Shell & Turcas", "Total Energies" və "Türk Petrolları"dır.

Bəybala  BƏYBALAYEV,

“Respublika”.