Qarabağa həsr olunmuş fotosərgi - “Dağıdılmış şəhərlər: Keçmişin kölgəsi
Digər xəbərlər

Qarabağa həsr olunmuş fotosərgi - “Dağıdılmış şəhərlər: Keçmişin kölgəsi"

Azərbaycanın Litvadakı səfirliyinin dəstəyi ilə Vilnüs şəhərində yerləşən "Jurnalistlər Evi"ndə litvalı fotojurnalist Arunas Sartanaviçusun ölkəmizin işğaldan azad edilmiş ərazilərində çəkdiyi fotolardan ibarət "Dağıdılmış şəhərlər: Keçmişin kölgəsi" adlı fotosərgi təşkil olunub.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Litva Jurnalistlər İttifaqının sədri Dainius Radzeviçius fotosərgini açaraq jurnalistikanın müxtəlif istiqamətlərindən və müasir dövrdə fotojurnalistikanın əhəmiyyətindən bəhs edib. O, belə bir sərginin təşkilinin mövzu ilə tanış olmayanların bu haqda daha ətraflı məlumat əldə etmələrinə imkan yaratdığını vurğulayıb.

Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev fotosərginin müəllifi A.Sartanaviçusa və Litva Jurnalistlər İttifaqına belə bir sərginin təşkil olunmasına göstərdikləri dəstəyə görə təşəkkürünü ifadə edərək, müasir dövrdə insanların baş verən hadisələri faktlar əsasında deyil, təbliğatın təsiri altında qavradıqlarını söyləyib. Məhz bu səbəbdən sərgidə nümayiş olunan fotoların Ermənistanın 30 il ərzində işğal altında saxladığı ərazilərimizdə Azərbaycan mədəni irsinin, tarixi, dini və mədəni abidələrinin, məzarlıq və məscidlərin, mülki evlərin, təhsil ocaqlarının məhvinə doğru yönəlmiş vəhşilikləri, həmçinin genosidə məruz qoyması barədə insanlara daha dəqiq məlumat verilməsi baxımından vacibliyini bildirib. Özünün də əslən Azərbaycanın Qarabağ bölgəsindən olduğunu qeyd edən səfir, bu fotoların heç bir şərhə ehtiyac olmadan Qarabağda baş verən əsl həqiqətləri nümayiş etdirdiyini də vurğulayıb. Eyni zamanda, Azərbaycanın işğaldan azad etdiyi ərazilərində - Qarabağda bu gün Prezident İlham Əliyevin rəhbərliyi və birbaşa nəzarəti ilə geniş bərpa və quruculuq işlərinin həyata keçirildiyi barədə məlumat verib, bu işlərin uğurla başa çatdırılacağına əminlik ifadə edilib.

Nümayiş olunan fotoların müəllifi A.Sartanaviçus və Xocalı faciəsinin şahidi olmuş litvalı hərbi jurnalist "Sonsuz dəhliz" sənədli filminin müəllifi Riçardas Lapaytis Birinci və İkinci Qarabağ müharibələri, eyni zamanda, sonrakı dövrdə bölgəyə səfərləri zamanı orada üzləşdikləri mənzərə, lentə aldıqları kadrlar və təəssüratları barədə sərgi iştirakçıları ilə bölüşüb. Belə bir sərginin təşkil olunmasında göstərilən dəstəyə görə Azərbaycanın Litvadakı səfirliyinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, sərgi iştirakçıların böyük marağına səbəb olub və Litva mətbuatında işıqlandırılıb.