“Qarabağda ekoloji terrora son” adlı elmi-praktik konfrans
Digər xəbərlər

 “Qarabağda ekoloji terrora son” adlı elmi-praktik konfrans

Bakı Mühəndislik Universitetinin (BMU) ev sahibliyi, Fitoterapevtlər İctimai Birliyi, Respublika Qadınlar Cəmiyyətinin birgə təşkilatçılığı, Əməkdar incəsənət xadimi, dosent Fəxriyyə Xələfovanın layihə rəhbərliyi ilə “Qarabağda ekoloji terrora son” adlı elmi-praktik konfrans keçirilib.

İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bir sıra nazirlik rəsmilərinin, millət vəkillərinin,  tanınmış ictimai-siyasi və elm xadimlərinin, həmçinin ölkəmizdə təhsil alan xarici tələbələrin iştirak etdiyi konfransda açılış nitqi ilə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov Ermənistanın ölkəmizə qarşı təcavüzünün davam etdiyi 30 il müddətində işğal olunmuş ərazilərdə təbii ehtiyatların qeyri-qanuni istismarının ekoloji faciələrə yol açdığını deyib. Rektor ermənilər tərəfindən Qarabağın flora və faunasının məqsədli şəkildə məhv edilməsindən, torpaqlarımızın ciddi deqradasiyaya məruz qalmasından, eləcə də həmin ərazilərdə mövcud olan faydalı qazıntıların, şirin su resurslarının, meşə fondunun amansız formada talan olunmasından ətraflı danışıb.

Tədbirin əhəmiyyətini qeyd edən Fitoterapevtlər İctimai Birliyinin sədri, tibb elmləri doktoru Məlahət Qəhrəmanova Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının təbiətinin erməni vandalları tərəfindən qəsdən məhv edilməsini, bundan irəli gələn ekoloji fəlakətləri, həmin ərazilərin flora və faunasının işğaldan əvvəlki və mövcud vəziyyəti ilə bağlı məlumatları nəzərə çatdırıb.

Əməkdar incəsənət xadimi, “Qarabağın flora və faunası” layihəsinin ideya müəllifi Fəxriyyə Xələfova işğal dövründə Qarabağda baş verən ekosidin yalnız Azərbaycan üçün deyil, ümumilikdə bəşəriyyət üçün ciddi faciələrə yol açdığını bildirib. O, Qarabağ torpaqlarında ətraf mühitə, ekosistemə, flora və faunanın vahidliyinə vurulan sistemli zərbələrin təbiətdə tarazlığın pozulmasına gətirib çıxardığını deyərək, bu terrorun səbəblərinin beynəlxalq müstəvidə araşdırılaraq hüquqi qiymət almasının vacibliyini vurğulayıb.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva da mövzunun aktuallığını önə çəkərək, ekosidin yalnız milli zəmində deyil, qlobal məkan üçün ciddi təhdidlər doğurduğunu bildirib. Ümumilikdə işğal altında olmuş ərazilərimizin ekologiyasına, regionun ekosisteminə ciddi zərər vurulmaqla, beynəlxalq səviyyədə ekoloji cinayət törədildiyini vurğulayan Səbinə Əliyeva bütün bu faktlarla bağlı Ombudsman Aparatı tərəfindən beynəlxalq aləmin diqqətinə çatdırılması üçün geniş hesabat hazırlandığını bildirib.

Millət vəkilləri Qənirə Paşayeva, İlham Məmmədov, Müşfiq Məmmədli, AMEA Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov çıxışlarında mövzunun əhəmiyyətini və qloballığını vurğulayıblar.

Konfrans işğal zamanı Ermənistan tərəfindən törədilmiş ekoloji cinayətlərin acı nəticələrinin geniş müzakirəsi ilə davam edib.

                                                                                    M.MİRZƏ,

                                                                                “Respublika”.