Qarabağda minalarla çirklənmə iqtisadi inkişafın qarşısını alır, köçkünlərin təhlükəsiz qayıdışına mane olur
Digər xəbərlər

Qarabağda minalarla çirklənmə iqtisadi inkişafın qarşısını alır, köçkünlərin təhlükəsiz qayıdışına mane olur

Bu il mart ayının 16-da Azərbaycanın Ağdam rayonunda iki dinc sakinin ölümünə səbəb olan mina partlayışı hadisəsi ilə əlaqədar ABŞ səfirliyinin məlumatında Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalarla çirklənməsinin iqtisadi inkişafın qarşısını aldığı köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışına mane olduğu bildirilir.

Məlumatda deyilir: "ABŞ səfirliyi Ağdamda mina partlayışı nəticəsində həlak olanların ailəsinə başsağlığı verir. Münaqişə rayonunda minalar partlamamış hərbi sursatlar dinc sakinləri öldürməyə şikəst qoymağa davam edir". Həmçinin ABŞ-ın humanitar minatəmizləmə işlərini dəstəklədiyi məlumatda qeyd edilir. Bildirilir ki, regionda sülhə əməkdaşlığa kömək etmək məqsədilə ABŞ 2021-ci ilin noyabrından münaqişə rayonlarında humanitar minatəmizləmə işlərinə 2,5 milyon dollar vəsait ayırıb.

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsinin ciddi problem yaratdığını ərazilərin təmizlənmədiyi müddətdə məcburi köçkünlərin ora qayıtmalarının qeyri-mümkün olduğunu deyib. Səfir onu da bildirib ki, ABŞ şirkətlərinin bir neçəsi işğaldan azad edilmiş ərazilərin yenidən qurulması prosesində fəal iştirak edir.

Qeyd edək ki, bu ilin mart ayının 16-da Ağdam rayonunun Yusifcanlı kəndinin iki dinc sakini mina partlayışı nəticəsində həlak olub. 1999-cu il təvəllüdlü Həsənov İsrail İbrahim oğlu, 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşüblər.

Mehparə ƏLİYEVA,

"Respublika".