Qarabağda şəhərsalma və memarlıq məsələləri öz həllini tapır
Mədəniyyət

Qarabağda şəhərsalma və memarlıq məsələləri öz həllini tapır

Həyata keçirilən layihələr tarixi memarlıq irsini yaşatmaqla müasirliyi də ehtiva edir

İşğaldan azad edilmiş ərazilərdə-Qarabağda və Şərqi Zəngəzurda şəhər və kəndlərin bərpası, yenidən qurulması istiqamətində məqsədyönlü iş aparılır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu yaxınlarda Azərbaycan Televiziyasına müsahibəsində şəhərsalma sahəsində böyük işlər görüldüyünü qeyd edib. Dövlətimizin başçısı Ağdamın baş planının təsdiqləndiyini, Füzulinin və Cəbrayılın müfəssəl baş planlarının üzərində iş getdiyini və tezliklə ictimaiyyətə təqdim ediləcəyini, Zəngilan şəhərinin baş planının hazırlanması prosesinə başlandığını, Qubadlı, Laçın və Kəlbəcər şəhərlərinin də yenidən qurulacağını bildirib. Ölkə büdcəsi üçün ağır yük olsa da, Azərbaycan hökuməti bərpa və yenidənqurma işlərini sürətlə aparmaq, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirmə əzmini bütün dünyaya nümayiş etdirir.

Xalqımız üçün əziz olan və Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərində isə dövlət siyasətinin əsas istiqamətləri müvafiq qanunla təsbit olunub. Prezident İlham Əliyevin bu il mayın 31-də təsdiqlədiyi “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Qanuna əsasən, şəhərin bərpası, yenidən qurulması, öyrənilməsi, inkişafı və təbliği, burada yerləşən tarix və mədəniyyət abidələrinin qorunmasının təmin olunması əsas istiqamətlərdəndir. Bununla yanaşı, Şuşa şəhərinin ərazisində inşaat, bərpa, təmir, təmizlik, yaşıllaşdırma, abadlaşdırma, təsərrüfat və ya hər hansı başqa işlər aparılarkən arxeoloji abidə aşkar edildikdə aparılan iş dərhal dayandırılmalı, bu barədə müvafiq icra orqanının müəyyən etdiyi quruma məlumat verilməlidir. Hazırda şəhərin abadlaşdırılması, yeni infrastrukturun qurulması işləri davam etdirilir.

İşğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq və bərpa işlərinin həyata keçirilməsi şəhərsalma prosesinin çevik və səmərəli idarə olunması üçün yeni şəraitə uyğun institusional sistemə tələbat yaradırdı. Prezident İlham Əliyevin iyulun 12-də imzaladığı “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında” və “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” fərmanlar bu sahədə mühüm addım kimi səciyyələndirilir.

Məlum olduğu kimi, rəşadətli ordumuzun uğurlu əks-həmlə əməliyyatlarının hələ davam etdiyi, ərazilərimizin erməni işğalından qurtarılmağa başlandığı bir vaxtda dövlətimizin başçısı bu ərazilərlə bağlı bir sıra vacib qərarlar qəbul edib. Möhtərəm Prezidentin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr 2020-ci il tarixli Fərmanı ilə dövlət qurumlarının qarşısında dəqiq və təxirəsalınmaz vəzifələr qoyulub. Fərman əsasında yaradılan və dövlət qurumlarının təmsil olunduğu müvəqqəti komendantlıqlar, İqtisadiyyat Nazirliyi ilə birlikdə, işğaldan azad edilmiş ərazilərdəki infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılması vəzifəsini yerinə yetirməli idilər. İndi isə bu proses nəticəsində işğaldan azad olunmuş ərazilərdə tikililərin mövcud vəziyyəti və həmin tikililərdə baş verən dəyişikliklər barədə məlumatların uçotu aparılmalı, habelə tikililərin sökülməsi sahəsində dövlət orqanlarının çevik əlaqələndirilmiş fəaliyyəti təmin edilməlidir. İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinin yaradılması məhz bu məqsədə xidmət edir.

Nazirlər Kabineti İqtisadiyyat Nazirliyinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifləri əsasında “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə”ni, həmçinin işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin daha səmərəli təşkili məqsədilə reyestrə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsünü iki ay ərzində təsdiq etməlidir. Reyestrin tərtibini və aparılmasını Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirəcəkdir.

Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələlərini tənzimləyəcək qərarlarından biri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin yaradılması, onun Əsasnaməsinin təsdiq edilməsidir. Bu idarə  Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xocalı, Xocavənd və Zəngilan rayonlarının inzibati ərazilərində Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nda nəzərdə tutulmuş yerli səviyyədə dövlət şəhərsalma nəzarətini müvəqqəti olaraq həyata keçirəcəkdir.

Bərdə şəhərində yerləşən Baş İdarə, öz Əsasnaməsinə uyğun olaraq, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazə verəcək, tikintiyə icazə üçün müraciət edilməzdən əvvəl aparılacaq tikintinin parametrləri barədə müraciətlərə baxacaq, tikinti məqsədləri üçün torpaq sahəsi ayrılarkən həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğunu yoxlayacaq, səyyar və əsaslı tikinti olmayan obyektlərin, xırda pərakəndə ticarət obyektlərinin və komplekslərinin uyğunluğuna dair rəy verəcək, şəhərsalma kadastrının aparılmasını təmin edəcək. Baş İdarə rəisinin birinci müavini, eyni zamanda, Qarabağ regionunun baş memarı vəzifəsini yerinə yetirəcəkdir.

Onu da qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə yol-nəqliyyat, elektrik enerjisi  və su təchizatı infrastrukturlarının yaradılması ilə yanaşı, yaşayış yerlərinin bərpası və yenidən tikilməsi istiqamətində də işlər davam etdirilir. Zəngilan rayonunda “ağıllı kənd” layihəsinin icrası, Ağdamın yeni baş planı üzrə görülən işlər uzun illərdir doğma torpaqlara qayıtmaq arzusu ilə yaşayan məcburi köçkünlərimizdə böyük sevinc hissi doğurur. Bu layihələr Qarabağın tarixi memarlıq irsini yaşatmaqla yanaşı, ən müasir arxitektura elementlərini də özündə ehtiva edir. Ötən ayın əvvəllərində isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Qədim Qarabağın yenilənən siması” adlı müsabiqə proqramına start verib. Qarabağın bir sıra kənd və qəsəbələrini əhatə edəcək müsabiqə proqramının ilk mərhələsində Ağdam rayonunun Sarıcalı, Füzuli rayonunun Horadiz, Kəlbəcər rayonunun Zar, Laçın rayonunun Şəlvə və Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndləri, həmçinin Cəbrayıl rayonunun Xudafərin qəsəbəsi ilə bağlı layihələr qəbul olunub. Yaşayış məskənlərinin gələcək sosial, iqtisadi, texnoloji inkişaf istiqamətləri, milli memarlıq ənənələrinə bağlılıq, yüksək bədii-estetik görünüş və həyat keyfiyyəti, mühit-məkan həllinin müəyyənləşdirilməsi kimi vacib məsələlər layihələr üçün əsas şərt kimi götürülüb. Layihələrin qəbulu iyulun 31-də başa çatıb. Digər kəndləri də əhatə edəcək müsabiqələrin keçirilməsi də nəzərdə tutulur ki, bu işləri də, çox güman ki, bundan sonra Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi gerçəkləşdirəcəkdir.

...Təcavüzkar Ermənistanın işğalçılıq siyasəti nəticəsində otuz ilə yaxın müddətdə ölkəmizə dəyən ziyanın həcmi çox böyükdür. Erməni faşistləri 871 yaşayış məntəqəmizi, o cümlədən 11 şəhəri, 12 qəsəbəni, 848 kəndi  dağıdıb, viran qoyublar. Yüz minlərlə bina və mənzil, minlərlə ictimai və tibbi bina yerlə-yeksan edilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz bu “vəhşi qəbilə”ni torpaqlarımızdan qovub çıxardıqdan sonra Qarabağın dirçəldilməsinə başlanılıb və bu proses dövlətimizin gücü, qüdrəti, xalqımızın dostlarının dəstəyi sayəsində sürətlə həyata keçirilməkdədir. Doğma torpaqlarımızı yeni şəhərlərin, kəndlərin bəzəyəcəyi, soydaşlarımızın öz yurdlarında xoş günlər yaşayacağı günlər o qədər də uzaqda deyil. Qarabağda şəhərsalma və memarlıq məsələlərinə dövlətimizin xüsusi diqqət yetirməsi bunu söyləməyə əsas yaradır.

Möhtərəm RƏCƏBOVA,

“Respublika”.