Qarabağdan dünyaya mesaj: Biz birlikdə güclüyük
Siyasət

Qarabağdan dünyaya mesaj: Biz birlikdə güclüyük

"Bügünkü gün Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli bir gündür. Zəngilan şəhərinin işğaldan azad olunmasının ikinci ildönümüdür. Düz iki il bundan əvvəl erməni işğalına son qoyuldu. Azərbaycan Ordusu Zəngilan şəhərini azad etdi və məhz belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır... Bu gün bizim rəsmi mərasimimiz Cəbrayıl şəhərində keçirildi. Əslində, Cəbrayıl şəhəri yoxdur, çünki bax burada, oturduğumuz yerdə binalar olub, insanlar yaşayıb, həyat qaynayıb... Cəbrayıl şəhərindən bax bu dağılmış binalar qalıb". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də Cəbrayıl şəhərində Türkiyə Prezidenti ilə təkbətək görüş başa çatandan sonra mətbuata bəyanatında bildirib.

Vətən müharibəsindən sonra qısa müddət ərzində Qarabağ və Şərqi Zəngəzurda aparılan abadlıq-quruculuq işlərinin həcmindən danışarkən bunun əsl qəhrəmanlıq olduğunu, Azərbaycanın burada sıfırdan başlayaraq yenidən ayağa qalxdığını, ölkəmizin qəhrəmanlıq dastanından sonra indi də Qarabağın inkişaf dastanını yazdığını vurğulayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə demişdir: "...Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq mənə görə reallıqdan uzaqdır. Yəni artıq bütün Qarabağla bağlı atılan bu addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur. Azərbaycan əmin addımlarla yoluna davam edir. Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq Qərb, Orta Dəhliz marşrutları üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək".

Bu gün Azərbaycan-Türkiyə əlaqələri davamlı olaraq yüksələn xətlə inkişaf etməkdədir, münasibətlərimizdə yeni parlaq səhifələr açılır. Siyasi, iqtisadi-ticari əlaqələr, enerji, mədəniyyət, təhsil sahəsindəki əməkdaşlığımız maksimum səviyyəyə çatıb. Əlaqələrimizin bu səviyyəyə çatması, təbii ki, hər iki ölkənin dövlət başçılarının xüsusi xidmətləri sayəsində mümkün olub. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə Türkiyəyə birmənalı dəstəyini ifadə edir, eyni münasibət qardaş ölkənin lideri Rəcəb Tayyib Ərdoğan tərəfindən də sərgilənir. Bu, dövlətlərimiz və xalqlarımız arasında mövcud olan həmrəyliyin və birliyin təcəssümüdür.

Münasibətlərimizin daha da dərinləşməsində isə ötən il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsinin xüsusi rolu var. Bəyannamədəki bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatı üçün əlverişli imkan yaradıb. Vətən müharibəsi dövründə qardaş ölkənin mənəvi və diplomatik dəstəyini isə unutmaq olmaz. Əks-hücum əməliyyatları başlayan ilk saatlardan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, bütün Türk xalqının bizi siyasi və mənəvi cəhətdən dəstəkləməsi sözün həqiqi mənasında təmənnasız qardaşlığın böyük təntənəsi idi.

Dövlət başçılarının qarşılıqlı səfərləri tarixi hadisəyə çevrilir. Məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci il dekabrın 10-da keçirilmiş Zəfər paradında iştirakı, işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfər etməsi, həmçinin Füzuli, Zəngilan hava limanlarının açılış mərasimlərinə qatılması deyilənlərin təsdiqidir. Bu il mayın 14-də Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi keçirildi. Bu tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətilə Azərbaycan Prezidenti də iştirak etmişdir. Tədbirdə iki ölkə arasındakı münasibətlərin səviyyəsindən danışan dövlətimizin başçısı Türkiyənin iqtisadiyyatına, o cümlədən turizm sahəsindəki yeni layihələrin həyata keçirilməsinə böyük töhfələr verəcək Rize-Artvin Hava Limanının açılışında türk qardaşlarımızla bərabər olmaqdan məmnunluğunu ifadə edib.

Azərbaycan və Türkiyə prezidentlərinin qarşılıqlı rəsmi səfərləri hər iki dövlətdə böyük təntənə ilə qeyd edilir. Baxmayaraq ki, iki dost-qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq mövcuddur, dövlət başçılarımızın səfərləri zamanı yenə də müxtəlif sənədlər imzalanır. Bu, iki ölkə arasındakı dostluq əlaqələrinin daha sıx tellərlə bağlanmasından xəbər verir. Söz yox ki, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr çoxşaxəlidir və bütün sahələri əhatə edir. İki ölkə arasında imzalanmış strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə beynəlxalq aləmdə bir daha təsdiqlədi ki, Türkiyə ilə Azərbaycan daim hər sahədə çiyin-çiyinədir.

Bu il oktyabrın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti gəlişi, Zəngilan Beynəlxalq Hava Limanının açılışında və bir sıra obyektin təməlqoyma mərasimində iştirak etməsi iki dost-qardaş ölkənin birliyinin ifadəsidir. Türkiyə Prezidenti çıxışı zamanı Zəngəzur dəhlizi və Qərb ölkələrinin ikiüzlü siyasətinə toxunmuş, daha sonra ATƏT və digər beynəlxalq təşkilatların bölgəyə səfər etməməsini qınamışdır: "İndi sağıma, soluma baxıram, işğal dövründə Cəbrayılı nə hala salmışlar. Mən qardaşımdan soruşdum, dedim bu ATƏT, Avropa İttifaqı buraları gəlib görmədimi? Yox, gəlmirlər. Niyə gəlmirlər? Çünki öz üzqaralarını görəcəklər, Qərbin etdiklərini görəcəklər. Onlar burada dəstəklədikləri həmin işğal dövründə Cəbrayılı, Qarabağın digər bölgələrini nə hala gətirdiklərini görəcəklər. Təbii ki, bunları görmək istəmirlər. Əslində, onlar nələr törədildiyini bilirlər. Amma bunu görəndən sonra bu barədə danışdıq, bu işləri mütləq ədalət mühakiməsinə verərək, bunların təzminatını tələb etmək lazımdır. Bunların təzminatını istəyərək onları dalana dirəmək lazımdır. Dünya Qərbi çox yaxşı tanımalıdır, hamımız birlikdə tanıtmalıyıq". Bu da Türkiyə Prezidentinin növbəti mesajı idi.

Bəli, bu gün hazırkı siyasi şəraitdə Azərbaycan və Türkiyənin birliyi olduqca önəmlidir. İndi bu ölkələri ayrı təsəvvür etmək belə mümkün deyil, çünki Şuşa Bəyannaməsi qardaşlar arasında əlaqələrin təcəssümüdür və indi "hamımız birimiz, birimiz hamımız üçün çalışmalıdır" prinsipinə əməl etmək də günün tələbinə çevrilib. Türkiyə Prezidentinin Zəngilan Hava Limanının açılışında iştirak etməsi də türkün dünyaya bir mesajıdir: "Biz birlikdə güclüyük!".

Qoy düşmən və onun havadarları bilsinlər ki, əsrlərin sınağından keçib bərkiyən Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı əbədidir, möhkəmdir, sarsılmazdır, Azərbaycan və Türkiyə hər zaman olduğu kimi, bundan sonra da bir-birinin yanındadır. Hər zaman belə olacaq!

Zümrüd QURBANQIZI,

"Respublika".