Qarabağ öz strateji mövqeyi və təbiəti ilə hər zaman dünyanın diqqətini çəkib. Təəssüf ki, ölkəmizin ən gözəl guşələrindən, ən qədim yaşayış məskənlərindən biri olan bu bölgə münaqişəyə məruz qalıb, bu yerlər "boz zona"lara, yararsız ərazilərə çevrilib. Separatçılar bu torpaqları mina ilə çirkləndirib, su hövzələrinə tullantılar axıtmaqla zəhərləyib, məscidlərimizdə donuz saxlayıblar. Mədəni, ekoloji terror törədiblər.
Birinci Qarabağ müharibəsində erməni separatçıları soydaşlarımızı öz yurd-yuvalarından zorla çıxarıblar. Bununla belə, 30 il müddətində Qarabağdan didərgin salınmış vətəndaşlarımız heç bir zaman ümidlərini itirməyib, doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyiblər. 2020-ci ildə tarixi zəfərimizlə torpaqlarımız işğaldan azad edilib. Cəmi 44 günə Rəşadətli Ordumuz şəhər və kəndlərimizi geri qaytarıb. Bölgədə quruculuq işlərinə başlanıb. Bu gün keçmiş məcburi köçkünlər öz torpaqlarına qayıdır. Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər görülür.
Prezident İlham Əliyev ərazilərimiz işğaldan azad olunarkən xalqa buranın sakinlərinin ən qısa zamanda öz tarixi yurdlarına qayıdacaqlarına söz verib. Ölkə başçısı 2020-ci ilin oktyabrın 20-də xalqa müraciətində Zəngilan şəhəri və rayonun bir çox kəndlərinin işğaldan azad olunduğunu elan edib. Böyük Qayıdışın ilk addımları 2022-ci ilin iyul ayında Zəngilan rayonunun Ağalı kəndinə qayıdışla atılıb. Bölgədə reallaşdırılan ilkin infrastruktur layihələri, müəssisələrin açılışı, təməlqoyma mərasimləri sevinc və qürur hissi yaradıb.
Artıq erməni vəhşiliyinin qurbanı olan tarixi abidələrimiz bərpa olunur, daşı daş üstdə qalmayan şəhərlər 30 il sonra yenidən dirçəlir. Siyasi, iqtisadi, sosial və mədəni inkişafın təməlləri atılır. Təbii ki, illər boyu düşmən əsarətində qalan bu ərazilərin yenidən bərpası mürəkkəb və çoxşaxəli prosesdir. Lakin İkinci Qarabağ müharibəsindən sonra burada qısa müddətdə bir çox işlər görülüb. İşğaldan azad edilən bölgələrə yollar çəkilib, məktəblər, yaşayış kompleksləri, hava limanlarının tikilməsi kimi bir çox layihələr reallaşdırılıb.
Ötən illər Qarabağın yenidən qurulması ilə bağlı, bir çox layihələrin icrası başa çatıb. Burada Güləbird Su-Elektrik Stansiyası, 7 yarımstansiya, Zəfər yolu, Füzuli və Zəngilan Beynəlxalq Hava limanları, "Ağıllı kənd" kimi nəhəng layihələr tam başa çatdırılıb. Bülbülün ev-muzeyinin, Molla Pənah Vaqifin məqbərəsinin bərpası, Üzeyir bəy Hacıbəyli kimi dahi şəxsiyyətlərin heykəllərinin qoyulması və bərpa edilməsi bu sahəyə olan diqqətin göstəricisidir. Eyni zamanda Qarabağda 3 hava limanının mövcudluğu bütün növ təyyarələrin qəbuluna imkan yaradacaq. İqtisadi baxımdan mühüm əhəmiyyətə malik Zəngəzur dəhlizinin açılması regionun inkişafına böyük təkan verəcək.
Prezident İlham Əliyev sentyabrın 20-si xalqa müraciətində yenidənqurma prosesinə diqqət çəkib: "Biz bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qururuq, görün, nə qədər böyük işlər görürük, cəmi iki il ərzində. O bölgədə bəlkə də 30 il ərzində heç 1 faiz də iş görülməyib - elektrik stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları, kəndlər, şəhərlər qurulur. Cəmi iki il ərzində. Heç bir yardım almadan, özümüz. İkinci Qarabağ müharibəsi başa çatanda mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik və çeviririk, hər gələn insan onu görür". Ölkəmizin başçısı eyni şəraitin Xankəndidə, Ağdərədə, Əsgəranda və Xocavənddə də yaradılacağını vurğulayıb.
Bu gün Azərbaycan erməni əhalisinin reinteqrasiyasına bütün imkanları ilə çalışır. Dövlətimiz lokal antiterror tədbirləri ilə bir daha öz daxili və xarici işlərinə tam nəzarət etməyə qadir olduğunu sübut etdi. Artıq ölkəmiz öz qanunvericiliyi və konstitusiyası çərçivəsində Qarabağda yenidənqurma və reinteqrasiya proseslərini həyata keçirir. Region artıq yeni dövrə, yeni mərhələyə addım atır. "Qarabağ Azərbaycandır!" epoxası başlayır.
Nurcan SÜLEYMANOVA,
"Respublika".