Qarabağın dünyaya  açılan hava qapısı
Siyasət

Qarabağın dünyaya  açılan hava qapısı

Qarabağın payızı çox gözəl, çox duyğulu olur, bu yerlərdə olarkən insanın qəlbini ovsunlayan hissləri sözlə ifadə etmək olmur,  budaqlarından qopan yarpaqlar torpağın üstünə xalı kimi sərilib, alyanaqlı böyürtkənlər adama gəl-gəl deyir,  quşların səsi xoş avazlı nəğmə kimi könlümüzü ovundurur, vaxtilə yağıların xarabalığa çevirdikləri yurd yerlərinə şərəfli və ləyaqətli həyat qayıdıb, təbiət hər tərəfi sehrli rənglərə bürüyüb. Halbuki, iki il bundan əvvəl oktyabr ayının ortalarında bu yerlərdə qanlı döyüşlər gedirdi, Azərbaycanın ər oğulları torpaqlarımızı işğalçılardan azad etmək üçün hünər göstərirdilər, hər tərəf barıt qoxuyurdu, güllələr, mərmilər göydə cövlan edirdi, ərənlərimiz addım-addım,  qarış-qarış irəliləyir, düşmənin başını əzir, sözün əsl mənasında qəhrəmanlıq dastanı yazırdılar.

 İki ildir ki, xalqımız qürur,  iftixar və doğma torpaq təntənəsini yaşayır.  Qırx dörd günlük müharibə bizim gücümüzü göstərdi,  Silahlı Qüvvələrimizin rəşadətini, qəhrəmanlığını, xalqımızın birliyini, Ali Baş Komandan İlham Əliyevin əzmini, fədakarlığını nümayiş etdirdi. Biz bir yumruq kimi birləşdik,  ordumuz düşmənə sarsıdıcı zərbələr endirərək onları torpağımızdan  qovdu.  

Qarabağa və Şərqi Zəngəzura xalqımızın dözümü, iradəsi,  birliyi,  şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq. Bir daha qeyd edək ki, Vətən müharibəsi xalqımızın monolit birliyini, hünərini, əzmini, haqqını və mübarizəsini bütün dünyaya göstərdi. Bu tarixi zəfər xalqımızın şərəfini və qürurunu özünə qaytardı,  düşmənin işğalı altında inildəyən torpaqlarımız indi azad nəfəs alır. Azərbaycan xalqının tarixinə şəhid qanıyla yazılan 27 sentyabr 2020-ci il həm də bizi qələbəyə aparan yolun başlanğıcı oldu. Ermənistan ordusunu darmadağın edən Azərbaycan Silahlı Qüvvələri 2020-ci il 8 noyabrda  tarixi qələbə qazandı. Həm də beynəlxalq təşkilatların, o cümlədən,  BMT-nin 27 il kağız üzərində qalan qətnamələrini yerinə yetirdi, haqqı və ədaləti bərpa etdi.

Tarixi qələbədən sonra işğaldan azad edilən torpaqlarda ermənilərin 28 il ərzində basdırdığı saysız -hesabsız minaların təmizlənilməsinə başlanılıb və gizli düşmənə qarşı bu çətin,  eyni zamanda təhlükəli axtarış xilasetmə işləri uğurla davam etdirilir. İşğaldan azad edilən yurd yerlərinə gedəndə bir tərəfdə erməni barbarlığının,  digər tərəfdə isə qalib Azərbaycan xalqının qurub-yaratmaq əzminin şahidi oluruq. Azad edilən rayonların ərazilərində iri infrastruktur layihələrin icrası uğurla davam etdirilir, bir-birinin ardınca həyat əhəmiyyətli və müasir texnologiyalarla inşa edilən yolların, hava limanlarının, enerji qovşaqlarının,  aqroparkların, “ağıllı kənd”in, turizm obyektlərinin açılışları gələcəyin xoş günlərindən xəbər verir. Azərbaycan Vətən müharibəsində ildırımsürətli döyüş əməliyyatları ilə işğalçıları torpaqlarımızdan necə qovmuşdusa, indi də həmin sürətlə, yüksək əhvali-ruhiyyə ilə, öz gücünə arxalanaraq Qarabağı və Şərqi Zəngəzuru dirçəldir, düşmənin viran qoyduğu yerlərdə müasir şəhərlər, kəndlər salınır.

Şərəfli və əzəmətli qələbədən 9 ay sonra Qarabağın hava qapısı hesab edilən, böyük strateji əhəmiyyətə malik Füzuli Hava Limanının istifadəyə verilməsi ağır müharibədən çıxmış ölkənin iqtisadi durumu haqqında dolğun təsəvvür yaratdı, dövlətimizin gücünü və iradəsini nümayiş etdirdi.

Xatırladaq ki, Füzuli Beynəlxalq Hava Limanının tikintisinə 2021-ci ilin yanvar ayında başlanılıb. Qısa müddət ərzində hava limanı ən müasir səviyyədə inşa olunub. Hava limanının istənilən tip təyyarəni qəbul etmək imkanları var.  Uçuş-enmə zolağının uzunluğu 3000,  eni isə 60 metrdir.  Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir.  Görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib.  Hava limanının ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb.  Burada avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə qülləsi tikilib. Bu isə hava limanında Beynəlxalq Mülki Aviasiya Təşkilatının(ICAO) standartlarına müvafiq qaydada uçuşların başlanmasını mümkün edir.  Hava limanında baqaj konveyerləri,  qeydiyyat sistemi,  VIP zallar,  mağazalar,  restoranlar və digər zəruri məntəqələr yaradılıb.  Burada sərnişinlərin rahatlığı üçün bütün meyarlar çox böyük zövqlə diqqət mərkəzində saxlanılıb.

Həmin ilin sentyabr ayının əvvəllərində ilk sınaq uçuşları həyata keçiriləndən sonra hava limanı həm sərnişin, həm də yük təyyarələrini qəbul etməyə başlayıb.  Beləliklə,  ən müasir tələblərə cavab verən beynəlxalq hava limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin qüdrətini göstərməklə yanaşı,  həm də işğaldan azad edilmiş rayonlarımızın tezliklə bərpa olunacağını və oraya yenidən həyatın qayıtmasını göstərir.  Bu hava limanının istifadəyə verilməsi bölgəyə səfər edənlərin rahatlığını təmin edəcək,  işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərinin daha da sürətlənməsinə töhfə verəcək, nəinki Füzulinin,  ümumilikdə bölgənin sosial-iqtisadi inkişafında müstəsna rol oynayacaq. Ötən il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.

Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsindən əvvəl,  ötən il sent­yabrın 5-də Bakıdan uçan “Azərbaycan Hava Yolları”na məxsus ən böyük “Airbus A340-500” tipli və simvolik ola­raq “Qarabağ” adını daşıyan sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək,  işğaldan azad olunan Qarabağın ilk hava limanına eniş  etdi.  Bun­dan əlavə,  Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan “Boeing 747-400” tipli hava gəmisi Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırdı.  Bu,  onu göstərir ki,  hava limanı həm də yükdaşımalar,  xüsusən beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir.  İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq,  Füzulidə açılan hava limanı həm də Qarabağda istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxımından olduqca vacibdir.  Qarabağın ilk hava limanına beynəlxalq status verilib və  beləliklə,  Füzuli aeroportu beynəlxalq uçuşlar üçün açıqdır və bölgədə turizm poten­sialının inkişafına töhfə verəcəkdir.

İşğaldan azad edilmiş Füzulidə həyata keçirilən bu möhtəşəm layihə və əlamətdar hadisə ölkəmizin siyasi-hərbi və iqtisadi qüdrətini bir daha  təsdiq etdi.  Bəlkə də dünyanın heç bir yerində belə qısa müddətdə hava limanı inşa edilməyib.  Füzuli Hava Limanının tikildiyi ərazi Azərbaycan igidlərinin yağı düşmənin başını əzdikləri döyüş meydanı idi və bu gün həmin ərazi Qarabağın dünyaya  açılan hava qapısına çevrilib. Çox qürurverici səhnə və tarixi bir səhifədir. Prezident İlham Əliyev yanvarın 14-də həmin aeropotun təməlini qoyanda demişdi ki,  bu hava limanının əsas məqsədlərindən biri də  xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir.  Çünki buradan Şuşaya olan məsafə o qədər də uzaq deyil.  Qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər.

Məhz buna görə də Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur.  Ümumiyyətlə,  Füzuli Hava Limanının inşası işğaldan azad edilmiş ərazilərimizdə müasir kommunikasiyaların qurulması sahəsində həyata keçirilən,  iqtisadi,  strateji baxımdan dəyərli olan yeganə layihə deyil.  Azərbaycanın tarixi torpaqlarında Böyük Qayıdış üçün vacib sayılan çox mühüm strateji layihələr icra olunur.  Mübaliğəsiz demək olar ki, Füzuli Beynəlxalq Hava Limanı Qarabağın inkişaf dastanının yazılmasında birinci səhifədir, bu dastanın sonrakı səhifələri də uğurla, əminliklə, yüksək inamla yazılır.  30 ilə yaxın mənfur düşmənlərin əli ilə sinəsinə mina əkilən torpaqlarımız bu gün rahat nəfəs alır,  indi onların basdırdıqları ölümsaçan minalar axtarılıb çıxarılır,  yerində isə güllər, ağaclar əkilir, evlər inşa edilir. Bu gün Azərbaycan 10 min kvadratkilometr ərazidə yeni həyat qurur.  Bir neçə gün əvvəl Cəbrayıl şəhərində qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi sözlər işğaldan azad edilən ərazilərdə aparılan işlərə ən yüksək qiyməti və dəyəri ifadə edir:

- Dağıdılmış,  yerlə-yeksan edilmiş bu bölgələr hazırda qardaşım İlham Əliyevin liderliyi ilə bənzərinə az rast gəlinən böyük bir inkişaf həmləsi ilə yenidən dirçəlir.  Körpüləri,  dəmir yolları,  avtomobil yolları,  magistralları ilə yenidən bir Azərbaycan inşa edilir.  İndi biz bunları yaşayırıq,  görürük.  Eşidərək deyil,  görərək bu ifadələri işlədirik.  Bu,  təbii ki,  başda qardaşım İlham Əliyev olmaqla,  bütün komandası ilə əl-ələ verərək atdıqları addımlar,  gördükləri işlərlə bu qədər qısa müddətdə Azərbaycan,  necə deyərlər,  burada sıfırdan başlayaraq yenidən ayağa qalxır.   

                                        Salman ALIOĞLU,

                                        “Respublika”.