Qarabağın hər bölgəsində Böyük Qayıdışla bağlı ciddi işlər görülür, ərazilər sürətlə minalardan təmizlənir
MÜSAHİBƏLƏR

Qarabağın hər bölgəsində Böyük Qayıdışla bağlı ciddi işlər görülür, ərazilər sürətlə minalardan təmizlənir

İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, eyni vandallığı, terroru, şiddəti, dağıdılan binaları, məktəbləri, məzarları, bütün erməni vəhşiliyini Kəlbəcərdə də görürük. Bu gün biz böyük bir kədər hissi ilə Kəlbəcər-Laçın tunelindəki qətliam barədə məlumatlandıq. Burada da Xocalı soyqırımında olduğu kimi, sıravi vətəndaşlar, erməni işğalı başladığı vaxtda doğma şəhərlərdən köç etmək məcburiyyətində qalan insanlar bir tuneldə sıxışdırılaraq qətl ediliblər. Bu, böyük bir kədərdir. Bu gün Kəlbəcər-Laçın tunelindəki vəhşilik dünyaya bir daha çatdırılmış oldu.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Kəlbəcərə səfəri zamanı Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı deyib.

"Çox şükür ki, bu gün artıq üçrəngli bayraq digər rayonlarda olduğu kimi Kəlbəcərdə də dalğalanır. Bu Zəfərin əldə edilməsində başda Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla, qəhrəman Azərbaycan Ordusunun böyük əməyi var. Şəhidlərə Allahdan rəhmət, qazilərə cansağlığı diləyirəm. Hazırda Qarabağın hər bölgəsində Böyük Qayıdışla bağlı ciddi işlər görülür, ərazilər sürətlə minalardan təmizlənir. Bu torpaqlar öz övladlarına, əsl sahiblərinə qovuşmağı həsrətlə gözləyir", - deyə səfir qeyd edib.

AZƏRTAC