“Qarabağın işğaldan sonra investisiya potensialı” mövzusunda regional videokonfrans keçirilib
Diaspora

 “Qarabağın işğaldan sonra investisiya potensialı” mövzusunda regional videokonfrans keçirilib

Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun təşəbbüsü və təşkilatçılığı ilə “Zəfər Günü” ilə bağlı “Qarabağın işğaldan sonra investisiya potensialı” mövzusunda onlayn regional videokonfrans keçirilib.
Videokonfransda Azərbaycan və Ukrayna parlamentlərarası əlaqələr üzrə deputat qrupunun həmsədrləri, hər iki ölkənin dövlət strukturlarının nümayəndələri, Xarkov Vilayət Administrasiyasının rəsmiləri, Xarkov şəhər Şurasının deputatları, iş adamları və politoloqlar iştirak ediblər.

Konfransın əsas məqsədi Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən infrastruktur layihələrə yatırılan investisiya potensialını dəyərləndirmək və Ukrayna iş adamlarını bu işlərlə  tanış etməkdir.
Tədbiri Azərbaycanın  Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov açaraq, 1 il bundan öncə müzəffər Azərbaycan ordusunun işğal altında olan şəhər və rayonlarımızı erməni qəsbkarlarından azad etdiyini vurğulayaraq, ötən dövr ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş bölgələrdə qlobal tikinti və yenidənqurma işlərinə start verildiyini bildirib. Zəfər günündə belə bir tədbirin keçirilməsini Ukrayna- Azərbaycan dostluğunun möhkəmlənməsinə və biznes sahəsində əlaqələrin dərinləşdirilməsinə müsbət təsir göstərəcəyini deyən fəxri konsul, Azərbaycanın işğaldan azad olunan bölgələrində  həyata keçirilən sağlam investisiya mühitindən bəhs edib. Bu mənada ukraynalı investorların da Qarabağda həyata keçirilən qlobal tikinti və infrastruktur layihələrinə cəlb olunmasının vacibliyini vurğulayıb. O, cari ilin dekabr ayında  Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsulluğunun təşkilatçılığı ilə ukraynalı iş adamlarının  Azərbaycana işgüzar səfərlərinin  təşkil olunacağını diqqətə çatdırıb. 8 Noyabr Zəfər bayramının tarixi əhəmiyyətindən söz açan   Əfqan Salmanov Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyini, bunula da bölgədə sülh və əmin-amanlığın bünövrəsinin qoyulduğunu bildirib.

Sonra onlayn konfransa qatılanlar Azərbaycanın investisiya imkanlarını özündə əks etdirən video təqdimatla tanış olublar. Tədbirdə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Azərbaycan-Ukrayna Parlamentlərarası deputat qrupunun həmsədri Rüfət Quliyev ölkəmizin işğaldan azad olunan ərazilərində görülən yenidənqurma və bərpa işləri barədə ətraflı məlumat veriblər. Xarici sərmayəçilərin Azərbaycanın işğaldan azad edilmiş rayonlarının bərpasına cəlb olunması üçün yaradılmış əlverişli investisiya  mühitindən danışıblar.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  tapşırığına əsasən Qarabağın yenidən  bərpa olunması layihələrinə  dost ölkələrin şirkətləri də aktiv şəkildə cəlb ediləcək. Ukraynanın Azərbaycanın haqq savaşında  daim yanında olduğunu minnətdarlıq hissi ilə bildirən nazir müavini, dost ölkənin iş adamlarının, böyük firma və şirkətlərinin  bölgədə həyata keçirilən infrastruktur layihələrinə qoşulmaları üçün əlverişli mühitin olduğunu vurğulayıb.

 Azərbaycan parlamentində qanunvericilik bazasının təkmilləşdirilməsi və investorların maraqlarının müdafiəsi üçün görülən işlərdən söz açan millət vəkili Rüfət Quliyev qeyd edib ki, Prezident İlham Əliyev ölkəmizdə  sağlam investisiya mühitinin qorunub saxlanılmasına xüsusi diqqət ayırır. Məhz bunun nəticəsidir ki, dünyanın ən böyük şirkətləri  Azərbaycana   davamlı sərmayə yatırımlarını davam etdirirlər.

Onlayn konfransa qatılanları Zəfər bayramı münasibəti ilə təbrik edən Azərbaycan-Ukrayna parlamentlərarası deputat qrupunun həmsədri, Ali Radanın deputatı Vladimir Kreydenko  müstəqillik tarixini qoşa addımlayan xalqlarımızın sarsılmaz dostluğundan bəhs edib. Azərbaycanın işğaldan azad olunan regionlarında böyük bərpa və yenidənqurma işlərinin aparılmasına görə fərəh hissi keçirdiyini bildirib. Bu layihələrin həyata keçirilməsində ukraynalı iş adamlarının da öz töhfələrini verməyə hazır olduğunu qeyd edib.

Tədbirdə Xarkov Vilayət Administrasiyasının rəsmiləri, Xarkov şəhər şurasının deputatları, müəssisə rəhbərləri çıxış edərək, mövzu ətrafında geniş fikir mübadiləsi aparıblar.

Onu da qeyd edək ki, Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsulluğunun təşəbbüsü ilə şəhərin mərkəzi küçə və meydanlarında xalqımızın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Gününü özündə əks etdirən biqbordlar yerləşdirilib.

 Möhsüm QƏDİROĞLU,

 “Respublika” qəzetinin Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri.