“Qardaş ailə
Sosial həyat

“Qardaş ailə" layihəsi çərçivəsində şəhid İlkin Əhədzadənin ailəsi Türkiyəyə yola salınıb

"Qardaş ailə" layihəsi çərçivəsində Vətən müharibəsi şəhidi mayor İlkin Əhədzadənin ailə üzvləri bu gün Heydər Əliyev Beynəlxalq Hava Limanından Türkiyəyə yola salınıblar.

Layihəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyi ortaq həyata keçirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Türkiyənin Sivas Cümhuriyyət Universitetinin rektoru Alim Yıldızın dəvəti ilə həyata keçirilən səfər çərçivəsində şəhidin ailə üzvləri 4 gün ərzində Sivas və ətraf şəhərlərin görməli yerləri, tarixi abidələri ilə tanış olacaqlar.

Səfər zamanı bir sıra rəsmilərin şəhid ailəsi ilə görüşləri də nəzərdə tutulub.

AZƏRTAC