Qardaş köməyi
Digər xəbərlər

Qardaş köməyi

Bu il fevral ayının 6-da baş verən zəlzələlər Türkiyədə kütləvi insan tələfatına və genişmiqyaslı dağıntılara səbəb oldu. Hər zaman olduğu kimi, Azərbaycan yenə qardaş ölkənin yanındadır. "Bir millət, iki dövlət" kəlamına uyğun olaraq Türkiyə və Azərbaycanın istər sevincli, istərsə də kədərli günlərdə birlikdə olması bir daha təsdiqini tapdı.

Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatının və yaralıların olması ölkəmizi dərindən kədərləndirdi. Dövlətimizin sadə vətəndaşlarından tutmuş, dövlət və özəl qurumlarına qədər hər kəs Türkiyəyə dəstək olmaq üçün bir araya gəldilər. Azərbaycanın iş adamları, şirkət rəhbərləri də yardım prosesində fəal iştirak edərək Türkiyəyə öz yardım əllərini uzadırlar. "UPS Construction" və "BİN Group" şirkəti də yardıma qoşulanlar arasında yer alır. Belə ki, şirkət tərəfindən kömək məqsədilə Türkiyəyə konteynerlər göndərilmişdir. Qeyd edək ki, müəssisənin əsas fəaliyyət istiqamətlərindən biri də məhz konteyner istehsalıdır. Şirkət tərəfindən ilk olaraq Türkiyəyə 4 ədəd konteyner yola salınmışdır. "UPS Construction" şirkətinin direktoru Nihad Mustafazadə konteynerlərin quruluşu barədə məlumat verib: "Hazırladığımız konteynerlər minimum iki ailənin yaşayışı üçün nəzərdə tutulmuş və otaqlara bölünmüşdür. Bundan əlavə, otaqlar sanitar qovşağı və mətbəx ilə də təmin olunmuşdur". Şirkətin gördüyü işlər digər fabriklərdə, eləcə də dövlət orqanlarında xüsusi maraq oyatmışdır. Bu məqsədlə, Azərbaycanın Türkiyəyə göndərəcəyi konteynerlərin əksər hissəsinin istehsalı da məhz onlara tapşırılıb. Şirkətlər gün ərzində 8-10 konteyner istehsal edir və onları qardaş ölkəyə yola salırlar. Növbəti aylarda dəstək məqsədilə 100-dən çox konteynerin də Türkiyəyə yola salınması planlaşdırılır.

Qeyd edək ki, "UPS Construction" və "BİN Group" şirkətləri 44 günlük müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işlərinə də töhfə vermişlər. Şirkətlər Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən dislokasiyaların qurulması, hərbi obyektlərin formalaşması işinə cəlb olunmuşlar. Hazırda Qarabağ bölgəsində gedən yenidənqurma və bərpa işlərində çalışan işçi heyəti sözügedən şirkətlərin istehsal etdiyi konteynerlərlə təmin olunub. Prezident Administrasiyasının təşkilatçılığı və yerli icra orqanlarının dəstəyi ilə gələn sifarişlər sürətlə hazırlanaraq Qarabağ bölgəsinə göndərilir. Ərazidə aparılan tikinti-quruculuq işləri bir daha Azərbaycan dövlətinin gücünün və potensialının göstəricisidir.

Nəzrin ELDARQIZI,

"Respublika".