Türk dünyası

"Qardaş köməyi" humanitar yardım missiyası davam edir

Fevralın 6-da Türkiyədə 50 mindən çox vətəndaşın ölümünə səbəb olan zəlzələdən dərhal sonra Azərbaycan bu ağır fəlakətin nəticələrinin aradan qaldırılması üçün bütün imkanlarını səfərbər etdi. Azərbaycan xilasediciləri zəlzələnin baş verdiyi ilk gündən axtarış-xilasetmə işlərinə qoşuldular. Hava quru yolu ilə humanitar yardımlar çatdırıldı çatdırılmaqda davam edir. Ümumilikdə indiyədək bölgəyə 940 nəfər xilasedici, tibbi personal könüllü dəstələri, 5300 tondan artıq humanitar yük göndərilib, eyni zamanda zəlzələ bölgəsində çalışan aidiyyəti təşkilatlar vasitəsilə 45 milyon ABŞ dollarından artıq maddi yardım göstərilib. Rəsmi Bakı bundan sonra da zəlzələlər nəticəsində böyük insan tələfatı, o cümlədən dağıntılarla üzləşən qardaş Türkiyə ilə həmrəy olacağını müxtəlif platformalarda açıq-aydın şəkildə bəyan edib.

Bu məqsədlə martın 16-da Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşü keçirilib. TDT Xarici İşlər Nazirləri Şurasının Ankarada baş tutan toplantısında zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində beynəlxalq ictimaiyyət, o cümlədən TDT- üzv müşahidəçi dövlətlər tərəfindən qısa müddət ərzində axtarış xilasetmə dəstələrinin, habelə humanitar yardımların göndərilməsinin böyük mənəvi əhəmiyyət daşıdığı qeyd olunub. Bu xüsusda, Azərbaycanın XİN başçısı Ceyhun Bayramov fəlakətin baş verdiyi ilk andan etibarən qardaş Türkiyənin yanında olan Azərbaycanın bundan sonra da dağıntılara məruz qalmış ərazilərin yenidən qurulmasında Türkiyə Respublikasına dəstəyi davam etdirəcəyini diqqətə çatdırıb.

Martın 20- isə xarici işlər naziri dediyi sözlərin əməldə icra olunacağının mesajını verib. Avropa İttifaqının üzvləri, qonşu tərəfdaş ölkələr, "Böyük İyirmilik", Körfəz Əməkdaşlığı Şurası ölkələri, BMT, digər beynəlxalq təşkilatlar, o cümlədən beynəlxalq, habelə Avropa maliyyə institutlarının təmsil olunduğu "Türkiyə Suriyadakı insanlar üçün birlikdə" adlı Beynəlxalq Donorlar Konfransında çıxış edən C.Bayramov Azərbaycanın qardaş ölkədə zəlzələdən sonrakı bərpa quruculuq işlərində nəticə yönümlü maddi texniki dəstəyin göstərilməsini davam etdirəcəyini diqqətə çatdırıb. O, Azərbaycanın bölgədə yaşayış binalarının, sosial obyektlərin təhsil ocaqlarının tikintisini həyata keçirə biləcəyini açıqlayıb. Məlum olub ki, rəsmi Bakı bu istiqamətdə 100 milyon dollar məbləğində vəsaitin ayrılmasını nəzərdə tutur.

Bu isə heç təəccüblü deyil. Çünki Azərbaycan heç bir zaman köməyə ehtiyacı olanları yarı yolda qoymayıb. Söhbət can bir qardaşdan gedəndə isə yardım fəaliyyətlərinin davam etdirilməsi mənəvi borc hesab olunur. Xatırlamaq lazımdır ki, qardaş Türkiyədə baş verən zəlzələdən sonra, ilk dəqiqələrdən etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi çağırışı ilə bütün Azərbaycan səfərbər oldu. Təbii fəlakətdən qısa zaman sonra 12 qeyri-hökumət təşkilatının təmsilçilərinin iştirakı ilə "Qardaş köməyi" platforması yaradıldı. Sonradan dəstək vermək üçün platformaya bütün qeyri-hökumət təşkilatları, adamları, assosiasiyalar da qatılaraq dəstəklərini əsirgəmədilər. Təşkilatlarla yanaşı, Azərbaycan xalqı da platformanın fəaliyyətinə maddi-mənəvi dəstək göstərdi, bütün güclərini səfərbər edərək "Səninləyik Türkiyə" dedilər. Bu dəfə "bir millət, iki dövlət" olmağı bacardılar. "Qardaş köməyi" isə çətin günlərin qardaşlığının sloqanına çevrildi. Bu sözü əbəs yerə demirik. Belə ki, "Qardaş köməyi" təşkilatı Birinci Dünya müharibəsi illərində Azərbaycanın bir sıra yaşayış məntəqələrində fəaliyyət göstərib. Təşkilatın əsas məqsədi müharibədə əsir düşmüş türk əsgərlərinə, kimsəsizlərə yardım etmək, müalicə olunmalarına kömək göstərmək, onları ərzaqla, geyimlə təmin edib vətənlərinə yola salmaq idi. Yəni Osmanlı dövləti ölüm-qalım savaşı verərkən azərbaycanlı ziyalıların qurduğu xeyriyyə cəmiyyətləri Anadoludakı qardaşlarının yardımına tələsirdilər.

İndiki məqamda Türkiyədə zəlzələdən sonra bərpa-quruculuq işləri üçün ayrılan 100 milyon dollar vəsait onu deməyə əsas verir ki, "Qardaş köməyi" öz tarixi missiyasını davam etdirir etdirəcək.

Jalə QASIMZADƏ,

"Respublika".