Qardaş Türkiyədə törədilən terror hamımızı sarsıtdı
Digər xəbərlər

Qardaş Türkiyədə törədilən terror hamımızı sarsıtdı

Terror Türkiyənin illərdir üzləşdiyi bir bəladır. Təxminən 40 ildir ki, Türkiyə xalqı hər cür terrora məruz qalır. Hiyləgər hücumlar, kamikadzelər, bomba yüklü maşınlar... Terroru törədən mənbənin adı həmişə eyni olub. - PKK, YPG və başqa bu kimi cinayət şəbəkəsi. Noyabrın 13-də İstanbulun İstiqlal prospektində törədilən növbəti ağır terror aktı zamanı 6 nəfər həyatını itirib, 81 nəfər yaralanıb. Qanlı hücumu həyata keçirən qadın terrorçunun tutulduğu əməliyyatın görüntüləri yayımlanıb. Terrorla Mübarizə Şöbəsi qrupları terror aktını törədən qadını ələ keçirib.

Terror aktı ilə bağlı açıqlama verən daxili işlər naziri Süleyman Soylunun sözlərinə görə, istintaqda hücumun izlərinin Suriyaya getdiyini göstərən sübutlar var: "Təxminlərimizə görə, təlimat Kobanidən, hücumu törədən isə Afrindən gəlib". Bundan əlavə, hadisədən dərhal sonra polis partlayışda əli olmaqda şübhəli bilinən 21 nəfəri saxlayıb. İstintaqın dəlilləri partlayışın PYD (PKK terror təşkilatının Suriya qolu olan YPG-nin hərbi qanadı) tərəfindən təşkil edildiyini göstərir. Terrorçu qadın PKK/PYD/YPG terror təşkilatı tərəfindən xüsusi kəşfiyyatçı kimi yetişdirildiyini və Afrin üzərində hərəkətə keçmək üçün qeyri-qanuni yollarla Türkiyəyə daxil olduğunu etiraf edib. Terrorçu həmçinin bildirib ki, PKK/PYD/YPG terror təşkilatı Suriyanın Kobani şəhərindəki qərargahından hərəkət əmri alaraq bazar günü terror aktını həyata keçirib. "Bir daha vurğulayıram ki, bizə bu ağrıları yaşadanlar tezliklə daha sərt cavab alacaqlar", - deyə nazir əlavə edib. Türkiyədəki bu kamikadze hücumu bütün dünyada ciddi əks-səda doğurdu.

Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulun mərkəzində törədilmiş partlayış nəticəsində insanların həlak olması ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana göndərdiyi başsağlığı məktubunda deyilir ki, "İstanbulun mərkəzində törədilmiş xain partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərindən olduqca sarsıldıq. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm". Azərbaycan hər zaman olduğu kimi, bu faciə yaşanan günlərdə də Türkiyənin yanındadır. Ölkəmiz insanlığa qarşı törədilən cinayəti qətiyyətlə pisləyir.

Azərbaycan terrordan ən çox əziyyət çəkən ölkələrdən biridir. Qeyd edək ki, Ermənistanın, erməni diasporunun maliyyə və təşkilati yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter almışdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olmuşdur. Onlardan bəzilərini yenidən xatırlayaq.

16 sentyabr 1989-cu ildə "Tbilisi-Bakı" marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 5 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır. 1990-cı il fevral ayının 18-də Yevlax-Laçın yolunun 105-ci km-də "Şuşa-Bakı" marşrutu ilə hərəkət edən avtobus partladılmış, çoxlu insan təlafatı olmuşdur. 11 iyul 1990-cı ildə "Tərtər-Kəlbəcər" sərnişin avtobusu partladılmış, dinc əhali olan maşın karvanına qarşı terror aksiyası həyata keçirilmiş, nəticədə 14 nəfər qətlə yetirilmiş, 35 nəfər yaralanmışdır. Rusiya Federasiyası Dağıstan Respublikasının Xasavyurd stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarının 1991-ci il may ayının 30-da partladılması nəticəsində 11 nəfər həlak olmuş, 22 nəfər yaralanmışdır. 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" vertolyotunun atəşə tutulması nəticəsində vertolyot heyəti və sərnişinlər - Azərbaycanın görkəmli dövlət və hökümət nümayəndələri, ümumilikdə 19 nəfər həlak olmuşdur. 1992-ci ilin yanvar ayında erməni terrorçu dəstələri Kərkicahan qəsəbəsində 80 nəfər, 1992-ci ilin fevral ayında Xocavənd rayonunun Qaradağlı kəndində 77 nəfər və 26 fevral 1992-ci il tarixdə Xocalı şəhərində 613 nəfər dinc sakini qətlə yetirmiş, 650 nəfəri isə yaralamışlar. 2 iyun 1993-cü il. Bakı dəmir yolu vağzalında sərnişin qatarının vaqonunun partladılması nəticəsində dövlətə külli miqdarda maddi ziyan dəymişdir. Partlayışın icraçısı Rusiya vətəndaşı İqor Xatkovski Ermənistan Respublikası Milli Təhlükəsizlik Baş İdarəsi kəşfiyyat şöbəsinin rəisi, polkovnik Caan Ohanesyan tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək, casusluq və terrorçuluq məqsədilə Azərbaycana göndərildiyini, böyük insan tələfatı ilə nəticələnəcək partlayışlar törətmək tapşırığı aldığını etiraf etmişdir. İstintaq zamanı sübuta yetirilmişdir ki, həmin qrup 1992-1994-cü illərdə Rusiya ərazisindən Bakıya gələn sərnişin qatarlarında silsilə partlayışlar törətmişdir.

19 mart 1994-cü il. Bakı Metropolitenin "20 Yanvar" stansiyasında törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdır. Məhkəmə sübut etmişdir ki, terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanmış, separatçı "Sadval" təşkilatının üzvləri tərəfindən həyata keçirilmişdir. Müəyyən olunmuşdur ki, "Sadval"ın həmin fəalları 1992-ci ildən etibarən dəfələrlə Ermənistanda olmuş, bu ölkənin Milli Təhlükəsizlik Baş İdarəsi təşkilatın formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak etmişdir. 1992-ci ilin aprel-may aylarında 30 nəfər milliyyətcə ləzgi olan Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi terror-təxribat hazırlığı keçmişdir. İstintaq zamanı müəyyənləşdirilmişdir ki, təxribatçılar təlimata uyğun olaraq, "20 Yanvar" stansiyası ilə yanaşı Bakının "Nizami" kinoteatrında, Respublika sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırmışlar. "20 Yanvar" metro stansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilmişdir. 13 aprel 1994-cü ildə Dağıstan Respublikasının "Daqestanskiye Oqni" stansiyası yaxınlğında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, 6 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır. 3 iyul 1994-cü il. Bakı Metropolitenin "28 May" və "Gənclik" stansiyaları arasında elektrik qatarındakı partlayış nəticəsində 13 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır.

Dinc əhaliyə qarşı törədilən hadisələr bütün bəşəriyyətə qarşı cinayətdir. Bütün bunlar, eləcə də oxşar coxsaylı hərbi cinayətlər, son illərdə törədilən Edilli faciəsi, Gəncənin dinc sakinlərinin raket atəşinə tutulması terror aktları dəhşətli mənzərə yaradır. Ermənilər daha nə etməlidir ki, dünya onları terror dövləti kimi tanısın. Bu gün demək olar ki, terror və terrorun yaratdığı faciələr dünya miqyasında ən təhlükəli cinayətlərdən sayılır. Heç bir ölkə terrordan sığortalanmayıb və heç bir ölkə terroru təkbaşına aradan qaldıra bilməz.

Mustafa KAMAL,

"Respublika".